“Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyi sahibkarlardan nə istəyir? - İttiham
Avqust 25
10:36
2021
"Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyi və onun sədri Qurban Məmmədovun adı yenidən reyder hücumunda hallanır.
"Yeni Müsavat”a müraciət edən bir qrup kiçik sahibkar bildiriblər ki, 1 ilə yaxındır ki, "Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyi adı altında fəaliyyətdə olan, özünü əlil adlandıran şəxslər onların fəaliyyətinə mane olur: "Bizlərə qarşı mənəvi və hüquqi terror etməklə məşğuldurlar. Onlar Dərnəgül küçəsi 1 ünvanı ilə Ziya Bünyadov prospektinin kəsişməsində giriş-çıxış yolunu baglatdıraraq, bizlərin, ərazidə fəaliyyət göstərən sahibkarların obyektlərinin düz qarşısında obyekt tikməyə cəhd göstərirlər. Əllərində isə saxtalığı Bakı Şəhər İcra Hakimiyyətindən, Nərimanov Rayon İcra Hakimiyyətindən təsdiqlənən bir məktubun surəti var. Həmin məktubu əllərinə alıb özbaşınalıq, qanunsuzluq, cinayət etməkdən çəkinmirlər. Onların reyder hücumlarının təşkilatçısı Yusuf adlı maklerdir. O, əraziyə Az 90 DF 646 dövlət qeydiyyat nişanlı, ”Land Cruiser" markalı maşına gəlir. Saxta əlilləri əraziyə o gətirir, vurun, dağıdın əmrini də o verir. Anar Dəmirovun başından əsa ilə zərbəni də onun göstərişindən sonra vurdular".
Şikayətçilər deyir ki, əlilliyi şübhə altında olan şəxslərin onların fəaliyyətinə mane olmaqdan əlavə, zəbt edib tikinti aparmaq istədikləri sahə dövlət mülkiyyətində olan yaşıllıq sahəsidir və magistral avtomobil yolunun mühafizə zolağıdır: "Yaşıllıq zonasında, magistral avtomobil yolunun mühafizə zolağında tikinti işləri aparmaq, ümumiyyətlə, qanunla qadağandır. Bu barədə dövlət orqanları onlara xəbərdarlıq da edib. Buna baxmayaraq, özlərini əlil adlandıran bu şəxslər vaxtaşırı əraziyə gəlib dava-dalaş salır, ərazidə qanunsuz tikinti aparmağa cəhd göstərirlər. Nəticədə dəfələrlə onlarla ərazidə fəaliyyət göstərən sahibkarlar arasında dava-dalaş düşüb. Hazırda Nərimanov Rayon Polis İdarəsində cinayət faktları ilə bağlı bir neçə araşdırma gedir”.
Şikayətçilər deyir ki, İctimai birlik sədri Qurban Məmmədov özü kənarda dayanır və əməllərindən xəbərsiz olan 1-ci və 2-ci Qarabağ müharibəsi iştirakçılarını qabağa verir: "Qarabağda vuruşan, Vətənimiz üçün canından keçən hər bir Vətən övladı qarşısında baş əyirik. Bildiririk ki, bizlər də döyüşlərdə iştirakçı olmuşuq, 44 günlük müharibə günlərində dövlətimizə əlimizdən gələn dəstəyi vermişik. Qurban Məmmədovun oyuna salıb üstümüzə göndərdiyi müharibə iştirakçılarının bəziləri ortada dələduzluq, qanunsuzluq, cinayət olduğunu bilib sakitcə ərazidən uzaqlaşırlar. Ötən müddət ərzində Qurban Məmmədovun başının dəstəsi ilə dəfələrlə Bakının ayrı-ayrı rayonlarında bu cür qanunsuz hərəkətlər etməklə torpaqların, restoranların zəbt olunmasında adı keçib. Bu ilin aprelində gecə yarısı Qurban Məmmədovun dəstəsi bizim iş yerimizin qarşısına da hücum etdi. Oradakı 60 xan çinarını, onlarla leylandr və söyüd ağaclarını sındırıb yaşıllığı məhv etməklə ərazini zəbt etməyə çalışdılar. Bizim gözətçimizə təzyiq göstərdilər, vurdular. Dövlət qurumlarının müdaxiləsi nəticəsində yaşıl soyqırım qeydə alındı, Qurban Məmmədovun dəstəsinin cinayəti protokollaşdırılaraq istintaqa təqdim olundu. Bu günə qədər həmin cinayət işi yerində sayır.
Ekologiya Nazirliyinin nümayəndələri ərazidə olan 20 Xan çinarı, 66 ədəd Leylandr və söyüd ağaclarının invertizasiyasını həyata keçirdi. Amma yaşıl soyqırım cinayəti bu günə qədər araşdırılmamış qalıb".
Saxta əlillərin torpaq zəbti ilə bağlı faktlar həddindən artıq çoxdur. Bir müddət əvvəl mətbuatda yayılan görüntülərdə Qarabağdakı müharibədə əlil olan biri kimi təqdim edilən Məhəmmədəli Hacıyev polisin qanuni tələblərinə qarşı etiraz edərək özünü yandırmağa cəhd etməsi səhnəsi vardı. Sonradan məlum oldu ki, Məhəmmədəli Hacıyev əlil deyilmiş, ən sevimli hobbilərindən biri də çətinə düşən kimi özünü yandırmaq şousu yaratmaqdan ibarətdır.
Məhəmmədəli Hacıyev hansısa əyri yollarla 2016-cı ildə "müharibə əlili” olmağa nail olsa da, 2019-cu ildə ictimaiyyətin müraciətləri əsasında Müdafiə Nazirliyi ona müharibədə yaralanmasına aid verilən sənədi ləğv edib. Hazırda Məhəmmədəli Hacıyevin müharibədə əlil olduğunu təsdiqləyən heç bir sənədi yoxdur.
Hərbi ekspert Ədalət Verdiyev saxta əlillərlə bağlı yazısında bu mövzuda olduqca ilginc faktlara toxunmuşdu. Ekspert müharibə ilə yaxından-uzaqdan əlaqəsi olmayan Məhəmmədəli Hacıyevin şəriki Sərxan adlı birisi ilə bərabər "Vətən müharibəsi əlillərinə dəstək” İctimai Birliyinin rəhbəri olduğunu yazmışdı.
Ekspertin yazısından sitat: "Sərxan 1997-ci ildə minaya düşərək ayağını itirib. Bunun təfərrüatlarını Müdafiə Nazirliyi daha dəqiq bilir. Həmin təşkilatda yer alan digər bir saxta ”müharibə əlili" Elnur Əfəndiyevdir. Elnurun da əlilliyi saxtadır. O, həbsxanada yatarkən uduzduğu pulu zamanında ödəyə bilmədiyi üçün hansısa iynəni öz damarına vurmağa məcbur edilib, nəticədə ətraflarında çürümə gedib. Bunları onunla bir yerdə həbsdə yatanlarla birlikdə həbsxana rəhbərliyi də təsdiqləyə bilər. "Vətən müharibəsi əlillərinə dəstək” adlı ictimai təşkilatın adı altında fəaliyyət göstərən saxta əlillərin əsas fəaliyyəti vəsiqə satmaqdan (10- 30 manat), təşkilatın medalı ilə təltif etməkdən (30 -50 manat), hərdən bu ordenləri şəhid ailələrinə təqdim etməklə şəkil çəkdirməkdən və qismən mühafizəsi (sahibi) zəif, bəzən isə nəzarətsiz olan obyektləri (torpaq) ələ keçirməkdən ibarət olub. Təşkilatın fəaliyyətində basqın və reket fəaliyyətinin izlərini görmək çətin deyil. Hərdən sifarişlə basqınlar da həyata keçiriblər. Binəqədidə 15-ə qədər ev, Biləcəridə dəyəri 1 milyon manat olan kafe və çox sayda torpaq sahələri hər "əlilə” halal yolla qismət olacaq nemət deyil. Bu əmlakların alınması üçün ödənilən vəsaitin mənbəsini araşdırmaq və bu vəsaitdən ödənilən verginin miqdarına da nəzər yetirmək çətin iş deyil. 2019-cu ildə SOCAR rəsmiləri ilə "əlillər” arasında Binəqədidə baş verən hadisədə də əsas rolda Məhəmmədəli Hacıyev və onun ətrafındakılar idi.
Təxminən 1 il əvvəl "Əhmədli” metrosunun çıxışındakı "Qardaşlar” kafesinin dağıdılmasında da eyni saxta əlillər iştirak edirdilər. Bəzən başqa adamların da problemlərini həll etmək üçün ödəniş qarşılığında obyektlərə basqınlar da təşkil etməkdən çəkinmirlər. Klassik fəaliyyət sxemləri belə idi: Vatsap qrup üzvlərinə hansı obyektə və ya ərazidə aksiya (basqın) keçiriləcəyinə dair məlumat yerləşdirilir. Bəzi saytlara əvvəlcədən dəvət göndərilir, habelə "əlillərin” özlərindən də biri video çəkmək üçün təyin edilir. Obyektə anidən hücum edilir, çəliklərlə şüşələr və avadanlıqlar sındırılır, qıy-qışqırıq salınır, çəliklər kameraların önünə atılır. Mətbuat resurslarından bəziləri də hücum edənlərin qazi olduğunu zənn edərək onları müdafiə etməyə çalışır. Lakin əksər jurnalistlər artıq bu qrupun iş prinsipini anladığı üçün onların çağırışına məhəl qoymur... Bu hadisələri araşdıran hüquq-mühafizə orqanlarına digər təşkilat üzvləri təzyiq göstərir. Bu orqanlar isə onların müharibədə iştirakını və əlil olduğunu nəzərə almalı olur. Amma kimsə onların saxta əlil olduğunu araşdırmır. Çünki ortada çoxsaylı təşkilat üzvləri, onların vəsiqələri və medalları var. Bir rayonda məsələ səngiyir, çox keçmir ki, eyni fəaliyyət başqa bir rayon ərazisində təkrarlanır. Xatırladıram ki, bu tip reket fəaliyyəti ilə məşğul olan yalnız "Vətən müharibəsi əlillərinə dəstək” təşkilatı deyil. Məsələn, hazırda "Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin Nizami rayon şöbəsinin üzvü həmin rayondan seçilən və veteran döyüşçü olan bələdiyyə üzvünə qarşı zor tətbiq etdiyinə görə rayon prokurorluğunda bu gün araşdırma aparılır. Dərindən araşdırılsa, ölkə üzrə onlarla belə faktın ortaya çıxacağına əminəm".
Qlobal.az