SON XƏBƏR

Vətəndaşlar inşaat sektorunda keyfiyyətə necə nəzarət edə bilər?

Fevral 10
17:23 2023
Türkiyədə baş verən dəhşətli zəlzələ Azərbaycanda tikilən binaların keyfiyyəti məsələsini yenidən gündəmə gətirdi. Vətəndaşlarımız sosial şəbəkələrdə müzakirələr apararaq sakini binaların keyfiyyəti məsələsini sorğuya çəkirlər. Türkiyədə baş verən zəlzələnin vurduğu ziyan çoxaldıqca, həlak olan insanların sayı artdıqca hər gün vətəndaşlarımız da təlaş keçirirlər. Bəlkə də insanlarda yaranan bu təlaşın, narahatlığın nəticəsidir ki, fevral ayının 9-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov APA.TV-yə müsahibə verərək ölkədə tikinti keyfiyyətinin çox yüksək səviyyədə və baş verə biləcək istənilən zəlzələyə davamlı olduğunu bildirdi. Tikinti sahəsinə cavabdeh olan dövlət rəsmisinin uyğun zamanda belə fikirlər səsləndirməsi ictimaiyyət arasında yaranan söz-söhbətə müəyyən qədər son qoydu. 
 
Doğrudanmı Bakıda tikilən yaşayış binalarının hamısı keyfiyyətli, baş verə biləcək zəlzələlərə davamlıdır? Və yaxud sualı belə qoyaq: Azərbaycanda tikilən yaşayış binalarında normativ qaydalar hansı məqamda pozula bilər? 

Qeyd edim ki, ölkəmizdə inşaat sahəsinə doğrudan da dövlət tərəfindən ciddi nəzarət var. Dövlət Arxitektura və Şəhərsalma Komitəsi, həmçinin FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi aparılan tikintilərdə keyfiyyət məsələsini xeyli dərəcədə nəzarətdə saxlayır. 
 
Əslində bu gün Azərbaycanda tikinti bazarında olan fantastik qiymətlər ciddi fəaliyyətlə məşğul olan hansısa MTK və ya podratçı şirkət sahibinin inşaatda ucuz materiallardan istifadə etməsinə zəmin yaratmır. Ona görə ki, bu gün inşa edilən obyektlər-mənzillər müştərilərə dəyərindən qat-qat baha satılır. Sahibkarlar layihələrindən böyük qazanc əldə edir və bu səbəbdən də məsul olduqları tikinti layihələrində ucuzluğuna görə hansısa keyfiyyətsiz materialara əksər hallarda üstünlük vermirlər. 
 
Bununla belə təəssüflər olsun ki, inşaat sektorunda da hər sahədə olduğu kimi, yalnız qazanc xatirinə çalışan işbazlar var. Bu işbazlar bəzi rəsmi şəxslərlə əlaqəyə girərək Tikinti Məcəlləsinə uyğun olmayan yaşayış binaları tikməkdədirlər. Pozulan normativlər isə əsasən inşa edilən binaların ara məsafələrinin gözlənilməməsi, geoloji kəşfiyyat işlərinin səthi (və yaxud ümumiyyətlə, aparılmaması) aparılması, layihə üzrə olan göstəricilərin pozulması və digər bu kimi hallardır. Baş verənlərə bütövlükdə rəsmi qurumlar nəzarət edə bilmirlər. İnzibati üsulların dəyişdirilməsi, artırılması problemin tam olaraq aradan qalxmasına kömək etməyəcək.
  
Vətəndaşları çaşdıran məqamlardan biri də tikilən hər hansı binanın istismara qəbul aktının olmasıdır. İnsanlar düşünür ki, əgər hansısa binanın istismara qəbul aktı varsa, deməli həmin bina keyfiyətli inşa edilib və buna görə də dövlət belə bir sənəd verib. Ancaq istismara qəbul aktı əslində heç də inşa edilən obyektin tikintisinin keyfiyyətli aparılmasını şərtləndirmir. İstismara qəbul aktı obyektin faktiki göstəricisinin layihə üzrə göstəricilərlə uyğun olması, partlayış və yanğın təhlükəsizliyi, daxili və xarici tamamlama, su, kanalizasiya, istilik, qaz, enerji və rabitə kommunikasiyalarının normal istismarı ilə bağlı olan sənəddir.
 
Bəs neyləməli? Aparılan tikinti işlərində keyfiyyəti necə nəzarətdə saxlamaq olar?
 
Tikinti sektorunda aparılan işlərin keyfiyyətinin artırılması üçün ilk növbədə, ictimai nəzarət olmalıdır. Bu, heç də hansısa təşkilat, yaxud rəsmi qurumların yanında fəaliyyət göstərən İctimai şuralar formasında mövcud olmamalıdır. Çünki müşahidələr bu cür təşkilatların fəaliyyətlinin effektiv olmadığını, işə başladıqdan bir müddət sonra inzibati qurumlarının alətinə çevrildiyini göstərir. Burada ən uğurlu variant sakinlərdən, tikilməkdə olan binaların müştərilərindən ibarət birgə komissiya formalaşdırmaq və aparılan tikintiyə hər mərhələdə baxış keçirməkdir. 
 
Bu gün xeyli vətəndaşlarımız təməli qoyulan binalardan kredit və ya nağd formada mənzillər almaqdadırlar. O insanlar binanı inşa edən təşkilatla, sahibkarla rəsmi müqavilə bağlayaraq tikintiyə mərhələli şəkildə nəzarət edə bilərlər. Burada vacib məqam təməldə aparılan konstruksiya işləri, mərtəbələrdə hansı marka armaturlardan istifadə edilməsi və armaturların toxunuşudur. Tikilməkdə olan binanın mərtəbəsinə beton verilməmiş mütləq şəkildə orada armaturların sxematikasına, keyfiyyətinə, kolonlara baxış keçirilməlidir. Əgər toxunuşlarda normaya uyğun olmayan marka və ya calaq armaturlardan istifadə edilibsə, iş dayandırılmalı, betonun mərtəbəyə vurulmasına imkan verilməməlidir.
 
Mübariz Məmmədov
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook