XALİDƏ KƏNGƏRLİNİN ÖLÜMÜ İLƏ BAĞLI YENİ İDDİALAR - Həyat yoldaşı mayordur...
İyun 30
01:13
2022
Dünən 11-ci mərtəbədən yıxılaraq ölən ginekoloq Xalidə Kəngərlinin həyat yoldaşı Rüfət Kəngərlinin Dövlət Gömrük Komitəsində çalışdığına dair yayılan informasiyalara rəsmi münasibət bildirilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov məlumatı təsdiq edib.
O bildirib ki, R.Kəngərli Komitənin əməkdaşıdır: "O, Bakı Baş Gömrük İdarəsində gömrük xidməti mayorudur. Gömrük inspektoru kimi çalışır”.
Qeyd edək ki, bu gün X.Kəngərlinin həyat yoldaşının Dövlət Gömrük Komitəsinin əməkdaşı olduğu haqda məlumat yayılıb. Məlumatda bildirilib ki, Rüfət Kəngərli15 ilə yaxındır Bakı Baş Gömrük İdarəsində çalışan R.Kəngərlinin rütbəsi gömrük mayoru, vəzifəsinin isə gömrük inspektoru olduğu bildirilir.
Onu da qeyd edək ki, tanınmış həkim Xalidə Kəngərlinin intiharı ilə bağlı bir sıra müəmmalı məqamlar var. Belə ki, bəzi media qurumlarında və sosial şəbəkələrdə həkimin həyat yoldaşı ilə problemləri olduğu, hətta ərinin psixoloji xəstə olduğu iddia edilir.
"Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün mərhumun qardaşı ilə əlaqə saxlayıb.
X.Kəngərlinin qardaşı Elçin Vəliyev açıqlamasında bildirib ki, bacısının ərinin psixoloji problemləri olması ilə bağlı fikirlər həqiqəti əks etdirmir: "Bu, tamamilə şayiədir. Psixoloji problemi olan biri necə Dövlət Gömrük Komitəsində vəzifə tuta bilər? Bu, ən pis halda intihar həddinə çatdırmadır. Ən yaxşı halda isə öldürülüb, sonradan atılmadır. Hər şey istintaqdan və ekspertizadan sonra üzə çıxacaq. Biz bilirik ki, Xalidənin üzərində xəsarətlər olub. Sadəcə rəsmi nəticəni gözləmək lazımdır”.
E.Vəliyevin sözlərinə görə, Xalidə Kəngərli boşanma ərəfəsində imiş: "Ailənin münaqişəsi var idi, boşanma ərəfəsində idilər. Xalidəyə qarşı şəxsi və ailəvi təzyiqlər olurdu. Ailədə münaqişənin və təzyiqlərin olduğunu təsdiq edən foto və videofaktlar istintaqa təqdim olunacaq. Həyat yoldaşı Xalidəyə qarşı fiziki zorakılıq tətbiq edib. Rəsmi ekspertizanın rəyi gələndən sonra ətraflı açıqlama verəcəyik”.
Qardaşı bildirir ki, bir ay əvvəl Xalidə Kəngərli və uşaqları evdən ayrılıbmış. Buna səbəb evdəki söz-söhbətlərin dözülməz həddə çatması olub. Lakin sonradan ər-arvad barışıb və Xalidə Kəngərli evə qayıdıb.
Bunu isə Elçin Vəliyev "Cebhe.info”ya açıqlamasında deyib.
Mərhumun qardaşı hələlik bacısının həyat yoldaşı və ailəsinin ortalıqda görünmədiklərini bildirib. Elçin Vəliyev hadisədən sonra qardaşı ilə birgə kürəkənini döyməkləri barədə yayılan xəbərləri təkzib edib: "Hamısı yalandır. Qardaşım o vaxt affekt vəziyyətdə olub. Bu söz-söhbətlər şərdir. İstintaq, ekspertizanın rəyi olmadan bəzi saytlar paylaşdılar ki, Xalidə intihar edib”.
Elçin Vəliyev bildirib ki, ekspertizadan alınan ilkin məlumata görə, bacısı əvvəldən incidilib, intihara sövq edilib: "Xalidənin bədənində xəsarət izləri var idi. Əlimdə videofaktlar da var, hamısı istintaqa təqdim ediləcək”.
10:30
Tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin iyunun 27-də özünü Yasamal rayonunda yaşadığı çoxmərtəbəli binadan ataraq intihar etməsi cəmiyyətdə geniş müzakirə olunur.
Belə ki, 1984-cü il təvəllüdlü Xalidə Məhəmməd qızı Kəngərlinin ailə münaqişəsi zəminində baş vermiş psixoloji gərginlik fonunda özünü binadan ataraq həyatına son qoymasına əsaslı şübhələr müəyyən edilib.
Artıq X.Kəngərlinin həyat yoldaşı şübhəli şəxs qismində istintaqa cəlb edilib, onun izahat və ifadəsi alınıb.
Qeyd edək ki, son illərdə Azərbaycanda intihar hadisələri ilə bağlı Cinayət-Prosessual icraatda ciddi dəyişiklik baş verib. Belə ki, əvvəllər ölkədə baş vermiş bütün intihar hadisələri ilə bağlı cinayət işi açılırdısa, son vaxtlar yalnız həyatına son qoymuş şəxsin bu addımı atmasına hər hansı şəxs və ya şəxslər tərəfindən vadar edilməsinə əsaslı şübhələr müəyyən edildikdə cinayət işi açılır. Xalidə Kəngərlinin intiharı ilə bağlı da Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb, hazırda ibtidai istintaq prosesi davam etdirilir.
Xatırladaq ki, hadisə iyunun 27-də saat 18 radələrində tanınmış həkimin yaşadığı Yasamal rayonu İnşaatçılar prospektində yerləşən çoxmərtəbəli binada baş verib. 1984-cü il təvəllüdlü Xalidə Məhəmməd qızı Kəngərli özünü 11-ci mərtəbədə yaşadığı mənzilin eyvanından atıb. O, binanın qarşısındakı parkinqdəki "Hyundai Sonata” markalı avtomobilin üstünə düşüb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.