"Vaqner" muzdlularının düşərgəsi hava hücumuna məruz qalıb
Noyabr 29
09:37
2022
Mərkəzi Afrika Respublikasında (MAR) naməlum təyyarə şimalda "Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) rusiyalı muzdluları ilə əlaqəli olan hərbi obyektə hava zərbəsi endirib.
"Report” xəbər verir ki, bu barədə Mərkəzi Afrika Respublikası hökumətinin feysbukda yaydığı açıqlamasında bildirilib.
Əsgərlərin düşərgəsi Rusiyanın yarım hərbi birləşmələrinə aiddir, ölkə hakimiyyəti onları "müttəfiqlər” adlandırır. Təyyarə Bossanqoa şəhərinə partlayıcı atıb, hücum sonucunda ölən olmayıb.
"Zərbə müdafiə qüvvələrimizin bazasını, müttəfiqlərimizi və pambıq fabrikini hədəf alıb. Məsuliyyət daşıyanları müəyyən etmək üçün təhqiqat başlanılıb”, - açıqlamada vurğulanıb.
Fransa mərkəzli "Le Monde” nəşri Bosanqoa administrasiyasının su və meşə ehtiyatları üzrə məsul şəxsi Etyen Nqeretuma istinadən bildirib ki, təyyarə yerli vaxtla səhər saat 02:50-də Rusiya hərbçilərinin bazasını bombalayıb:
"Biz azı 4 partlayış eşitdik. Gecə idi, ona görə də təyyarəni görmədik - işıqları sönmüş halda sakitcə uçurdu”.
Şəhərin meri Pyer Denamger hava hücumu faktını təsdiqləyib.
"Le Monde” bu olayı Mərkəzi Afrika Respublikasında 2013-cü ildə sona çatan vətəndaş müharibəsi başlayandan bəri ilk təyyarə hücumu kimi qiymətləndirib.
KİV-in məlumatına görə, MAR-da yüzlərlə rusiyalı muzdlu var. Onlar yerli orduya üsyançılara qarşı mübarizədə yardım edirlər.