Vəkil həbsdəki maklerə təzyiq göstərildiyini bildirir
Fevral 16
23:03
2016
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovla birgə həbs olunan İsfəndiyar İsfəndiyarovun vəkili İradə Cavadova bəyanat yayıb. Musavat.com xəbər verir ki, vəkil bəyanatda istintaq orqanını saxlanılan şəxsə təzyiq göstərməkdə ittiham edib.
"Vəkili olduğum İsfəndiyarov İsfəndiyar CM 178.2 ci maddəsi ilə həbs edilmiş və DTX-nin İstintaq Baş İdarəsi saxlanılmaqdadır. Bildirirəm ki,cinayət işinin materiallarında İsfəndiyarov və digərləri təqsirli olmasına dair hec bir mötəbər sübut olmamasına baxmayaraq, artq 9 aydan coxdur ki saxlanılmaqdadırlar.Mütamadi olaraq tərəfimdən hal hazırki cinayət işində baş vermiş qanun pozuntuları ilə bağlı şikayətlər edilir.
Sözügedən şikayətlərin nəticəsi olaraq İ.İsfəndiyarovun dediklərinə əsasən İstintaq Baş İdarəsinin rəisi Həsən Mansurov, şöbə müdiri Mahir Qasımov və müstəntiq Elşən Murtuzov istintaq hərəkəti adı ilə İ.İsfəndiyarovu 15.02.2016-cə il tarixdə saat 10:30 radələrində otaqlarına çağıraraq, ondan vəkil kimi məndən imtina etməsini,mənim Prezidentə və hüquq mühafizə orqanlarına şikayət etməyimin onun xeyrinə olmayacağını, hal hazırkı işin yuxarıdan tapşırıldığını və bu cür halın davam edəcəyi təqdirdə onun üçün xoşa gəlməz nəticələrə səbəb olacağı bildiriliblər (bundan əlavə digər təqsirləndirilən şəxslərə qarşı yalan ifadələr verməyədə məcbur edirlər).
Vəkil hesab edir İstintaq Baş İdarəsi tərəfindən atılan bu addım insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasıdır.



