SON XƏBƏR

Xalq artistinə qarşı vəhhabi ittihamları - yeni təfsilatlar

İyun 16
01:04 2016
Vəhhabi lideri Alim Qasımovla görüşündən danışdı


İki gün öncə xalq artisti Alim Qasımovun vəhhabi olduğu barədə yayılan iddialar gündəmin əsas mövzularından birinə çevrildi. Ölkə.az saytının xəbərinə görə, sosial şəbəkələrdə muğam ustasının aşıq Ədalət Nəsibovla deyişməsi ilə bağlı video paylaşıldıqdan az sonra şərhlərdə xanəndənin vəhhabi olduğu barədə iddialar səslənib. 


Qalmaqala səbəb olan iddianı isə Elnur Qurbanov adlı istifadəçi yazıb. Rasim adlı digər izləyici E.Qurbanova etirazını bildirincə bunları yazıb: "2011-ci ildə bir yerdə işləyirdim. Orada bir oğlan vardı, vəhhabi idi. Həmişə o oğlanın yanına bir nəfər gəlirdi. Məlum oldu ki, bu adam Alim Qasımovun sürücüsüdür, özü də vəhhabidir. Həmin iş yoldaşım mənə dedi ki, bu oğlan da, Alim müəllim də vəhhabidir. O gün də Alim Qasımovun azan verməyini gördüm. Azanda Əli sözünü işlətmədi. Bax, belə...”


Hazırda Naxçıvanda "Duzlu göl”də bronxlarındakı nasazlıqla əlaqədar müalicədə olan Alim Qasımov vəhhabi ittihamı ilə bağlı "Yeni Müsavat”a açıqlamasında bunları deyib: "Onu yazanın başı xarabdır. Mənim işim, gücüm var. Vaxtım var ki, vəhhabi olmağa? (gülür) Mən hara, vəhhabi hara? (gülür). Belə şeyləri niyə yazırlar, axı?”


Qeyd edək ki, xalq artistinin və sürücüsünün vəhhabi olduğu barədə yayılan xəbərlər ictimaiyyətdə geniş müzakirələrə səbəb olub, birmənalı qarşılanmayıb. Bəziləri onun vəhhabi olması ehtimalının çox olduğunu bildirir. Bunu isə xanəndənin böyüyüb-başa çatdığı Şamaxıda son zamanlar vəhhabilərin sayının durmadan artması ilə əsaslandırırlar. 
Ötən il ölkə mətbuatında Şamaxıda vəhhabilərin çoxalması ilə bağlı yazılar dərc edilmişdi. Bildirilirdi ki, naməlum şəxslər tərəfindən Şamaxıda "Nallı piri” sökülüb. "Pirbəhli baba” pirini sökməyə isə cəhd olunub. Piri sökməyə cəhd edən şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılsa da onlar bu əməllərinin səbəbini açıqlamayıblar. İddialara görə, pirləri sökmək istəyənlər vəhhabi olublar, onlar əhali arasında pirlərə qarşı təbliğat aparırlarmış. 


Bəs görəsən, dünya şöhrətli xanəndənin vəhhabilərlə bu və ya digər formada hər hansı bir əlaqəsi varmı?Radikal vəhhabilərin lideri, hazırda BƏƏ-nin Dubay şəhərində olan Əlixan Musayev bu barədə "Yeni Müsavat”a açıqlama verdi. O, Alim Qasımovla iki dəfə görüşdüyünü dedi: "Mən o adamı ömrümdə cəmi iki dəfə görmüşəm. O da səkkiz il bundan öncə iftar məclisində, vəssalam. Onu heç yaxından tanımıram”.


Onu da qeyd edək ki, müzakirə olunan məqamlardan biri Alim Qasımovun azan verərkən həzrəti Əlinin (ə) adını çəkməməsi olub. Azanda həzrəti Əlinin adını çəkməyən vəhhabidirmi? Dini ekspert Kənan Rövşənoğlu məsələyə bu cür rəy bildirdi: "Azanda ”Əliyyən vəliyullah" deyilməsi vacib olan hissə deyil. Müstəhəb əməl sayılır, yəni bəyənilən əməl. Dində vacib, haram və müstəhəb əməllər kateqoriyası var. Vacib edilməsi İlahi əmr olan əməllərdir, müstəhəb isə bəyənilən, yəni edilməsi savab olan işlərdir. Mübah isə bu kateqoriyalara düşməyən. Yalnız Əhli Beyt Cəfəri məzhəbində İmam Əliyə (ə) sevgi səbəbindən azanda bu söz deyilir. Amma azanın vacib hissəsi deyil. Bu səbəbdən də kimisə "Əliyyən vəliyullah” demədiyinə görə ittiham etmək olmaz ki, bu vəhhabidir və ya başqa təriqətdəndir".


Dini ekspert onu da qeyd etdi ki, ənənəvi sünni azanında da "Əliyyən vəliyullah” deyilmir: "Amma bu, o demək deyil ki, onlar İmam Əlini sevmirlər. Müsəlman olan şəxslərin İmam Əlini sevməməsi mümkün deyil”.


İlahiyyatçı Bəhruz Camal isə qeyd etdi ki, vəhhabiliyin təlimi üçün müxtəlif əqidə metodları var ki, yalnız onunla kimin hansı təriqət yolunda olduğu müəyyənləşir: "Kimsə ”Əliyyən vəliyullah" demirsə, dərhal ona vəhhabi damğası vurmağa tələsməyək".


Əlavə edək ki, xalq artisti Alim Qasımovun vəhhabi olması iddiasını gündəmə gətirən sosial şəbəkə istifadəçisi Elnur Qurbanov sonradan naməlum səbəblərdən öz şərhini silib. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook