"Ulu Öndərin sevimli qəhrəmanları" silsiləsindən tədbirlər həftəsinə start verilib - VİDEO
Yanvar 23
02:15
2023
Respublikamızın bütün bölgələrində olduğu kimi Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəsisələrində də "Heydər Əliyev İli" İlə bağlı tədbirlər həyata keçirilir.
Tədbirlərdə Azərbaycan xalqının Ümummilli Lideri, müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin zəngin həyat yolu və həmişə fəxr etdiyi doğma Vətəni, Azərbaycan xalqı və dövləti qarşısında müstəsna xidmətləri bir daha xatırlanır, geniş təbliğ olunur, bu gün və gələcəkdə də nümunə qaynağı olan irsi dərindən öyrənilir.
21 yanvar 2023-cü ildə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə "Heydər Əliyev İli" çərçivəsində "Ulu Öndərin sevimli qəhrəmanları" silsiləsindən görkəmli sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunmuş vətənpərvərlik tədbirləri həftəsinə start verilib.
Təntənəli mərasim başlamazdan öncə Həzi Aslanovun Mərkəzdə ucaldılan abidəsi ziyarət olunub və qarşısına qızılgül çələngi qoyulub, güllər düzülüb.
Nəzərə çatdırılıb ki, dahi lider Heydər Əliyev 9 may 1994-cü ildə şəxsən bu abidənin açılışını edib, veteranların və gələcəyin zabitləri olacaq kursantların qarşısında geniş nitq söyləyərək deyib: "Hərbi peşə, zabitlik peşəsi, Vətəni müdafiə işi müqəddəsdir. İnsan həyatda çox peşələrlə məşğul ola bilər. Amma hər bir adam özünü hərbi işə, əsgəri işə, Vətəni müdafiə etmək işinə həsr edə bilməz. Bunu yalnız Vətənini həddindən artıq sevən, xalqına sadiq olan insanlar edə bilərlər. Mən sizi məhz bu cür görmək istəyirəm... Hər bir kursant Vətənimizi Həzi Aslanov kimi sevməli, hərbi peşəni Həzi Aslanov kimi mənimsəməlidir. Həzi Aslanov həm vətənpərvərliyinə, həm öz zəkasına, biliyinə görə, həm də hərbi peşəyə böyük hörmət və məhəbbətinə görə zabitlik peşəsini seçmiş, general səviyyəsinə yüksəlmiş və Qafqaz dağlarından Pribaltikaya qədər döyüşə-döyüşə getmiş, həlak olmuşdur. Həzi Aslanov Böyük Vətən müharibəsində mərdliklə döyüşən, vuruşan Azərbaycan xalqının nümayəndələrindən ən görkəmlisidir. O, bu döyüşlərdə həlak olmuş, ancaq öz vətəndaşlıq borcunu yerinə yetirmiş, Azərbaycan xalqının hansı yüksək mənəvi keyfiyyətlərə malik olduğunu dünyaya nümayış etdirmişdir".
Abidə ziyarət olunduqdan sonra tədbir iştirakçıları görkəmli sərkərdə H.Aslanova həsr olunan fotosərgi ilə tanış olublar.
Təlim və Tədris Mərkəzinin klubunda keçirilən mərasimi layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani açaraq xalqımızın qəhrəman oğlunun hər bir gənc üçün bu gün də örnək olan mənalı həyatı və döyüş yolu, eləcə də xalqımızın ümummilli lideri Heydər Əliyevin qəhrəmanın adının əbədiləşdirilməsi sahəsində tarixi xidmətləri barədə ətraflı məlumat verib.
Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini-Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov tədbir iştirakçılarını salamlayaraq, "Ulu Öndərin sevimli qəhrəmanları" silsiləsindən vətənpərvərlik tədbirləri həftəsinin proqramı ilə tədbir iştirakşılarını məlumatlandırıb. Bildirilib ki, "Heydər Əliyev İli" çərçivəsində keçirilən Həzi Aslanovun xatirəsinə həsr olunmuş xatirə həftəsi ərzində qəhrəmanın birinci Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunacaq, Xətai rayonunda Həzi Aslanov qəsəbəsindəki büstü qarşısında xüsusi təyinatlı təhsil müəsisələrinin kursantları ilə qəhrəmanın ailə üzvlərinin görüşü keçiriləcək, Beyləqan rayonunda vaxtilə Həzi Aslanov adına savxozun ərazisində ucaldılan, sonralar isə həmin ərazidə Azərbaycan əsgərlərinin iştirakı ilə salınmış parkdakı abidə qarşısında əsgərlərin, Vətən müharibəsi iştirakçısı olan tankçıların toplantısı təşkil olunacaq, yanvarın 24-də - H.Aslanovun həlak olduğu gün qəhrəmanın Lənkəran şəhərindəki ev muzeyində anım mərasimi keçiriləcək. General-mayor E.Xəlilov qeyd edib ki, Vətən müharibəsində möhtəşəm zəfərin qazanılmasında digər qoşun növləri ilə yanaşı H.Aslanovun davamçıları olan Azərbaycan tankçılarının da müstəsna xidmətləri olub. Məhs Vətən müharibəsindən 9 ay öncə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Həzi Aslanovun 110 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı müharibə ərəfəsində Vətən müdafiəçilərinin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin daha da yüksəldilməsinə zəmin yaradıb.
"Hər birimiz Həziyik, hər bir əmrə hazırıq" devizi altında keçirilən tədbirlərdə Azərbaycan əsgər və zabitləri söz veriblər, and içiblər ki, Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olacaq, respublikamızın ərazi bütövlüyünün bərpası, işğal edilən tarixi torpaqlarımızın azad edilməsi uğrunda canlarından və qanlarından da keçəcəklər.
Qeyd edilib ki, "Vətən Müharibəsi Qəhrəmanı" adına laiq görülən, yüksək döyüş orden və medalları ilə təltif olunan döyüşçülərimizin sıralarında əfsanəvi qəhrəman H.Aslanovun davamçıları olan tankçılar da yetərincədir.
General-mayor E.Xəlilov əmin olduğunu bildirib ki, bu tədbirlər də yüksək səviyyədə keçiriləcək və Azərbaycan Ordusunun şəxsi heyətinin vətənpərvərlik hissini daha da yüksəldəcəkdir.
General-mayor E.Xəlilov alqışlar altında "Heydər Əliyev İli" çərçivəsində "Ulu Öndərin sevimli qəhrəmanları" silsiləsindən tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunmuş vətənpərvərlik tədbirləri həftəsini açıq elan edib.
Sonra Azərbaycan Ordusun şəxsi heyətinin döyüşən teatr kimi tanıdığı unudulmaz sənətkalarımız, xalq artistləri Amaliya xanım Pənahova və Yusif Muxtarovun 30 il öncə birgə yaratdıqları Bakı Bələdiyyə teatrı yaradıcı kollektivinin ifasında A.Qurbaninin "Həzi Aslanov xatirələr işığında" adlı pyesi əsasında hazırlanan tamaşadan parçalar nümayiş etdirilib.
Tamaşa tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Tamaşanın sonunda Bakı Bələdiyyə teatrı Azərbaycan Ordusunun şəxsi heyətinə göstərdiyi mədəni xidmətlərə görə Müdafiə Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub.
Tamaşada H.Aslanovun şəxsi həkimi olmuş və onun haqqında, müəmmalı ölümü barədə ilk olaraq məlumat vermiş gürcü Baqiaşvilinin obrazını məharətlə canlandıran Əməkdar artist Tofiq Bayramova Müdafiə Nazirliyinin Fəxri Fərmanı və gül çələngi hədiyyə edilərək, anadan olmasının 80 illiyi münasibəti ilə Azərbaycan əsgərinin təbrikləri çatdırılıb.
Təbirin sonunda igid sərkərdənin nəvəsi polis polkovnik-leytenantı Emin Aslanov Ulu Öndər Heydər Əliyevin daim qəhrəmanın ailəsinə diqqət və qayğı göstərdiyini yada salıb, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə ali diqqət üçün Aslanovlar ailəsi adından minnətdarlıq edib.
Məlumatı Müdafiə nazirliyi yayıb.
Qlobal.az