Vüqar Rəhimzadə: Yeni ildə yeni hədəflərə, yeni uğurlara doğru…
Yanvar 02
16:08
2026
Dövlət başçısı İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti 2025-ci ilin uğurlarına qısa baxış əsasında Yeni ilin hədəflərinin təqdimatı oldu. Yeni il yeni hədəflərin müəyyənləşdirilməsi, möhtəşəm uğurlara gedən yolun başlanğıcıdır. Möhkəm təməl, düşünülmüş siyasət Azərbaycana daim uğurlar, zəfərlər qazandırır, hər dövrün çağırışlarının yüksək səviyyədə yerinə yetirilməsini şərtləndirir. Müraciətində "2025-ci il arxada qaldı. Bu il də ölkəmiz üçün, xalqımız üçün uğurlu il olmuşdur.
Azərbaycan xalqı sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşamışdır. Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas amilidir” söyləyən Prezident İlham Əliyev bu əminliyi də ifadə etdi ki, qarşıdan gələn 2026-cı il də ölkəmiz üçün uğurlu olacaq, ölkə qarşısında duran bütün vəzifələr həmişəki kimi uğurla icra ediləcəkdir. 2025-ci ildə şanlı Zəfərimizin beşinci ildönümünü böyük fəxarət hissi ilə qeyd etdik, tarixi Zəfərimiz bizimlə əbədi olacaq.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, son beş il tarixi Zəfərimizi beynəlxalq və siyasi müstəvidə möhkəmləndirmək, təsdiqləmək istiqamətində atılan addımlarla zəngin oldu. Azərbaycanın tarixi ədalətə, beynəlxalq hüquqa söykənən siyasətinə dəstək, Zəfərimizin yaratdığı reallıqların dünya miqyasında qəbulu son beş ildə Azərbaycanın xarici siyasət uğurlarında özünün aydın ifadəsini tapır. Bunun üçün təkcə 2025-ci ildə dövlət başçısı İlham Əliyevin xarici ölkələrə, həmçinin müxtəlif ölkələrin liderlərinin Azərbaycana səfərlərinin say tərkibinə diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev hər bir səfər çərçivəsində keçirilən görüşlərdə diqqəti tarixi Zəfərimizə və suverenliyimizin tam bərpasına yönəldərək bölgədə dayanıqlı sülhün təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün ölkəmizin qarşı tərəfə ünvanladığı sülh təklifindən,onun reallaşması istiqamətində atılan addımlardan geniş bəhs edir. Dövlət başçısı sözügedən müraciətində diqqəti məhz bu reallıqlara yönəldərək bildirdi ki, bütün dünya bizim Zəfərimizi qəbul edir və bizim haqlı olduğumuzu əyani şəkildə görür. Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün mandat almış Minsk qrupu isə tarixin arxivinə göndərildi. Beləliklə, Qarabağ münaqişəsi artıq beynəlxalq gündəlikdən tamamilə silinmişdir. Zəfər çalmış ölkə kimi biz məğlub edilmiş Ermənistana sülh əlimizi uzatdıq. Bu da bizim uzaqgörən siyasətimizin təzahürüdür. Biz əbədi müharibə aparmaq fikrində deyilik. Bizim başqa ölkələrin torpaqlarında gözümüz yoxdur. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək üçün silahdan istifadə edərək, BMT Nizamnaməsi çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz suveren hüquqlarımızı təmin etmişik. Vətən müharibəsindən cəmi beş il keçəndən sonra Ermənistanla paraflanmış sülh müqaviləsi bir daha xalqımızın böyüklüyünü və bizim siyasətimizin müdrikliyini göstərir. Biz cəmi beş ilə yaxındır ki, de-fakto sülh şəraitində yaşayırıq. Biz döyüş meydanında qan tökərək, şəhidlər verərək şanlı Qələbə qazanmışıq və bu Qələbəni dünyanın ən mötəbər yeri olan Amerikanın Ağ Evində, Amerika Prezidentinin iştirakı ilə möhürlədik. Beləliklə, 30 il ərzində əsas vəzifəmiz olan ərazi bütövlüyümüzün bərpası və bütün dünya tərəfindən bunun qəbul edilməsi məsələsi öz həllini tapmışdır.
Millət vəkili bildirib ki, dövlət başçısı İlham Əliyev müraciətində Azərbaycanın xarici siyasət uğurları sırasında ev sahibliyi etdiyi tədbirlərdən də bəhs etdi. 2025-ci ildə ölkəmizdə bir çox mötəbər beynəlxalq tədbirlər keçirildi. Bunların arasında işğaldan azad edilmiş Xankəndidə ECO-nun Zirvə Görüşünü, Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünü qeyd edə bilərik. O da vurğulandı ki, bir çox beynəlxalq təşkilatlarla sıx əlaqələrimiz bizim maraqlarımıza uyğundur. Hər bir çıxışı, müraciəti mühüm çağırışlarla zəngin olan dövlət başçısı İlham Əliyevin sözügedən müraciətində də gələcəyimizə yönələn hədəflər öz əksini tapmışdır. "Biz hər zaman bərabərhüquqlu tərəfdaşlığın tərəfdarı olmuşuq. Biz heç vaxt imkan verməmişik ki, kimsə bizim işimizə qarışsın, kimsə bizə nəyisə diktə etsin, kimsə bizə yuxarıdan aşağı baxsın. Biz müqavimət göstərmişik, biz ciddi iradəmizi ortaya qoymuşuq, heç kimin qarşısında baş əyməmişik, heç kimə imkan verməmişik və verməyəcəyik ki, bizim işimizə qarışsın” söyləyən Prezident İlham Əliyev qeyd etdi ki, tədricən hər kəs belə cəhdlərin sayının da kəskin azaldığını görür. Çünki bunun heç bir mənası yoxdur. Bizə təzyiq etmək üçün heç kimin əlində heç bir vasitə yoxdur. Bizim güclü siyasi iradəmiz, xalq-iqtidar birliyi, hərbi gücümüz, iqtisadi potensialımız, enerji siyasətimiz, nəqliyyat imkanlarımız və digər amillər bizi o qədər gücləndirib ki, heç kim bizə öz iradəsini diktə edə bilməz.
Vüqar Rəhimzadə ölkəmizin hərtərəfli inkişafında stimulverici amil olan iqtisadi tərəqqidən də bəhs edib. Reallıq budur ki, Azərbaycan dayanıqlı iqtisadi inkişafı ilə daim dünyanın diqqətindədir. Ölkəmizin iqtisadiyyatını düzgün əsaslar üzərində qurması Azərbaycanın davamlı inkişafında əhəmiyyətli rol oynayır. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının son 22 ildən artıq dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sosial-iqtisadi göstəricilərimizdə öz təsdiqini tapır. Prezident İlham Əliyev ilk gündən bu çağırışı etdi ki, iqtisadi tərəqqi yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Dövlətimizin başçısının Yeni il müraciətində də əsas diqqət yönəltdiyi məsələlərdən biri iqtisadi tərəqqi oldu. Bildirdi ki, valyuta ehtiyatlarımız tarixi rekord həddə çataraq 80 milyard dollardan çoxdur. Xarici borcumuz daha da aşağı düşüb, bu gün ümumdaxili məhsulumuzun cəmi 6,3 faizini təşkil edir. Bir halda ki, bəzi inkişaf etmiş ölkələrdə bu rəqəm 100 faizdir, ondan da çoxdur. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 16 dəfə üstələyir və təsadüfi deyil ki, dünyanın aparıcı reytinq agentlikləri Azərbaycanın kredit reytinqini qaldırıblar - investisiya reytinqini müsbət reytinq səviyyəsinə qaldırıb.



