Xalq rəssamı Nadir Əbdürrəhmanovun 90 illiyinə həsr edilmiş sərgi keçirilib
Dekabr 19
19:09
2015
Dünən Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Nadir Əbdürrəhmanovun anadan olmasının 90 illiyinə həsr edilmiş yaradıcılıq sərgisinin açılış mərasimi keçirilib.
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşəbbüsü təşkil olunan sərgidə rəssamın "Sevimli naxışlar”, "Professor Mirqasımovun portreti”, "Bakı bayram günlərində”, "Sakit səma”, "Dağlı qadın”, "Fedonqan çayında səhər”, "Dostluq körpüsü”, "İnsanlar və dağlar”, "Xalq musiqiçiləri” kimi 50-dək tablosu yer alıb.
Nadir Əbdürrəhmanov 1925-ci il dekabrın 5-də Laçın rayonunda anadan olub. 1941-1944-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1947-1953-cü illərdə Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb. Zəngin yaradıcılıq fəaliyyəti ilə yanaşı, ölkəmizdə gənc rəssamlar nəslinin püxtələşməsi işində də fəal iştirak edib. 1960-cı ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1964-cü ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb. 2008-ci ildə dünyasını dəyişib.
Yaradıcılığına xas olan yeni forma axtarışları, sərt realist üslub və miniatür sənəti ilə səsləşən orijinal dəsti-xətti, təsviri sənətdə dekorativliyə və kolorit zənginliyinə xüsusi diqqət yetirməsi rəssamın özünəməxsus üslubunun formalaşmasında mühüm rol oynayıb. Rəssamı adi hadisələrin milli özünə məxsusluğu maraqlandırır. Onun tabloları əhval-ruhiyyə baxımından lirik və emosionaldır. Səfalı dağ rayonlarında yaşayan insanların obrazları mülayim və sadədir, gərgin hərəkət, kəskin emosiyalar sanki onlardan uzaqdır. Kənd sakinlərini əsrarəngiz təbiət qoynunda təsvir edərək, onların qarayanız sifətlərində, əlvan libaslarında xüsusi gözəllik və cazibədarlıq tapır. Lirik mənzərələrində, həmçinin əcnəbi xalqlarının həyatına həsr olunan silsilə tablolarında rəssam milli məişətin ən səciyyəvi səhnələrini müasir dünya duyum süzgəcindən keçirir, yumşaq, axıcı, şərti-dekorativ rəng ahəngini mənalandırmağa nail olur.