SON XƏBƏR

Xan mülkü Tarxan – Müasir Lermontov şəhər- ARAŞDIRMA

Sentyabr 19
23:01 2016
Öz geniş köksündə qədim türk kitabələrini- yazılı yazısız şahid abidələri, torpaqlar altında yatan əcdadlarımızın türk əzəmətini dağa çevirən kurqanlar daşlarda türk imzası – tamğalar... İndi yad hüdudlara sığınmış və ya əslindən kökündən şübhəli, amansız bir soyuqluqla ayrılıb qopan, dəyişən-dəyişdirilən türk soylarının ana yurdu yadigarları nə qədər, hüznlü dayanıb dursalar da göz dağı olmaq qədər canlı faktlardır.
 
Penza torpağı tatarların, çuvaş və mordvalıların ilk vətənidir. Vaxtilə Volqa və Don çayları arası vadidə Tarxan kəndi Penza quberniyasının Çembar (Çəmbər) dairəsinə məxsus idi.
 
Pyotrun vaxtında bu mülk çar sarayında şərəfli süfrəçi (stolnik, masabəyi) ünvanlı Mixail Arqamakova mənsub idi (İndi vilayət ərazisində ayrıca Arqamakov adlı yaşayış məntəqəsi qalmaqdadır). Kənd sonra çar Pyotrun ana babası Narışkinlərə keçir. Məhz onların dövründə tatar məskəni Tarxana rus kəndliləri köçürülməyə başlamışdı. Rusiyanın adlı-sanlı nəsillərindən olan Stolipinlərin mülkü olduqdan sonra Tarxan rus şairi Mixail Lermontovun ana nənəsinə (qızlıq familiyası Stolıpina) cehiz olaraq verilir. Və beləliklə mülk Arsenevlərə keçir. Qədim Moskva zadəganlarından olan Arsenevlərin özünün də türk (bulqar) əsilli ruslardan olduğunu nəzərə almaq lazımdır. (Arsenevlər soyu 1389-cu ildə xristianlığı qəbul edən qızıl Orda əyanı Arslan Murzadan başlayır) Tarxan adı burada anadan olmuş və nənəsinin kəndində uşaqlıq illərini keçirən Mixail Lermontovun (1814-1841) şərəfinə 1944-cü ildə dəyişdirərək Lermontovo adıyla əvəz edilmişdir. Sovet addəyişmə kampaniyasına uyğun belə dəyişdirilmələr gülünc təsir buraxır: demək böyük Rus şairi Lermontov Lermontovoda doğulmuş...
 
Tarixi və bədii əsərlərdə kəndin əsil türk adı istifadə edilir: Tarxan kəndi Çəmbərdən şərqdə poçt yolundan 14 verst aralıda  yerləşir. Tarixi türk yurdu Tarxan ətrafında Arşinovka, Axmatovka, Bayka, Beketovka, Kazarka, Karamalı, Kurqanovka, Otorma, Raxmanovka, Saltıkovka, Yaksarka, Tatar və s. yaşayış məntəqə adları qədim uzaq keçmişlə - Bulqar mədəniyyəti ilə, Xəzər dövrü ilə səsləşir.
 
Lermantov qabaqcıl rus şairlərindən biri idi. Coşqun ruhlu şeirlərinin bir çoxu Qafqaza, onun gözəlliklərinə və yerli xalqların azadlıq müharibəsi aparan mücahidlərinə həsr edilmişdir. Dostu Rayevskiyə məktubunda türk dilini öyrənməyə başladığını, bu dili bilməklə nəinki Qafqazda, habelə Asiyada keçinmək mümkün olduğunu deyərək türk dilinin mövqeyini düzgün qiymətləndirmişdi.
 
Penza torpağında bu qədim ad böyük keçmişə malikdir; Tarxan, Tarkan hunlardan başlamaqla, xəzər, bulqar və b. türk və monqol xalqlarında təltif, rütbə, yüksək titul bildirirdi. Qədim Rusiyada Qızıl Orda hakimiyyəti dövründə tarxan torpaqları, mülkiyyəti var idi. Bu mülklər feodalın özü kimi (tarxan) toxunulmaz sayılır və dövlət vergilərindən azad idi.
 
Radlova əsaslanaraq etimoloq Fasmer də tarxan sözünün qədim türkcə tarkan "rütbə" (şərəf, ləyaqət) demək olduğunu göstərir. Belə ki, Tarxan- tarkan qədim hunlar, xəzərlər, bulqarlar və s.də yüksək rütbə sayılırdı. Geniş yayılmış Tarxan yer adları vaxtilə həmin torpaqların Tarxan torpaqları olduğunu göstərməkdədir. Tarxan "vergi və mükəlləfiyyətlərdən azad təbəqə; yüksək dövlət məmuru” mənasında da bir çox dillərə, o cümlədən fars, erməni, gürcü və bir çox slav dillərinə keçmişdir. Rus soyadları (həmçinin erməni, gürcü) içərisində "tarxan"la əlaqədar soyadlarının (Tarxanaşvili, Tarxanov, Tarxantsev, Tarxanyuk, Tarxanovski, Tarxanyan və s.) varlığı da vaxtilə tarxanların ruslarda xüsusi təbəqə olduğunu bildirməkdədir.
 
Rus dilindəki "Tarxanı aldadan (yenən) hələ anadan doğulmamış...” atalar sözü tarxanların cəmiyyətdəki güclü mövqeyinə işarədir.
 
Tarixən şərəf ünvanı olan bu termin arxaikləşsə də ağızlarda "azad, sərbəst adam” mənasında yaşamaqdadır. Müasir rus dilindəki (Maks Fasmer lüğətində qeyd olunduğu üzrə) tarxan "tədarükçü, xammal alıcısı, qolçomaq”, habelə Tarxan və Tarxanov şəxs adları və soyadları və geniş türk dünyası xəritələrində yer adı olaraq (çoxlu sayda Tarxan adlı yaşayış məntəqələri və həmçinin Astarxan, Alma Tarxan, Tarxanqut, Tarxan Sunak, Tup Tarxan və s.) toponimləri Qızıl Orda dövründə seçmə təbəqə sayılan tarxanların adı ilə əlaqədardır. Misirdə türklərin hakimiyyəti dövrü ilə səsləşən qədim nekropol adı olan Tarxan, Bakının coğrafiyasında Tarxan adı (Pirallahı yarımadasında ərazi adı), tariximizin böyük şəxsiyyətlərindən biri olan Qaraqoyunlu Rüstəm Tərxan – Uzun Həsənin müasiri, sərkərdə və canlı nitqdə azad, sərbəst, tam ixtiyara malik adam anlamında "tərxan böyümək; tərxanı gəzmək” və s. həmin mənalarını ehtiva edir.
 

Professor
Minəxanım Təkləli
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook