SON XƏBƏR

Xocalı faciəsi qurbanlarının xatirəsi muxtar respublikanın rayonlarında anılıb

Fevral 27
12:25 2016
Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında Xocalı faciəsi qurbanlarının xatirəsi dərin ehtiramla yad edilib.
 
AZƏRTAC xəbər verir ki, fevralın 26-da Şərur şəhərindəki "Bahar” kinoteatrında Xocalı soyqırımına həsr olunan anım tədbirinin iştirakçıları əvvəlcə kinoteatrın foyesində təşkil edilən sərgidə Xocalıda baş verən qanlı faciələri əks etdirən fotoşəkillər, qəzet və jurnal materialları, kitablar, məktəblilərin bu mövzuda işlədikləri rəsm əsərləri ilə tanış olublar. Aparıcılar Xocalı faciəsi, həmçinin ermənilər tərəfindən xalqımıza qarşı 200 ildən artıq bir müddətdə dəfələrlə törədilən soyqırımı faktları barədə məlumat veriblər.
 
Qeyd olunub ki, 24 il bundan əvvəl bəşəriyyət daha bir erməni vandallığının şahidi olub. Dünyanın hər tərəfində sülhsevər insanlar bu vəhşi hərəkətin soyqırımı kimi tanınmasını tələb edir, erməni vəhşiliyinin növbəti və dəhşətli nəticələrinin soyqırımı aktı kimi qəbul edilməsini istəyir. Sonra "Xocalıda son gecə” adlı sənədli film nümayiş etdirilib.
 
X X X
 
Xocalı faciəsinin 24-cü ildönümü Babək rayonunda da dərin hüzn və ehtiramla anılıb. Rayon ictimaiyyətinin nümayəndələri Babək qəsəbəsindəki Mədəniyyət Evinə gələrək Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin Xocalıya həsr olunan, ümumilikdə, 100-dək rəsm əsərinin nümayiş etdirildiyi sərgiyə baxıblar. Sərgidə, həmçinin faciənin miqyasını özündə əks etdirən çoxsaylı şəkillər, qəzet və kitablar nümayiş olunub.
 
İctimaiyyət nümayəndələri ermənilərin və havadarlarının azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı, deportasiya siyasətini özündə əks etdirən stendlərə, rayondakı tam orta məktəblərin istedadlı şagirdlərinin rəsm əsərlərinə də baxıblar.
 
X X X
 
Ordubad rayonunda da Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Rayon Mədəniyyət Evində keçirilən tədbirin iştirakçıları əvvəlcə faciənin ildönümü münasibətilə təşkil edilən sərgiyə baxıblar.
 
Tədbirdə Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün görülən işlər barədə danışılıb. Sonra mərasim iştirakçıları "Sözün bitdiyi zaman” sənədli filmini izləyiblər. Əsas süjet xəttinin uzun illər ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı siyasətinin tarixi xronologiyasına həsr olunduğu film erməni vandalizminin son mərhələsi olan Dağlıq Qarabağın işğalı zamanı ermənilər tərəfindən törədilən vəhşiliklərdən bəhs edir.
 
X X X
 
Kəngərli rayonunda Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə anım mərasimi keçirilib. Əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən əl işlərindən, fotoşəkillərdən, rəsm əsərlərindən, qəzet, jurnal və kitablardan ibarət sərgiyə baxıblar.
 
Tədbirdə AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, dosent Emin Şıxəliyev bildirib ki, Xocalı soyqırımının şahidi olan müxtəlif xarici ölkə jurnalistləri onu bəşəriyyətin böyük faciəsi adlandırıblar. Bu gün müstəqil Azərbaycan dövlətinin gündən-günə inkişaf edib möhkəmlənməsi və hərbi qüdrətini artırması Xocalı soyqırımı kimi faciələrin bir daha baş verməməsi üçün ən etibarlı təminatdır.
 
X X X
 
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Culfa rayonunda keçirilən anım tədbirində rayon icra hakimiyyətinin, təhsil, mədəniyyət, səhiyyə müəssisələrinin, digər qurumların kollektivləri, ictimaiyyətin nümayəndələri şəhər 3 nömrəli tam orta məktəbdə faciənin dəhşətlərini əks etdirən şəkillərdən, qəzet, jurnal materiallarından, kitablardan ibarət sərgiyə baxıblar. Sərgidə rayon məktəblilərinin Xocalı soyqırımı ilə bağlı çəkdikləri rəsmlər də diqqət çəkirdi.
 
X X X
 
Şahbuz rayonunda da xalqımızın qan yaddaşına yazılmış Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib. Şahbuz şəhərində keçirilən mərasimdə ictimaiyyət nümayəndələri, ziyalılar, idarə və müəssisə kollektivləri iştirak ediblər. Əvvəlcə "Bir gecənin fəryadı” adlı sərgiyə baxış olub.
 
Mərasimin aparıcıları bildiriblər ki, 1992-ci ildə azğınlaşmış erməni quldur dəstələrinin və onların havadarlarının Xocalıda törətdiyi soyqırımı tarixdə misli görünməmiş vəhşilikdir. Azərbaycanın Xocalı şəhərini yerlə-yeksan edən erməni terrorçuları bir gecədə yüzlərlə dinc sakini qətlə yetirib, evlərə od vurub yandırıb.
 
X X X
 
Sərhəd bölgəsi olan Sədərək rayonunda da Xocalı faciəsinin 24-cü ildönümü münasibətilə anım mərasimi keçirilib. Mərasim iştirakçıları Sədərək Rayon İcra Hakimiyyəti binasının foyesində təşkil edilmiş sərgiyə baxıblar. Sərgidə qanlı faciədən bəhs edən əsər və məqalələr, faciənin dəhşətli məqamlarını əks etdirən fotoşəkillər və rayonun ümumtəhsil məktəbləri şagirdlərinin əl işləri, rəsm əsərləri nümayiş olunub.
 
Tədbirdə çıxış edən Sədərək kənd 1 nömrəli tam orta məktəbin müəllimi Polad Rzazadə bildirib ki, Xocalı faciəsi beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistan dövlətinin Dağlıq Qarabağı özünə birləşdirmək üçün ən ağır cinayət və vəhşiliyə hazır olduğunu bir daha göstərib.
 
Diqqətə çatdırılıb ki, Qarabağda baş verən hadisələr zamanı Sədərək rayonu da hücumlara məruz qalıb. Ümumilikdə, mənfur erməni yaraqlıları 1990-1993-cü illərdə Sədərəyə 14 dəfə hücum edib. Həmin ağır günlərdə 109 nəfər şəhidlik zirvəsinə ucalıb. Sədərək bu bölgədə doğulub boya-başa çatan və şəhidlik zirvəsinə ucalan 52 vətənpərvərin yurd yeridir. Onların və ümumilikdə, ərazi bütövlüyümüz uğrunda şəhid olan insanların xatirəsi Sədərəkdə daim uca tutulur.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook