SON XƏBƏR

Xətai rayonunda təbiəti məhv edən kimlərdir? - FOTO

May 03
14:05 2023
Son vaxtlar Xətai rayonunda sözün əsl mənasında ekoloji terror həyata keçirilir. Yaşıllıqlar əvvəlcə hasara alınır, sonra isə bir gecənin içində məhv edilir. Bununla bağlı problemi son 1 ayda 2 dəfə işıqlandırmışıq. Amma hələ də acınacaqlı proses dayanmır.

Xətai rayonu Məhəmməd Hadi küçəsindəki "Yellow market”lə üzbəüz ərazi mart ayının sonlarında hasara alındı. Hasara alınan ərazidə xeyli sayda iri ağac var idi. Lakin, aparılan tikinti işləri zamanı həmin ağaclar məhv edildi. Bununla bağlı həm Xətai rayon İcra Hakimiyyəti, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların qırılma təhlükəsinin olmadığını demişdilər. Çox təəssüf ki, deyilənlər olmadı. Xeyli ağac məhv edildi.

Bu günlərdə rayon ərazisində yaşayan sakinlər yenidən redaksiyamıza müraciət ediblər. Rayon ərazisində məhv edilməkdə olan yaşıllıqların fotoları redaksiyamıza göndərilib.

Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətindən Bizim.Media-ya bildirdi ki, tikinti sahələri üçün yeri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müəyyən edir:

"Yaşıllıqlara isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzarət edir. Ona görə də biz bir çox məsələlərdə çarəsiz qalırıq. Yalnız müvafiq göstəriş olanda və yaxud qanunsuz tikinti işləri aparılanda müdaxilə edə bilirik. Çünki, tikinti aparan şəxslərin hamısının əlində sənədi olur. Belə vəziyyətdə isə biz heç nə edə bilmirik”.

Bizə ünvanlanan fotofaktları müvafiq olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərdik. Nazirlikdən bildirildi ki, faktlar araşdırıldıqdan sonra məlumat veriləcək.

Ona görə də mövzunu diqqətdə saxlayacağıq.
 
Mənbə: Bizim.Media
 
Qlobal.Az
 

 
 


 

 

 

 

 

 






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook