SON XƏBƏR

Vəkil Anar Qasımlı hakim Habil Məmmədovla bağlı Məhkəmə-Hüquq Şurasına şikayət etdi

Yanvar 21
21:03 2023
Tanınmış vəkil, Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı Bakı Apellyasiya Məhkəməsinin hakimi Habil Məmmədov barədə Məhkəmə-Hüquq Şurasına şikayət edib.

Bu barədə e-huquq.az-a vəkilin özü məlumat verib.

Vəkilin sözlərinə görə, şikayətə səbəb hakimin prosessual pozuntulara yol verməsi və onunla qeyri-etik davranışı olub.

"Bakı Apellyasiya Məhkəməsinin hakimi Habil Məmmədovun icraatında hüquqlarını müdafiə etdiyim Abdullayev Mikayıl Vaqif oğlunun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılmış ittiham hökmündən həm təqsirləndirilən şəxsin müdafiəçisi, həm də zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işi var. Cinayət işi apellyasiya instansiyasına 12.09.2022-ci ildə daxil olub. Lakin indiyədək hakim Habil Məmmədov həmin cinayət işi üzrə bir dəfə də olsun məhkəmə baxış iclası keçirməyib, 3 dəfə əsassız yerə məhkəmə baxış iclasını təxirə salmaqla işi süni surətdə uzadır", - deyə A.Qasımlı qeyd edib.

O, əminliklə bildirib ki, işə ədalətli baxılarsa, bəraət hökmü çıxarıla bilər: "Lakin Habil Məmmədovun hər dəfə məhkəmə iclasını müxtəlif bəhanələrlə təxirə salması müdafiə tərəfində onun işin nəticəsində maraqlı olması və bununla da məhkum edilmiş şəxsin daha uzun müddət həbsdə qalmasına şərait yaratması şübhəsini formalaşdırıb".

Vəkil sonuncu dəfə H.Məmmədovun məhkəmə prosesini heç bir əsas olmadan təxirə saldığını, nəticədə aralarında mübahisə yarandığını və hakimin onu təhqir etdiyini iddia edib.

"19 yanvar 2023-cü il tarixə saat 12:10-a təyin olunmuş məhkəmə iclasına vaxtında gəlsəm də, hakim prosesi vaxtında başlamadı. Xahiş etdi ki, işləri çox olduğu üçün bir qədər gözləyək, amma bu dəfə iclası mütləq keçirəcək. Saat 13:40-dək hakim Habil Məmmədov bizi gah məhkəmə iclas zalında, gah da qapalı iclas keçirərək foyedə gözlətdi. Yekunda isə bildirdi ki, zərərçəkmiş şəxslərdən biri xəstə olduğu üçün iclasa gəlməyib, ona görə məhkəmə iclası təxirə salınmalıdır. Bu, hakimin gətirdiyi səbəb olsa da, əslində səbəb o deyildi. Çünki zərərçkmiş şəxslərdən biri olmadığı halda belə, məhkəmə iclası davam etdirilə və sonra təxirə salına biləırdi. Hətta dövlət ittihamçısı da hakimdən iclası başlamağı, digər apellyasiya şikayətləri üzə dəlilləri dinləyib, iclası sonra təxirə salmağı xahiş etsə də, hakim Habil Məmmədov sanki hakim deyil, zərərçəkmiş şəxsin nümayəndəsi qismində çıxış edərək, bu halda zərərçəkmiş şəxsin hüquqlarının pozulacağını, ona görə iclası təxirə salacağını bildirdi. Mən buna etiraz edərək, hakimin indiyədək dəfələrlə məhkəmə iclasını üzrsüz səbəbdən təxirə salmasının müdafiə tərəfində onun işin süni surətdə uzadılmasında maraqlı olması şübhəsi yaratdığını, ona görə də sədrlik edən hakimə etiraz edəcəyimi bildirdim. Habil Məmmədov hakim etikasını pozub mənə "sən" deyə müraciət edərək, belə bir cümlə işlətdi: "Sən də lap qan-qan deyirsən". Mən hakimin diqqətinə çatdırdım ki, o, artıq ikinci dəfədir bu ifadəni işlədir. İlkin baxış iclasında da eyni ifadəni işlətmişdi. Bildirdim ki, mən "qan-qan" yox, qanun deyirəm. Bu sözlərimdən sonra Habil Məmmədov özündən çıxaraq, "Əəə, sənin kimilərini ələ salarlar da, keçərlər də" deyərək məni təhqir etdi. Mən ondan xahiş etdim ki, etik qaydalara riayət etsin, əks halda, barəsində Məhkəmə-Hüquq Şurasına müraciət edəcəyəm. Habil Məmmədov yenə də qeyri-etik davranış nümayiş etdirərək, "ə, hara ürəyin istəyir, get şikayət elə" deyə cavab verdi", - A.Qasımlı bildirib.

Vəkilin sözlərinə görə, məsələ ilə bağlı artıq Məhkəmə-Hüquq Şurasına, Azərbaycan Respublikası Bəkillər Kollegiyasına və Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib.

Vəkilin iddiası ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin mövqeyini öyrənməyə çalışdıq. Məhkəmənin spiker hakimi Cavid Hüseyn e-huquq.az-a açıqlamasında bildirdi ki, məsələ araşdırıldıqdan sonra bu barədə ətraflı məlumat veriləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook