SON XƏBƏR

Vətəndaşlar təhsil sistemindəki yeniliklərə ümidsiz yanaşırlar: - “Mahiyyət dəyişməyəcək”

Dekabr 23
08:45 2021
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli və "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, Təhsil Nazirliyinin rayon təhsil şöbələri ləğv edilərək, Nazirliyin regional idarələri yaradılıb. Beləliklə, rayon təhsil şöbələri Nazirliyin regional idarələrinə tabe olacaq.

Təhsil naziri Emin Əmrullayev yeniliklərlə bağlı keçirdiyi brifinqdə deyib ki, regionlar üzrə təhsil şöbələrinin ləğv edilməsi ilə əməkdaşlar işdən çıxarılmayacaq: "Regional idarələrdə həmin struktur qalacaq, sadəcə yeni yaradılacaq regional şöbəyə tabe olacaqlar. Əgər əməkdaş işində ciddi bir nöqsana yol verməyibsə, təbii ki, o, öz vəzifəsində qalacaq”.

Əhali təhsil sistemindəki sözügedən yenilikləri necə qarşılayır? Bu, təhsilimizə necə təsir edəcək və hansı dəyişikliklərə səbəb olacaq? DİA.AZ bildirir ki, AYNA məsələyə vətəndaşların münasibətini öyrənmək üçün sosial şəbəkə istifadəçiləri arasında kiçik sorğu keçirib. Beləlik:

İsmayıl Əhməd: "Sistem və idarəetmə dəyişməyənə qədər adın və funksiyanın dəyişməsinin heç bir müsbət təsiri olmayacaq”.

Arzu Umut: "Çevir tatı, vur tatı. Dəyişiklik yoxdur. Deyirlər ki, dərsliklər pulsuzdur. İş dəftəri olmadan müəllim dərs keçə bilmir. Kurikulumun adı var, özü yox. Hansı birini deyim? Problemlər saydıqca bitməz”.

Emil Maqalov: "Həm oradakı personal işsiz qalacaq, həm problem yarandıqda insanlar öz şəhər və kəndlərində yox, daha uzaq yerlərdə yerləşən regional mərkəzlərə gedəcəklər. Həmçinin hamı bilir ki, təhsil ocaqları Təhsil Nazirliyinə tabe olsa da, onları icra hakimiyyəti tənzimləyirdi”.

Tural Əliyev: "Təhsilimiz yenidən Sovet sisteminə qayıtmalıdır. Avropa sistemi bizim üçün özünü doğrultmadı”.

Elnar Cavadov: "İdarəetmə sistemi köklü dəyişməlidir. Şöbələrin ləğvi heç nəyi həll etmir. Sistem yenilənsə, onlar öz funksiyasını itirəcək. Azərbaycanda təhsili repetitorlar idarə edirlər. Məktəb az qala attestat almaq üçün lazımdır”.

Fikrət Mahmud: "Heç bir xeyri yoxdur və olmayacaq. Əksinə, bu dəyişiklikdən müəllimlər əziyyət çəkəcəklər”.

Fatma Vəliyeva: "Bundan sonar rayonlarda təhsil ilə bağlı problemimiz olanda valideyn olaraq təhsil şöbələrinə şikayətə gedə bilməyəcəyik”.

Müşfiq Qədirov: "Heç nə olan deyil. Əksinə, problem artacaq. Onsuz da müraciətlərə normal baxılmırdı, indi daha da çətin olacaq. Əvvəl 15 adama xidməti düzgün qura bilməyən qurumlar, indi 1500 adama necə "xidmət" göstərəcək?”.

Rəfail Titayev: "Heç bir dəyişiklik olmayacaq”.

Ramal Əsgərov: "Kəmiyyət dəyişir, keyfiyyət olduğu kimi, hətta bir az da aşağı düşür. Heç bir xeyiri yoxdur. Yalnız bütün sistem elektronlaşarsa və arada insan faktoru olmadan sistem çalışarsa, onda yaxşı olacaq. İndiki qərar tək əldən idarə etməkdir”.

Vüqar Məmmədxanlı: "Emin bəyə uğurlar və yalnız bircə tövsiyyəm: repetitorluq fəaliyyəti qadağan olunsun, uşaqlar milyonlarla dövlət vəsaiti xərclənərək tikilmiş məktəblərə qayıtsın, o halda hər valideyn ayda 50 manat da məktəbə ödəyə bilər və bu vəsait əlavə bonus kimi müəllimlərə ödənilə bilər, uşaqların gündə bir necə dəfə şəhərdaxili ora-bura şütüməsinə ehtiyac qalmaz, şəhər tıxacdan, əhali stresdən, hava kirliliyindən, əlavə xərclərdən qurtarar”.

Əli Məmmədov: "Heç bir dəyişiklik gözləmirəm. Struktur dəyişikliyindən başqa bir şey deyil”.

Qazax Nağı: "Əsas korrupsiya mənbəyi olan təhsil şöbələrinin ləğvi təqdirəlayiq addımdır. Görünür, sistem hələ tam ləğv edilməyə hazır olmadığı üçün proses tədricən gedir. Ona görə də tam ləğv edilmir, başqa bir idarə üsulu ilə dəyişdirilir. Quyunu şaquli istiqamətdə nə qədər dərin qazsan da, başqa bir yerdən quyu açmaq mümkün olmur, deməli hədəfə çatmaq üçün üfüqi, diaqonal və s. yolları yoxlamaq lazımdır. Yəni istənilən halda təhsilimizi pas atmış idarəçilik sistemindən tərpətmək də müsbət addımdır. Təhsil sahəsində dəyişikliklər labüddür. Yeni mexanizmlər yoxlanılaraq ən optimal variant tədbiq edilməlidir”.

Hacı Abdullayev: "Təhsil deyəndə keçmiş təhsil naziri Misir Mərdanov yada düşür. Ondan sonra heç bir yenilik uğurlu olmayıb. Heç bu da olmayacaq”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook