SON XƏBƏR

Vətəndaşı acından ölən İran casus şəbəkəsinə milyonlar xərcləyir

Fevral 06
09:51 2023
Azərbaycan müstəqilliyini elan etdiyi ilk gündən etibarən, İran tərəfindən riyakar münasibətlə qarşılaşır. İran 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını desə də əslində ölkəmizin güclənməsinə, bölgədə söz sahibi olmasına hər zaman qısqanclıqla yanaşıb və dövlətimizə qarşı müxtəlif mənfur əməllərə, təxribatlara əl atıb. Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilməyən Tehran rejimi dövlətimizin zəiflədilməsi üçün əlindən gələni edib. Hətta öz çirkin niyyətinə çatmaq üçün torpaqlarımızı işğalda saxlayan, dini abidələrimizi, müqəddəs məkanlarımızı dağıdan, təhqir edən düşmən Ermənistanla sıx iş birliyində olub, İrəvana hərbi, iqtisadi, siyasi yardımlar göstərib və göstərməkdə də davam edir.

Politoloq Rəşad Bayramov bizimyol.info xəbər portalına açıqlama verib. Bildirib ki, molla rejiminin ölkəmizə qarşı daha bir təxribatı isə "İran şiəçiliyini" təbliğ etməklə insanların beyinlərini yumaq, onları öz təsirlərinə salaraq, terror əməllərinə təşviq etmək, Azərbaycanda casus şəbəkəsi yaratmaq olub.

"İran uzun illərdir ki, Azərbaycanda casus şəbəkəsi yaradılması istiqamətində işlər aparıb. Öz əhalisini ac-yalavac saxlayan İran qeyd edilən istiqamətdə külli miqdarda vəsait xərcləyib. Məqsəd isə cəsus şəbəkəsi vasitəsilə öz çirkin niyyətlərini həyata keçirmək, lazım olanda ölkədə qarışıqlıq, dini zəmində münaqişələr yaratmaq, hətta terror törətməklə Azərbaycana təzyiq göstərməkdən ibarətdir. Cəsus şəbəkəsinin qurulması heç şübhəsiz ki, birbaşa İranın xüsusi xidmət orqanlarının nəzarəti altında həyata keçirilir. Bu prossesdə din əsas alət olsa da, maliyyə və şantaj kimi vasitələrdən də istifadə olunur. Prossesin vahid mərkəzdən idarə olunması üçün hətta "Azərbaycan masası” adlı xüsusi bölmə də yaradılıb. Dini təhsil üçün İrana gedən gənclərimizin beyinlərinin yuyulması, məscid və dini ocaqlarımızda İrandan gələn mollaların apardığı təbliğat nəticəsində İran ölkəmizdə geniş cəsus şəbəkəsi formalaşdırmağa nail olub. Buraya İranın narkotik qaçaqmalıçılığında istifadə olunan və sonradan şantaj edilən vətəndaşlarımızı, maliyyə problemi ucbatından molla rejiminə cəsusluq etməyə məcbur olanları da əlavə edəndə ortaya çox böyük rəqəmlər çıxmış olur. Türkiyə mətbuatında xüsusi xidmət orqanlarına istinadən verilmiş məlumatlara əsasən, ölkəmizdə bu və ya digər yollarla cəsusluq fəaliyyətinə cəlb olunan və İrandan göndərilən cəsusların sayı 3 min 5 yüzdən artıqdır. Bu olduqca təhlükəli rəqəmdir”. Onun sözlərinə görə, Tehran rejiminin ölkəmizə qarşı olan düşmən münasibətini görmək üçün Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən İranın cəsus şəbəkəsinə qarşı keçrilmiş əməliyyatları görmək kifayət edir.

"Çox da uzağa getməyək, elə birinci Avropa oyunları zamanı İran mətbuatında ölkəmiz əleyhinə aparılan kampaniya, iğtişaş və terror cəhdi, partladılmaq üçün xüsusi qaz balonlarının gətirilməsi ilə bağlı çoxsaylı faktlar mövcuddur. Həmin vaxt İranın mənfur əməllərinin qarşısı hüquq-mühafizə orqanları tərəfindən qabaqcadan alındı. Və ya Gəncə hadisələrini götürək. Gəncə hadisələrinin də İran Xüsusi Xidmət orqanları tərəfindən hazırlandığı artıq heç kimə sirr deyil. Əgər belə olmasaydı, həmin hadisələrə görə, haqqında cinayət işi qaldırılmış və beynəlxalq axtarışa verilmiş şəxslər hələ də İranda rahat gəzə bilməzdilər. Azərbaycanın dəfələrlə müraciət etməsinə baxmayaraq İran həmin şəxslərin ölkəmizə təhvil verilməsindən imtina edir. Bu da azmış kimi onlara Azərbaycan əleyhinə fəaliyyət göstərmək, terror çağırışı etmək üçün bütün imkanlar yaradılır”. Politolq bildirib ki, İran tərəfindən müxtəlif yollarla aldadılaraq hərbi təlimlərə cəlb olunmuş, Suriya, İraq və digər ölkələrə göndərilən vətəndaşlarımızla bağlı da kifayət qədər məlumatlar var və dövlət təhlükəsizlik qurumlarımızın keçirdiyi əməliyyatlar nəticəsində bu şəxslərin də bir qismi artıq saxlanılaraq istintaqa cəlb olunub.

"Keçən ilin sonlarında da Dövlət Təhlükəsizliyi Xidməti İrana bağlı böyük bir casus şəbəkəsini ifşa etmişdi. İran İslam Respublikası xüsusi xidmət orqanları nümayəndələrinin Azərbaycana qarşı həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması, yaradılmış casus şəbəkəsinin ifşa olunması istiqamətində DTX tərəfindən aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən Əsgərov Zahir Fəxrəddin oğlu, Rəsulov Elnur Akif oğlu, Ağazadə Bəxtiyar Rafiq oğlu və digərlərindən ibarət böyük bir şəbəkə ifşa olunmuşdu. Araşdırmalar zamanı onların İran xüsusi xidmət orqanının tapşırığı əsasında fəaliyyət göstərdiyi də üzə çıxmışdı.

Amma bu hal da İranın Azərbaycana qarşı məkrli fəaliyyətinin sona çatmasi ilə nəticələnmədi. Hal-hazırda həm DTX, həm də DİN tərəfindən İrana bağlı yeni casus şəbəkəsinin ifşası istiqamətində ard-arda keçirilən əməliyyatlar və saxlanılanların kimliyi də onu deməyə əsas verir ki, hələ bu istiqamətdə görüləsi xeyli işlər var”-deyən politoloqun fikrincə, İranının otuz il ərzində formalaşdırdığı cəsus şəbəkəsini tamamilə yox etmək üçün isə təkcə ayrı-ayrı dövlət qurumlarımızın fəaliyyəti yetərli deyil. Bunun üçün hər bir vətəndaşımızdan maksimum ayıq-sayıqlıq tələb olunur.

P.S. Məscidlərimizdə, ayrı-ayrı yas mərasimlərində, dini tədbirlərdə, ictimai nəqliyyatda, sosial şəbəkələrdə məshəbçilik, dini təfriqə yaymaq istəyənlərin, İran təbliğatı aparanların ifşa olunması üçün hər kəs əlini daşın altına qoymalı və belə şəxslər barədə dərhal müvafiq qurumlara məlumat verməlidir. Çünki rəsmi Tehran bütün fəaliyyəti ilə Azərbaycana düşmən, Ermənistana dost olduğunu ortaya qoyub. Düşmənlə mübarizə isə hər birimizin borcu olmalıdır.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook