SON XƏBƏR

Vətən müharibəsi iştirakçısı: "Dürdanə Əliyeva verdiyimiz ödənişi mənimsəndiyinə görə yoldaşımın diplomunu vermirlər"

Noyabr 22
23:54 2021
Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri, külli miqdarda dələduzluqda təqsirləndirilən Dürdanə Əliyevanın cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi keçirilib.
 
APA-nın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahid qismində dindirilməli olan Xədicə Əliyeva üzrlü səbəbdən məhkəməyə gələ bilmədiyindən həyat yoldaşı Şirvan Tağıyev ifadə verib.

Şahidin nümayəndəsi bildirib ki, həyat yoldaşı ixtisasartırma üçün Bakı Slavyan Universitetinə müraciət edərək Dürdanə Əliyeva ilə görüşüb: "Dürdanə Əliyeva bizdən ixtisasartırma üçün 2500 ödəməli olduğumuzu bildirdi. Dedi ödənişin 1000 manatını əvvəlcədən verməliyəm. Biz də həmin pulu verdik. Sonradan həmin pulun hesaba keçmədiyini öyrəndik. Hazırda həyat yoldaşım 1000 manata görə diplom ala bilmir. Universitetdən də deyilər ki, 1000 manatı verməlisiniz".

Prosesdə məlum olub ki, gizir Şirvan Tağıyev Azərbaycan Ordusunun hərbi qulluqçusu, Vətən Müharibəsinin iştirakçısıdır.

Məhkəməyə sədrlik edən hakim Əli Məmmədov Bakı Slavyan Universitetinin prosesdə iştirak edən nümayəndəsinə müraciət edərək hərbi qulluqçumuzun işi ilə bağlı istisna hal olaraq köməklik göstərilməsini xahiş edib: "İnsan torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün can qoyub, başımızın tacıdır. Məhkəmənin adından Universitet rəhbərliyindən xahiş edirik ki, bu şəxsə kömək etsinlər".

Daha sonra prosesdə şahid qismində Şənlik Bəyişov ifadə verib.

Şahid bildirib ki, əlavə təhsil almaq üçün Dürdanə Əliyevaya 2 min manat verib: "Dürdanə Əliyeva ilə razılaşdıq ki, ilk olaraq 1000 manat, sonra da 1000 manat verim. İmtahanlar vaxtı öyrəndim ki, universitetə borcum var. Dəymiş 2 min manat ziyanı təqsirləndirilən şəxsdən tələb edirəm".

Prosesdə ifadə verən Vahid Qurbanov isə qızı Sevda Rəhimovanın təhsil alması üçün Dürdanə Əliyevanın 2 min manat istədiyini, lakin sonradan 1000 manat verdiyini bildirib.

Proses noyabrın 29-da davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook