SON XƏBƏR

Vəkil: “Boşanma zamanı qadınların xeyrinə olan qərarla rastlaşmamışam”

İyun 09
16:56 2020
Türkiyədə Acun Ilıcalıdan aldığı alimentlə gündəmə çevrilən blogger Şeyma Subaşı ödənilən məbləği sosial şəbəkələrdə paylaşan bank işçisinin 9 il müddətinə həbs olunmasını tələb edib.

Bildirək ki, o, hər ay keçmiş həyat yoldaşından 31 min manat (125 min lirə) aliment alır. Alimentin məhz bu qədər olması isə Türkiyədə alimentin məbləğinin vətəndaşın aldığı maaşa və ya onun gəlirinə uyğun hesablanması ilə əlaqədardır. Maraqlıdır, Azərbaycanda alimentin verilməsində nə əsas götürülür?

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev bildirib ki, bizdə alimentin tutulmasının iki qaydası var: "Birincisi odur ki, aliment ödəyənin qazancının müəyyən hissəsi ilə hesablanır. Belə ki, Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, aliment şəklində ödənilən məbləğ 1 uşağa görə qazancın və ya valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 2 uşağa görə üçdə bir hissəsi, 3 və daha çox uşağa görə isə qazancın yarısıdır. Hətta bəzən elə olur ki, uşaq xəstə olur, onun müalicəsinə ehtiyac olur. Lakin ödənilən aliment bunun üçün kifayət etmir. Bu zaman məhkəmə ayrıca olaraq uşağın müalicəsi üçün də əlavə məbləğ təyin edə bilər. Lakin bizdə çox yerdə maaşların məbləği az olduğu üçün məhkəmələr bəzən sabit məbləğ tətbiq edirlər. Bu artıq ilkin formadır. Məlumdur ki, böyük insanlar və azyaşlılar üçün yaşayış minimumu var, gəlir minimumdan az olduqda yaşamaq mümkün olmur. Sabit məbləğ məhz buna görə tətbiq olunub. Məsələn, kimsə 250 manat maaş alır və boşanıb. Övladı üçün alimet ödəməlidir. Onun 25 faizi təxminən 60 manat pul edir. Aydındır ki, bununla uşaq böyütmək və oxutmaq mümkün deyil. Qanunvericilik də bunu nəzərə alır. Bu qərar ədalətlidir. Çünki uşaqlar böyüməli, tərbiyə olunmalı, oxumalıdırlar. Həmçinin onların sağlamlığı qorunmalıdır. Hazırda aliment məsələsi ilə bağlı qanunvericilikdə hər hansı dəyişikliyə ehtiyac yoxdur, çünki bütün hallar nəzərə alınıb”.

Hüquqşünas alimentə görə həbs edilən insanlarla bağlı məsələyə də aydınlıq gətirib: "İnsanları məhkəmə qərarının icra olunmamasına görə həbs edirlər. Məsələn, məhkəmə aliment təyin edir, şəxs isə ödəmir. Buna görə onun haqqında inzibati həbs və ya cinayət işi qaldırıla bilər. Ancaq praktikada, əsasən, inzibati cəza tətbiq olunur. Bu da ədalətlidir. Çünki bəzən şəxs işləmə imkanı olduğu halda, işləmir. Lakin bəzən fərqli situasiyalarla qarşılaşmaq olur. Belə situasiyalarda cəzanın da kifayət etmədiyini görürük. Çünki işsizlik problemi var. Burada bir əvvəlkindən fərqli olaraq insan işləmək istəyir, ancaq iş tapa bilmir. Lakin buna baxmayaraq, onun barəsində inzibati cəza tətbiq edilməsini istəyirlər. Artıq bu, Avropa Konvensiyasına ziddir. Çünki qanun deyir ki, qərəzli olaraq məhkəmə qərarını icra etməkdən boyun qaçıranlara cəza düşür. Bu şəxs isə qərəzsizdir. Məsələnin həll yolunu tapmaq üçün biz hüququşünaslar, psixoloqlar, pedaqoqlar təklif etmişdik ki, Aliment Fondu yaradılsın və oraya büdcədən pul ayrılsın. Belə məqamlarda pul həmin fonddan ödənsin. Nə vaxt ki, həmin şəxsin işi, imkanı olar, fond pulunu geri alar. Çünki dünyanın çox yerində belə fond var”.

Verilən qərarların çox zaman qadınların xeyrinə olması ilə bağlı səslənən fikirlərə isə vəkil öz iradını bildirib: "Mən belə düşünmürəm. Hətta boşanma zamanı qadınlar xüsusilə mənzillə bağlı məsələdə böyük problemlərlə üzləşirlər. Bütün məsələlərdə hüququ bərabərliyi var. Məhz qadınların xeyrinə olan qərarla rastlaşmamışam.”


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook