“University of Essex”də Xocalı qurbanlarının xatirəsi yad edilib - Video
Fevral 27
22:17
2026
Böyük Britaniyanın aparıcı ali təhsil ocaqlarından biri olan "University of Essex”də Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə anım tədbiri təşkil olunub.
"Qafqazinfo” xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.
Universitetdə fəaliyyət göstərən Azərbaycan Tələbə Cəmiyyətinin rəhbəri Əli Xəlilov çıxış edərək iştirakçılara Xocalı faciəsinin başvermə şəraiti, tarixi kökləri və doğurduğu ağır humanitar nəticələr barədə ətraflı məlumat təqdim edib. O vurğulayıb ki, bu faciə Azərbaycan xalqının kollektiv yaddaşında dərin və sağalmaz iz buraxıb.
Məlumat üçün bildirək ki, Böyük Britaniyanın ondan artıq nüfuzlu universitetində fəaliyyət göstərən Azərbaycan Tələbə Cəmiyyətləri ölkəmizin tarixi həqiqətlərinin beynəlxalq akademik dairələrdə tanıdılması istiqamətində ardıcıl iş aparırlar. Onların təşəbbüsü ilə keçirilən anım və maarifləndirmə tədbirləri həm tarixi yaddaşın qorunmasına, həm də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına mühüm töhfə verir.



