SON XƏBƏR

XALQ QURULTAYI ideyası gündəmdə

Yanvar 08
22:44 2016
Razi Nurullayev: "Hökumət istefaya getməli, etimad hökuməti yaradılmalıdır”
 
Sabir Rüstəmxanlı: "Ölkə başçısı tanınmış mütəxəssislər və ziyalılarla vəziyyəti müzakirə etməlidir”
 
Divavər Əzimli: "İnsanlar əlacsızlıqdan intihar edir, reaksiya verən yoxdur”
 
Azərbaycanda iqtisadi böhran davam edir, əhalinin vəziyyəti kritik duruma doğru gedir. Ölkə əhalisinin 90%-i banklardan asılı vəziyyətdədir. İnsanlar borclarını qaytara bilmirlər. Maaşlar artırılımır. Ərzaq məhsullarının qiymətləri hər gün bahalaşdırılır. Paralel olaraq, cinayətlərin sayı artır. Banka borcu olanlar həbslərlə hədələnirlər. Ölkə rəhbərliyi vəziyyətən çıxış üçün proqrama sahib deyil. Böhrandan məsuliyyət daşıyan dövlət orqanları – Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Mərkəzi Bank yaranmış vəziyyətə dair açıqlama verməkdən çəkinirlər, əhalini ümidləndirəcək proqramlar hazırlamaq əvəzinə, "kəmər”i bir qədər də sıxıb qənaət etməyə çağırırlar. Azərbaycan tarixinin ən ağır durumuna doğru sürüklənir. Parlamentin toplantıları da büdcədə yaranmış kəsirlərin vətəndaşlara tətbiq olunan yeni növ vergilər və tətbiq ediləcək yeni hüquqi cəzalardan əldə ediləcək gəlirlər vasitəsilə kompensasiya olunmasının yollarının axtarılması üzərində qurulub. Sahibkarlıq, kənd təsərrüfatı, turizm, sənaye, qeyri-neft sektoru iflic vəziyyətdə - rəhbərlik isə susur. Hökumət daxilində prolemlərin çözülməsinin yollarını tapacaq təcrübəli siyasətçi və iqtisadçılar da görünmür.
 
Ya Etimad Hökuməti, ya Xalq Qurultayı?
 
Hökumət günbəgün ağırlaşan sosial-iqtisadi böhranı idarə etmək iqtidarında deyil. Əgər hakimiyyət çıxış yoluna sahib deyilsə, o zaman müxlifətlə birlikdə Etimad Hökumətinin qurulmasına getməlidir, ya da Xalq Qurultayı çağrılmalıdır. 1993-cü ildə ölkədə olan siyasi böhrandan çıxış yolu kimi mərhum prezident Heydər Əliyev Bakıya dəvət edildi. Bununla da Xalq Cəbhəsi hökuməti böhrandan çıxış yolunun ən optimal variantını seçdi. Bu gün isə hökumət nə istefaya gedir, nə Etimad Hökumətinin qurulması təklifinə yaxın gəlir, nə də hansısa iqtisadi konsepsiya ortaya qoyur. Əgər iqtidar müxalifətlə birlikdə Etimad Hökuməti formatında çözüm yolunu seçmirsə, o zaman Xalqın Qurultayını çağırmalıdır, bu ictimai-siyasi sferada baş verən neqativ halların aradan qaldırılması, eyni zamanda hazırda baş verən iqtisadi böhrandan çıxış yolu üçün müsbət rol oynaya bilər.
 
Hökumət yetkililərindən və Mərkəzi Bankdan artıq buna bənzər təşəbbüslər irəli sürülüb. Əvvəlcə YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə müxalifətdən iqtisadi məsələlərlə bağlı təkliflər gözlədiklərini bildirib. A.Mirzəzadə qeyd edib ki, hakimiyyət istənilən məsələyə dair müzakirə apara bilər. Deputatın açıqlamasından sonra Mərkəzi Bank açıqlama yayaraq, problemlərin həllində ölkə ziyalılarının da üzərinə böyük məsuliyyət düşdüyünü bəyan edib. MB-dan qeyd olundu ki, cəmiyyətdə hər zaman fikirlərinə böyük rəğbət göstərilən ziyalılarımızın və bu istiqamətdə tədbirlər planında üzərinə vəzifə qoyulan bütün digər strukturların birgə fəaliyyəti nəticəsində gələcək müddət ərzində böyük uğurlara nail olmaq mümkündür.
 
Məsələnin görünən tərəfi budur ki, vəziyyətdən çıxış yolu üçün birgə səy amanıdır. Bunun da iki yolu var, ya birgə hökumət, ya da xalqın içtirakıyla düzənlənən və ziyalıların, siyasi partiyaların, ictimai xadimlərin, hökuməin iştirakı ilə xalq toplantısı, Xalq Qurultayının keçirilməsi.
 
"Etimad Hökuməti zərurəti ortadadır”
 
AXCP sədri Razi Nurullayev Cebhe.info bildirib ki, demokratiya gərəyi belə iqtisadi çətinliklərlə və milli valyutanın ucuzlaşması ilə qarşılaşan hökumət ya istefaya getməli, ya da xalqın dəstəyini almaq üçün Etimad Hökuməti yaratmaq üçün müxalifətlə anlaşmalıdır. R.Nurullayev qeyd edib ki, bir çox hallarda isə, növbədənkənar Parlament və Prezident seçkilərinin keçirilməsi də gündəmə gəlir:
 


"Əfsuslar olsun ki, Azərbaycanda siyasi gündəmi YAP hakimiyyəti öz iradəsinə uyğun təyin edir və onun da xalq tərəfindən qəbul edilməsi üçün zor işlədir. Xalqın iradəsi və bizim də xalqdan qaynaqlanan istəyimiz Etimad Hökumətini zəruri edir. Elə buna görə də, hakimiyyətlə məsuliyyəti bölüşə bilər və təcrübəmizi də ölkənin iqtisadi böhrandan çıxması üçün səfərbər edə bilərik. Bunu, təbii ki, YAP istəmir. Amma, xalqın dəmir iradəsi və normal müxalifətin inteqrasiyası hakimiyyəti iradəsini dəyişdirməyə vadar edə bilər. Hazırda, həm gözləyirik, həm də hazırlıqlar edirik. Zərurət və siyasi ehtiyac olduğu zamanda dövriyyəyə girməyə hazırıq".
 
"Hökumət və ziyalılar bir araya gəlməlidir”
 
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı problemlərin Xalq Qurultayı yolu ilə həll olunacağına inanmadığını bildirib. S.Rüstəmxanlının sözlərinə görə, Xalq Qurultayı mücərrəd anlayışdır. Bununla belə VHP sədri başqa bir təklif irəli sürüb:
 

 
"Problemləri toplumla həll etmək çətindir. Hökumət, yaxud ölkə başçısı Azərbaycanın tanınmış mütəxəssisləri və ziyalıları ilə bir araya gəlib ölkədəki ümumi vəziyyəti müzakirə etməlidir. Həmin müzakirələrdə irəli sürülən təkliflər nəzərə alınmalıdır. Ölkədə kifayət qədər vəzifədə olmayan, heç yerdə işləməyən təcrübəli, peşəkar mütəxəssislər var.
 
"Xalq Qurultayı çağrılmalıdır”
 
Cebhe.info-ya açıqlamasında Dünya Bankının 2016-cı il dünya dövlətləri üçün iqtisadi proqnozlarını açıqladığına diqqət çəkən professor Dilavər Əzimli bildirib ki, hesabatda il ərzində Azərbaycan üçün Ümumi Daxili Məhsul artımı 0.8% göstərilib. D.Əzimli qeyd edib ki, il ərzində ÜDM-ün artımı kənd təsərrüfatının inkişaf etdiyi ölkələrdə olacaq:
 
 
 
"Türkmənistan, Tacikistan və Özbəkistan da bu siyahıya daxildir. Hətta Gürcüstanda 3.3% artım göstərilir, eyni zamanda Ermənistan üçün bu rəqəm 2.5% müəyyən edilib. Azərbaycanda vaxtında iqtisadi islahatların aparılmaması ölkəmizi bu vəziyyətə gətirib çıxardı. Baş verənlərlə bağlı açıqlama verilmir. İqtisadi vəziyyəti kəskinləşdirən məsələlərdən biri də, insanların banklara olan borclarıdır. Adamlar vəziyyətdən çıxış yolu üçün özlərini yandırır, intihar edirlər. Təəssüf ki, heç kəs buna reaksiya vermir. Hakimiyyət çaşqınlıq içindədir. Xalq Qurultayının keçirilməsini dəstəkləyirəm, amma bu təşəbbüs hökumət tərəfindən qəbul olunmalıdır. Bu dövləti yaradan, bu dövləti canından artıq sevən insanlar buna biganə qala bilməz. Çünki bu dövlətin qurulması üçün qan tökmüşük. Bu dövlət bizim namusumuz, qeyrətimizdir. Deputat Aydın Mirzəzadə bu yaxınlarda müxalifətdən iqtisadi məsələlərlə bağlı təklif gözlədiklərini bildirdi. Məsələ belə olmamalıdır. Bu Xalq Qurultayı formasında olsa, daha yaxşı olar, amma bu hökumət tərəfindən qəbul olunmalıdır. Qurultaya nüfuzlu ziyalılar, sahə mütəxəssisləri gəlməlidirlər ki, vəziyyətdən çıxış yolları axtarılsın. Xüsusilə ölkədə korrupsioner məmurlar və yaranmış vəziyyətdən məsuliyyət daşıyanlar məsuliyyətə cəlb edilməldir. Ölkədən dollar çıxaranlar həbs olunmalıdır, əmlakları müsadirə olunmalıdır. Hökumət tərəfindən Xalq Qurultayı çağırışlarına cavab verilməlidir”.
 
Cebhe.info



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook