Vüqar Rəhimzadə: İrandakı molla rejimi növbəti dəfə riyakarlığını, nankorluğunu nümayiş etdirdi
Mart 05
18:11
2026
Martın 5-də İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən pilotsuz uçuş aparatları vasitəsilə Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Beynəlxalq Hava Limanına və digər mülki infrastruktura zərbələr endirməsi xalqımız tərəfindən böyük hiddət və qəzəblə qarşılanıb. Azərbaycan İranla münasibətlərdə hər zaman konstruktiv siyasət həyata keçirib. Dövlətimiz tərəfindən dəfələrlə bəyan edilib ki, ölkəmizin ərazisi heç bir halda üçüncü dövlətlərə qarşı istifadə oluna bilməz. Azərbaycan regionda gərginliyin artmasının tərəfdarı deyil. Amma İrandakı molla rejimi növbəti dəfə riyakarlığını, nankorluğunu nümayiş etdirdi. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da qeyd edildiyi kimi 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyməsi və 4 nəfər mülki şəxsin xəsarət alması ilə nəticələnən İran İslam Respublikası ərazisindən həyata keçirilən bu dron hücumlarını qətiyyətlə pisləyirik. Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir. İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verilməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edirik. Molla rejiminin bu siyasəti nankor və riyakar münasibətin göstəricisi, antibəşəri rejimin simasının ifşasıdır.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə bildirib ki, molla rejiminin bu addımı riyakarlıq olmaqla yanaşı, iki ölkə arasında qarşılıqlı etimadın zədələnməsinə səbəb olan amillərdəndir. İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və İran tərəfinə kəskin etiraz bildirilib.



