SON XƏBƏR

Xəlfəlilər: "Qaz problemimiz həll olunmasa küçələrə çıxacağıq"

Oktyabr 25
20:46 2021
Xəlfəlilər deyir, qaz problemi yaxın vaxtda həll olunmasa, yol bağlamaqdan, icra hakimiyyətinin qarşısına toplaşmaqdan başqa çarələri qalmayacaq

"Deyir, meşəyə yaxın getsən, bir çırpıya toxunsan, qanun qarşısında cavab verəcəksən, ancaq düşünmür ki, kənddəki bu qədər qoca, körpə, xəstə insan qarşıdan gələn qışı necə keçirəcək? Meşəyə girə bilmirik, yaxın gedən kimi cərimə kürəyimizdədir. Yaxşı, bəs biz necə yaşayaq, necə idarə edək?”

Meydan TV-yə üz tutan İmişlinin Xəlfəli kənd sakinləri kənddəki qazsızlığı əvvələr odunla idarə edirlərmiş, ancaq son illər tətbiq olunan qadağalar kəndlilərin əlini boşa çıxarıb.

"Yerin altı qaz yataqları, yerin üstüdə donuruq”

"Evdə dörd uşaq var, hamısı da azyaşlıdır, 81 yaşında xəstə anam var, həyat yoldaşım da yenicə əməliyyatdan çıxıb. Bir maşın odunun qiyməti 400 manata yaxındır. Bilirsiniz ki, kənd evləridə aynabəndlərin sahəsi iri olur. Bir maşın odun ikimərtəbəli evin, hamamın isidilmsinə, məişətdə istifadəyə hec ayyarım davam gətirmir. Qaz olsa, isitmə sistemi qurarıq, evlərimizi istədiyimiz kimi isidərik. Axı Azərbaycan təkcə paytaxtdan ibarət deyil. Bölgələrdəki də bu ölkənin vətəndaşlarıdır. Yerin altı qaz yataqları, yerin üstündə soyuqdan donuruq. Qarşıdan sərt qış gəlir, hökumət bu məsələnin çarəsinə baxmalıdır. İllərdir ki, zülm içindəyik”, - kənd sakinlərindən biri deyir.

"Xaricə qaz ötürürük, özümüz oğurluq odunla isinirik”

"Bu yaxınlarda yenə prezidentimiz Avropaya qaz nəqliylə bağlı danışırdı. Təsəvvür edin ki, Xəlfəlidə soyuq evdə yorğana bürünüb bunları televizordan eşidən kəndlidə qəzəb yaranır. Niyə az qala dünyanın yarısına qaz ötürürlər, ancaq kənddə-kəsəkdə donan xalqı düşünmürlər? Xaricə qaz ötürürük, özümüz oğurluq odunla isinirik. Bəli, odun almağa imkanı olmayan məcburdur ki, həyatını riskə atıb, balası, xəstə valideyni soyuqdan donmasın deyə, əlinə balta alsın, meşəyə girsin, ağac kəssin. Biz də bu ölkənin yeraltı, yerüstü sərvətlərindən yararlanıb firavan yaşamaq istəyirik”, - adının açıqlanmasını istəməyən kənd sakini söyləyib.

"Qaz verilməsə, məcburuq ki, küçələrə çıxaq”

Xəlfəlilər adından danışan bir qrup kənd sakini deyir, qaz problemi yaxın varda həll olunmasa, yol bağlamaqdan, icra hakimiyyətinin qarşısına toplaşmaqdan başqa çarələri qalmayacaq: "Bir deyil, iki deyil, xeyli kənddə eyni problem yaşanır. Qonşuluqdakı Qulubəyli, Hacalmuradlı, Ağamalılar kəndlərində də eyni vəziyyətdir. Həyətlərimizdəki ağacları da ötən illər ərzində kəsib bitirmişik. Biz görmüşük ki, ağacı meyvə gətirsin deyə əkərlər, ancaq biz hər il ağac əkirik ki, qışa qədər bir azca qol-budaq atsın, kəsib odun kimi istifadə edək. Əhali bir işarəyə bənddir ki, ayağa qalxsın, yol kəssin, icra hakimiyyətinin qarşısına axışsın. Bu qədər kəndin əhalisi küçəyə axışsa, qarşısını almaq olmayacaq, bıçaq sümüyə dirənib. Bu vətənin sərvətlərinə bizim də haqqımız çatır və biz haqqımız olanı istəyirik, tələb edirik”.

"Yaxın iki il ərzində bütün kəndlər qazlaşdırılacaq”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi məlumatına görə, qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı mərkəzlərinin xidməti ərazilərində odun tədarükü davam edib: "Ölkə üzrə 5 oktyabr 2021-ci il tarixində ümumilikdə 1 min 447 kubmetr həcmində odun tədarük olunub".

İmili Rayon İcra Hakimiyyətindən bildirilib ki, əhalinin mavi yanacaqla bağlı müraciətləri mütəmadi olaraq aidiyyəti üzrə "Azəriqaz” İB İmişli QİS-nə (Qaz İdarəsi) yönləndirilir. Qaz İdarəsindən isə Meydan TV-yə bildirilib ki, kəndlərin qazlaşdırılması mərhələli qaydada həyata keçirilir. Hazırda 20-dən çox kənddə qazlaşdırma işləri aparılır. Qeyd olunan kəndlər bir-birinə qonşudur və həmin kəndlər də yaxın 2 il ərzində qazlaşdırılacaq. Bununla bağlı texniki məsələlər müzakirə olunur.

Xəlfəli kəndinin 3 minə yaxın əhalisi var. Kənd əhalisi əsasən heyvandarlıq və əkinlə məşğul olur.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook