Vüqar Rəhimzadə: Cənub Qaz Dəhlizinin reallaşması Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında yeni mərhələdir
Fevral 09
11:31
2022
"Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan, 2015-ci ildən ənənəvi keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantılarına hər dəfə Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Bu toplantılar ölkəmizin enerji sektorunda qazandığı uğurların təqdimatı olmaqla yanaşı, müxtəlif əməkdaşlıq formatlarının müzakirəsi, perspektivlərin müəyyənləşdirilməsi baxımından da əhəmiyyətlidir. Dünyanı cənginə almış koronavirus infeksiyası səbəbindən ötən il toplantı videokonfrans formatında keçirilsə də, bu il fevralın 4-də müvafiq şərtlər əsasında Avropa İttifaqının (Aİ) komissarları, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna və Türkmənistanın yüksək səviyyəli nümayəndələri Bakıda bir araya gəldilər. Azərbaycan Prezidenti İlham Əliyev "Gülüstan” sarayında keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısındakı dərin məzmunlu, proqram xarakterli nitqində bu beynəlxalq tədbirin əhəmiyyətini yüksək qiymətləndirdi. Dövlət başçısı nitqində bu məqamı xüsusi qeyd etdi ki, bu gün qarşılıqlı əlaqələrimizin ənənəvi formatını bərpa edirik. Belə format təkcə qarşımızda duran əhəmiyyətli məsələləri həll etmək üçün yox, eyni zamanda, ikitərəfli və çoxtərəfli təmaslar qurmaq üçün daha yaxşı imkanlar yaradır. Hər ilin fevral ayında biz ənənəvi olaraq əvvəlki ildə görülmüş işləri nəzərdən keçirir və gələcək addımlarımızı planlaşdırırıq. Məşvərət Şurasının hər bir iclası müəyyən nailiyyətlərin təqdimatı ilə yadda qalır.”
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısının ənənəvi olaraq keçirilməsinə başlandığı 2015-ci ildən bugünədək Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirdikdə dünyanın enerji xəritəsini dəyişdiyini böyük əminliklə söyləyə bilərik: "2014-cü ildə "Əsrin müqavilə”sinin 20 illiyində Cənub Qaz Dəhlizinin təməli qoyuldu. Dövlət başçısı İlham Əliyev bu mühüm hadisəni görülən işlərin zirvəsi kimi dəyərləndirərək belə bir inamı da ifadə etmişdi ki, bütün işlər nəzərdə tutulduğu vaxtda həyata keçiriləcək.”
"Hər bir layihənin uğurlu sonluqla başa çatmasında maraqlı olan Azərbaycanın və digər iştirakçı dövlətlərin birgə səyləri nəticəsində 2018-ci ildə Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Həmin ilin iyununda Türkiyənin Əskişəhər şəhərində TANAP - Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirildi. 2019-cu ildə TANAP-ın Avropa ilə birləşən hissəsinin rəsmi açılışı oldu və bununla da onun tikintisi tamamlandı. 2020-ci il dekabrın 31-də TAP layihəsi tamamlanaraq istifadəyə verildi. Bununla da Azərbaycanın zəngin qaz ehtiyatlarının Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılmasına zəmin yaradıldı. Bu faktın özü bir daha sübut edir ki, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu qlobal layihələr reallığa çevrilməklə dövlətlər, xalqlar arasında körpü roluna yeni əlavələr edir, ölkəmizin regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi yerini və rolunu möhkəmləndirir”,- deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.
"Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük layihələrindən biridir” söyləyən Vüqar Rəhimzadə, həmçinin vurğulayıb ki, onun dəyəri 33 milyard dollardır: "Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfələrini veriblər. Bu sırada Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Asiya İnkişaf Bankının, Avropa İnvestisiya Bankının, Asiya İnfrastruktur və İnvestisiya Bankının adlarını sadalamaq olar. Bu gün Avropada əlavə qaz mənbəyinə tələbat artmaqdadır. Bu amili nəzərə alan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artırıb.”
YAP Xətai rayon təşkilatının sədri dövlət başçısı İlham Əliyevin nitqində yer alan bu məqama da diqqəti yönəldib ki, hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir: "Bu ərazilərdə bütün infrastruktur mənfur düşmən tərəfindən dağıdılıb. Yeni qaz xətləri çəkilir. İşğaldan azad edilmiş ərazilərin qazlaşdırılması üçün əlavə həcmdə qaza ehtiyac var. 2022-ci ildən soydaşlarımızın Böyük Qayıdışı nəzərdə tutulur. Onların rahat yaşayışı üçün bütün zəruri addımların atılması, o cümlədən qazla, elektrik enerjisi ilə təminatı prioritetdir. Bu baxımdan əlavə qaza ehtiyac var. Reallıq budur ki, Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biridir. Azərbaycanın elektrik enerjisi potensialı əsasən daxili istehlaka hesablanıb. Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, enerjiyə əlçatanlıq reytinqində Azərbaycan dünyada ikinci yerdədir.”
Vüqar Rəhimzadə keçilən yolun təhlili fonunda qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində Azərbaycanın malik olduğu təbii resurslarından səmərəli istifadə etmək məqsədilə 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi”nin uğurları bugünkü reallıqlarda özünün aydın ifadəsini tapıb. Regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyası Cənub Qaz Dəhlizi kimi unikal layihənin reallaşması sayəsində genişlənərək Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır.



