Vaqonda yaşayan müəllimə: İnternetimiz yoxdur ki, onlayn dərslərə qoşulaq
Yanvar 29
08:48
2021
Afayət Səfərova həm özünün, həm də məktəbli övladlarının onlayn dərslərə çətinliklə qoşulmasından şikayətlənir
"Çox böyük zülmlə balalarımı bir vaqona toplamışam. İndi bu vaqona internet xətti çəkilmir ki, mən şagirdlərimə onlayn dərs keçim”.
Qlobal.az xəbər verir ki, bunu Meydan TV-yə Mingəçevir sakini Afayət Səfərova deyir.

İnternet xətti olmadığından həm məktəbli övladları, həm də özü onlayn dərslərə qoşulmaqda çətinlik çəkir
"Kiçik maaşla böyük kredit ödəyən müəlliməyəm”
"Torpaq sahəsinin rüsumuna, ərazini hasarlatmağa, qaz xətti çəkilməsinə, 9 kvadratlıq otaq tikməyə görə (otaq olmadan qaz xəttinin çəkilişinə qanunla icazə yoxdur) bankdan 6.500 manat kredit götürməli oldum. Kiçikhəcmli müəllim maaşımla uzun müddət həmin krediti ödəməliyəm. İndi əsas internet xəttinin olmamasıdır ki, həm məktəbli övladlarım, həm də özüm onlayn dərslərə qoşulmaqda əziyyət çəkirəm”, - şikayətçi deyir.
"İnternet yoxdur ki, qərarlardan xəbər tutum”

Aran küçəsi 20-də yerləşən vaqon 20-yə telefon və internet çəkilişi mümkün deyil.
"Ya gərək hər dəfə 50 manatlıq kontur yükləyib, internet paket götürüm ki, buna maddi imkanım yol vermir, ya da gərək uşaqları da götürüb, gedib onun-bunun evində onlayn dərslərə qoşulum. Bu da gündəlik bir iş olduğuna görə insanları davamlı narahat etmiş oluram. Aidiyyəti qurumlardan tutmuş prezidentədək hər yerə müraciət etmişəm... Mən müəlliməyəm, işim birbaşa internetlə əlaqəlidir. Qaldığım yerdə günün 24 saatı internet olmalıdır ki, həm dərs deyə, həm də təhsillə bağlı məlumatları, yenilikləri izləyə bilim. Nazir brifinq keçirir, müəllimənin interneti yoxdur ki, izləsin, nazirin açıqlamalarından, hökumətin təhsillə bağlı qərarlarından xəbər tutsun...”
Mingəçevir Telekommunikasiya Qovşağından Meydan TV-yə bildirilib ki, Afayət Səfərovanın ərizəsi araşdırılıb. Məlum olub ki, yaşadığı Aran küçəsi 20-də yerləşən vaqon 20-yə telefon və internet çəkilişi mümkün deyil. Səbəb həmin ərazidə bunun üçün texniki şəraitin olmamasıdır.
2020-ci ilin mart-iyun aylarında pandemiya ilə əlaqədar olaraq ölkənin təhsil müəssisələrində tətbiq edilən yanaşma davam etdirilir və tədris prosesi məsafədən həyata keçirilir. Cari təhsil ilinin başlanğıcında ekspertlər təklif etmişdi ki, müəllimlər üçün internet pulsuz olsun.

"Nazir brifinq keçirir, müəllimənin interneti yoxdur ki, izləsin, nazirin açıqlamalarından, hökumətin təhsillə bağlı qərarlarından xəbər tutsun...”



