Venesuela və digər 8 ölkə BMT Baş Assambleyasında səsvermə hüququnu itirib
Fevral 03
07:25
2026
Venesuela Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında səsvermə hüququnu itirib.
"Report"un ABŞ bürosu xəbər verir ki, bu barədə Baş Assambleyası Prezidentinin sözçüsü Şaron Birç bildirib.
Birç vurğulayıb ki, burada əsas meyar sadəcə gecikmə deyil, iki il ərzində faktiki olaraq heç bir ödəniş edilməməsidir. Əgər ölkə borcunun bir hissəsini ödəyərsə, bu məbləğ ən köhnə borclara tətbiq olunur və bu halda səsvermə hüququ qorunub saxlanıla bilər. Eyni zamanda, ölkə ödəniş edə bilməməsinin onun nəzarətindən kənar çətinliklərlə bağlı olduğunu sübut edə bilsə, Baş Assambleya istisna tətbiq edə bilər.
Məktubda qeyd olunur ki, hazırda 9 üzv dövlət 19-cu maddə çərçivəsində borclu sayılır. Həmin ölkələr borclarını son iki ilin ümumi ödəniş məbləğindən aşağı səviyyəyə endirmək üçün minimum ödəniş etməlidirlər. Siyahıda Əfqanıstan, Boliviya, Kabo-Verde, Konqo, Ekvador, Qrenada, Qvineya-Bisau, San-Tome və Prinsipi, Venesuela (Bolivar Respublikası). Sənədə əsasən, Venesuelanın borcunu tələb olunan həddən aşağı salmaq üçün etməli olduğu minimum ödəniş 115 702 476 ABŞ dollarıdır. Qeyd olunur ki, San-Tome və Prinsipi ilə bağlı Baş Assambleya ayrıca qərarla müəyyən müddətə səsvermə hüququnun saxlanmasına icazə verib, lakin Venesuela ilə bağlı belə istisna göstərilmir.



