SON XƏBƏR

Vəkil: “Saleh Rüstəmlinin vəziyyəti kritikdir”

Dekabr 07
17:31 2021
23 gündür aclıq edən siyasi məhbus Saleh Rüstəmlinin güclü başgicəllənməsi var və görmə qabiliyyətini qismən itirib. Bu barədə çərşənbə axşamı Turan agentliyinə onun vəkili Bəhruz Bayramov bildirib.

Onun sözlərinə görə, həkimlər Rüstəmlidən qan analizi üçün nümunə götürüblər, bu gün isə ultrasəs müayinəsi ediləcək.

Həkimlər durumun kritik həddə çatması barədə xəbərdarlıq edirlər və sabah məcburi qidalanma ilə bağlı qərar qəbul etməlidirlər. Amma Rüstəmli bunun qəti əleyhinədir. Aclıq zamanı 17 kiloqram çəki itirib, 69 kiloqramdan 52 kiloqrama düşüb, vəkil qeyd edib.
 
Bayramov təəssüflə qeyd edib ki, işə yenidən baxılması barədə Ali Məhkəmənin Plenumuna müraciətinə hələlik heç bir cavab yoxdur.
 
Həmçinin səhhətilə əlaqədar Rüstəmlinin cəza müddətinin qalan hissəsindən azad edilməsilı bağlı Nizami Rayon Məhkəməsinə verilən müraciətə də nə vaxt baxılacağı məlum deyil.
 
Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı, Birinci Qarabağ Müharibəsinin veteranı Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və "Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi” adlanan iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sonradan Ali Məhkəmə cəza müddətini 2 ay azaldıb. Noyabrın 6-dan azadlıq tələbilə müddətsiz aclıq edir.

Saleh Rüstəmov Qarabağ müharibəsi veteranıdır. 1992-ci ildə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olarkən rayonun sərhədyanı kəndlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə "Başkənd” əməliyyatının rəhbərlərindən biri olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook