Vüqar Rəhimzadə: Xocalı Soyqırımı Memorialı xalqın əyilməz iradəsinin və ədalətin təntənəsidir
Fevral 27
18:04
2026
Tarixi Zəfərimizdən ötən 5 ilin uğurları 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bu günümüz və gələcəyimiz üçün yaradılan möhkəm təməlin təqdimatıdır. Son 22 ildən artıq dövrdə Prezident İlham Əliyev Azərbaycanın inkişaf modelinə yeniliklər, müasir dövrün çağırışlarına uyğun əlavələr etməklə, təkmil islahatlar həyata keçirməklə, Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olmasını təmin etmək üçün bir-birindən önəmli addımlar atmaqla uğurlarımızın, Zəfərlərimizin miqyasını genişləndirdi, hədəfdən-hədəfə doğru irəliləməyə geniş imkanlar yaratdı. Bu gün Azərbaycanın özünün ədaləti təmin, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etməsindən qürurla bəhs ediriksə, bu, dövlətimizin düşünülmüş siyasətinin, hədəflərə doğru ardıcıllıqla irəliləməsinin nəticəsidir. Fevralın 25-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı və Xocavənd rayonlarına səfər etdilər. Xocalı rayonunun Xanabad kəndində görülən işlərlə tanış oldular, Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdilər. Dövlət başçısı İlham Əliyev Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə göründəki çıxışında bir daha diqqəti tarixi Zəfərimizə qədərki dövrün reallıqlarına, ərazi bütövlüyümüzün təmin edilməsi üçün görülən hazırlıq işlərinə yönəltdi. Hazırlıq dövrünün çox çəkdiyini və bunun təbii olduğunu qeyd edən Prezident İlham Əliyev vurğuladı ki, çünki güc yığmalı idik. Öz haqq işimizi beynəlxalq müstəvidə təsdiqləməli, Ermənistan dövlətinin hərbi cinayətləri haqqında məlumatı, Xocalı soyqırımı ilə bağlı həqiqətləri çatdırmalı idik və çatdırmışıq. Son illər ərzində bir çox beynəlxalq təşkilatlar məcburiyyət qarşısında ədalətli mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişdi. Bu, Ermənistan-Azərbaycan münaqişəsinin həllinin hüquqi əsasını təşkil etmişdi. Biz bir çox ölkələrlə sıx ikitərəfli münasibətlər, bir çox ölkələrlə strateji tərəfdaşlıq münasibətləri qurduq. Heç kimdən asılı olmayan güclü iqtisadiyyat qurduq. Həm Ordumuzun peşəkarlığını artırdıq, eyni zamanda, əldə edilən gəlirlər hesabına silah-sursat, texnika aldıq. Hər gün, hər ay Qələbəyə doğru addımlayırdıq.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyev çıxışında ədalətə doğru atılan addımların ardıcıllığını da diqqətə çatdırdı. 20-yə yaxın ölkənin Xocalı soyqırımını rəsmən tanıması bir addım, Vətən müharibəsi və şanlı Zəfərimiz ikinci addım, Xocalı şəhərinin iki il yarım bundan əvvəl azad edilməsi isə son addımlardan biri idi. Axırıncı addım bu yaxınlarda hərbi cinayətkarlara qarşı Bakıda keçirilmiş məhkəmə prosesi idi. Xocalı soyqırımını törətmiş, əli Azərbaycan xalqının qanına batmış quldurlar məhkəmə qarşısında cavab verməli oldular. Bu, ədalətin tam təntənəsidir. Dünyada nadir halda ölkələr tapılar ki, həm ədalətli müharibədə tam və mütləq qələbə qazansın, həm öz ərazi bütövlüyünü və suverenliyini hər qarış torpağı azad edərək özü təmin etsin və müharibə cinayətkarlarını məhkəmə qarşısına gətirsin. Bunu biz etdik - Azərbaycan dövləti. Əyilməz iradəmiz bunu təmin etdi.
Milli Məclisin deputatı bildirib ki, indi isə azad edilmiş torpaqlarımız quruculuq dövrünü yaşayır. Tarixi Zəfərimizdən ötən dövrdə Qarabağımızda, Şərqi Zəngəzurumuzda bərpa-quruculuq işləri geniş miqyası ilə diqqətdədir. Böyük Qayıdış Proqramı uğurla icra edilir. Proqramın birinci mərhələsi bu ilin sonunda baş çatır. Qürurvericidir ki, cari ilin iki ayında iki şəhərimiz sakinlərinə qovuşub. Yanvarın 21-də Xankəndi, fevralın 20-də isə Xocavənd şəhəri ilk sakinlərini qarşıladı. Dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocavənd rayonuna səfər çərçivəsində Xocavənd kəndində və şəhərində görülən işlərlə tanış oldular, sakinlərlə görüşdülər. Prezident İlham Əliyevin azad edilmiş ərazilərimizə hər bir səfəri tarixi hadisə kimi dəyərləndirilir, Böyük Qayıdış Proqramının uğurlu icrasının təqdimatıdır. Dövlətimizin başçısı Xocavənd sakinləri ilə söhbətində bildirdi ki, on minlərlə Azərbaycan vətəndaşı artıq azad edilmiş torpaqlarda yaşayır və onlardan təqribən 30 minə yaxını keçmiş köçkünlərdir. Əsas odur ki, insanlar artıq burada rahat yaşasınlar və tam əmin olsunlar ki, bir daha xalqımızın başına belə fəlakətlər gəlməyəcək. Bunun üçün də hər zaman güclü, ayıq olmalıyıq, keçmişi unutmamalıyıq və gələcəyə inamla baxmalıyıq. Necə ki, inamla baxırıq və yaşayırıq. Bundan sonra xalqımız sülh içində yaşayacaq.



