SON XƏBƏR

Xalq rəssamı: "Qaçqın tanıyıram ki, 20-30 taksisi var, hamısını icarəyə verib”

Yanvar 09
13:08 2024
"Bakıdakı tıxacların və sıxlığın aradan qaldırılması üçün ali məktəblərin şəhərin kənarına köçürülməsi məsələsi uzun illərdir müzakirə olunur. Lakin heç kim hər hansı bir addım atmır, əksinə, şəhərdə ali məktəblərin korpusları get-gedə çoxalır. Yəni tıxaclara səbəb olan əsas amillərdən biri ali məktəblərdir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Xalq rəssamı, memar Cəlil Hüseynov deyib.

O, Bakının 2040-cı ilə qədərki Baş planından söz açıb.

"Bu gün Bakıda əsas problem nəqliyyat marşrutları və məcburi köçkünlərin Qarabağa qaytarılmasıdır. Bundan başqa, paytaxtda tikilən yüksək mərtəbəli binaların yeraltı dayanacaq yerləri yoxdur deyə, onların yerləşdiyi küçələrdə sıxlıq yaranır. Əgər Baş plan yerinə yetirilsə, ali məktəblər Bakıdan çıxarılsa, əlbəttə, bunun müsbət təsiri olacaq. Bu, bir neçə ilin işi deyil. Amma elə bir fəaliyyət olmalıdır ki, bunun effektini tezliklə görək”.

Memarın fikrincə, ali məktəblər bu problemin bir hissəsini təşkil edir:

"Hazırda paytaxtda marşrut avtobusları ilə bağlı böyük problemlər var. Səhər işə gedənlər avtobus və metroya minməyə çətinlik çəkir. Həmçinin taksi ilə bağlı problemlər mövcuddur. Taksi fəaliyyətinə lisenziyaların verilməsinin müəyyən həddi olmalıdır. Şəhərdə giriş edən rayon maşınları həddindən artıq çoxdur. Mən qaçqın tanıyıram ki, 20-30 taksisi var, hamısını icarəyə verib”.

C. Hüseynov əlavə edib: "Tıxacın əsas səbəblərindən biri də rayona köçürülən köçkünlərin təzədən Bakıya gəlməsidir. Bəlkə də işə görə geri qayıdırlar, amma bu da şəhərdə sıxlıq yaradır. 

Baş plana gəldikdə isə şəhərin rahatlıq tapması üçün əsas ali məktəblərin bölgələrə paylanması nəzərdə tutulub. Məncə, Bakını indiki vəziyyətdən çıxarmaq mümkündür. Dünyada Bakıdan da böyük şəhərlər var. Baş plan sadəcə bir ideyadır və yazılıb ki, bu işlər görüləcək. Nəticəsinin necə olacağı maraqlıdır. Məsələn, deyirlər ki, ali məktəbləri Xocasənə köçürəcəklər. Orada yataqxana ilə təminat necə olacaq? Şəhərdə yaşayanların Xocasənə getməsi üçün avtobus marşrutları və metronun fəaliyyəti necə tənzimlənəcək? Bunları zaman göstərəcək. 

Bəzən insanların iş yerləri çox uzaq olur. Mərdəkandan Lökbatana işə gedən adamlar var. Xaricdə insanlar çalışırlar ki, iş yerləri evlərinə yaxın olsun, amma bizdə bu mənzərə tamamilə fərqlidir”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook