Vüqar Rəhimzadə: Gənclərə diqqət və qayğı dövlət siyasətində prioritetdir
Yanvar 31
13:30
2026
Azərbaycan gəncləri müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin onlara ən böyük hədiyyəsinin, diqqət və qayğısının təcəssümü olan 2 fevral-Gənclər Gününü qalib, bütövləşən Azərbaycanın qürurlu vətəndaşları kimi böyük sevinc hissi ilə qeyd edirlər. Gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyevin çağırışlarında bu məqam xüsusi qeyd edilirdi ki, hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir. Hakimiyyətinin hər iki dövründə Ümummilli Lider gənclərə xüsusi diqqət göstərirdi. Bildirirdi ki, gələcəyimiz gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti Azərbaycanda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, hərtərəfli inkişafı və ölkə həyatında fəal iştirakı üçün mühüm zəmin yaradır. Gənclərə etimad bugünümüzün reallıqlarında təsdiqini tapır. Hazırda ölkəmizdə gənclər siyasəti keyfiyyətcə yeni mərhələsini yaşayır. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi, xarici ölkələrdə təhsili, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan imkanlar gənc nəsli daha da ruhlandırır, malik olduqları potensialdan səmərəli istifadə etməyə çağırışlar edir. Bunu Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etməyə başladığı 2003-cü ildən ötən 22 ildən artıq dövrdə gənclərin inkişafı istiqamətində atılan addımların xronologiyası bir daha təsdiq edir. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il "Gənclər İli” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı” təsis olundu. Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı müvafiq sərəncamları ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” və "2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. Minlərlə gənc dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alır. Gənclərimizin xaricdə təhsili, həmçinin Azərbaycanın təqdimatı deməkdir. Onlar təhsil aldıqları ölkələrdə Azərbaycanın fəal təbliğatçısına çevrilir, həqiqətlərimizin beynəlxalq ictimaiyyətə çatdırılmasına səy göstərirlər.
Vüqar Rəhimzadə bu mühüm məqamı da vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun gənclərimizin hərtərəfli inkişafına, onların məşğulluğunun təmin edilməsinə yönələn layihələri davamlıdır. Gənclərin tariximizin, milli-mənəvi dəyərlərimizin qorunmasında, təbliğində fəal iştirakını təmin etmək istiqamətində də mühüm layihələr icra edilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın fəaliyyəti Azərbaycan gənclərinə nümunədir. Onun təşəbbüsü ilə ölkəmizdə və xaricdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında mühüm rol oynayır.
Hansı sahəyə baxsaq Azərbaycan gənclərinin qürurverici uğurlarını görürük. Gənclərin intellektual, fiziki və mənəvi inkişafı ilə əlaqədar qəbul edilən sənədlərin uğurlu icrası nəticələrdə özünün aydın ifadəsini tapır. Müasir dövrün çağırışları hər sahədə olduğu kimi, gənclər siyasətində də yenilikləri, təkmilləşməni şərtləndirir. Onu da qeyd edək ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il ölkəmizdə "Könüllülər ili” elan edildi. Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs veriblər, ölkəmizdə "Eurovision” mahnı müsabiqəsi, I Avropa Oyunları, "Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq tədbirlərin həyata keçirilməsində fəal iştirak ediblər. Könüllük gənclərimizin həyat tərzinə çevrilib.
Vüqar Rəhimzadə vurğulayıb ki, gənclərimiz 44 günlük İkinci Qarabağ müharibəsində qəhrəmanlıqları, şücaətləri ilə tarix yazdılar. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Vətənpərvər gəncliyimiz 30 illik işğala cəmi 44 günə son qoydu . Məhz onların rəşadəti sayəsində qazanılan bu şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu. Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərərək, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak etdilər. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarında daim bu reallığı xüsusi qeyd edir ki, çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib: "Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”.



