“Xalq təbabətinin unudulmuş reseptləri (Qərbi Azərbaycan, Şərqi Zəngəzur və Qarabağ icmalarının yaddaşlarından)” adlı kitab işıq üzü görüb
Yanvar 12
16:51
2024
Elm və Təhsil nazirliyinin Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevanın "Xalq təbabətinin unudulmuş reseptləri (Qərbi Azərbaycan, Şərqi Zəngəzur və Qarabağ icmalarının yaddaşlarından)” adlı kitabı çap edilib.
Qlobal.az xəbər verir ki, kitab "Azərbaycan florasında yayılan dərman bitkilərinin istifadəsi perspektivləri" adlı elmi tədqiqat proqramı çərçivəsində ərsəyə gəlib.
Kitabın elmi redaktorları AMEA-nın vitse-prezidenti, akademik, biologiya elmləri doktoru, professor İradə Hüseynova və BDU-nun Biologiya fakültəsinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri AMEA-nın müxbir üzvü Elşad Qurbanov, rəyçiləri isə Botanika İnstitutunun icraçı direktoru, biologiya elmləri doktoru, professor Şakir Qasımov, İnteqrativ Təbabətdə Elmi Araşdırmalar Mərkəzinin direktoru, Azərbaycan Tibb Universitetinin Elmi- Tədqiqat Mərkəzinin "Patoloji proseslərin modelləşdirməsi və eksperimental terapiyası” şöbəsinin müdiri, tibb elmləri doktoru, professor Fikriyə İbrahimova və Azərbaycan Tibb Universitetinin Farmakoqnoziya kafedrasının müdiri, əczaçılıq elmləri doktoru, professor Cavanşir İsayevdir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin, xalqımızın və rəşadətli ordumuzun sayəsində 30 il el-obasından ayrı düşmüş soydaşlarımız artıq doğma yurdlarına qayıdırlar. Bu tarixi hadisəyə töhvə olaraq hazırlanan əsərdə əsas məqsəd "Böyük Qayıdış” icmalarına yaşadıqları bölgədə yayılan bitkiləri tanıtmaq və onların istifadə yollarını öyrətməkdir.
Kitab əhəmiyyətli mənbə kimi öz doğma el-obalarına qayıtmış icmalara təqdim olunacaqdır.