Ulu öndər Heydər Əliyev xalqımızın multikulturalizm ənənələrinin yaşadılmasına əvəzsiz töhfələr verib
İyun 07
10:38
2016
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə "Ulu öndər Heydər Əliyev və Azərbaycanda multikulturalizm” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik Mirqiyas Rüstəmovun "Multikulturalizm və onun silahlı qüvvələrdə əhəmiyyəti”, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənlinin "Azərbaycan cəmiyyətində multikulturalizmin psixoloji əsasları”, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı, Azərbaycan Respublikasının Xalq Artisti Kamran Quliyevin "Multikulturalizmdə çoxmədəniyyətlilik” mövzularında məruzələri dinlənilib.
Məruzələrdə qeyd edilib ki, əsrlərdir xalqımız tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini həyat tərzinə çevirərək, multikulturalizm ənənələrinin formalaşmasına mühüm töhfələr verib. Dövlətimizin başçısı İlham Əliyevin 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili” elan etməsi heç də təsadüfi deyil və bunun dərin tarixi kökləri var. Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb, bununla bağlı dərin tarixi baza formalaşdırıb. Ölkəmizdə heç vaxt dini və etnik zəmində qarşıdurma olmayıb və bu proses indi də uğurla davam etdirilir. Azərbaycan cəmiyyətindəki dözümlülük ölkədə nadir tolerantlıq mühiti yaradıb və indi bu, bir nümunə kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün zəruri siyasi və sosial şərait mövcuddur. Multikulturalizm bu gün Azərbaycanda gedən demokratik proseslərin ayrılmaz tərkib hissəsi kimi çıxış edir.
Bildirilib ki, milli həmrəyliyi, bütövlüyü, birliyi təmin edən, milli təəssübkeşlik, vətənpərvərlik hisslərini daha da gücləndirən ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi bu gün silahlı qüvvələrdə də prioritetdir və bu istiqamətdə ardıcıl, məqsədyönlü iş aparılır. Müasir, müstəqil Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını əhatə edərək, onların milli istinad mənbəyinə çevrilib. Dahi rəhbərin azərbaycançılıq məfkurəsi xalqımızı və dövlətimizi daha xoşbəxt gələcəyə aparır. Bu məfkurə əsasında milli mənəvi dəyərlərimiz qorunur. Tolerantlıq bu gün Azərbaycan xalqının həyat tərzinə çevrilib. Milli mənəvi dəyərlərə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan dini dəyərlərə münasibətdə respublikamız dünya ölkələri üçün örnəkdir.
Məruzələrdən sonra Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Nəriman Nərimanovun "Nadanlıq” pyesi əsasında hazırlanmış "Nadanlıq və ya qəfil telefon zəngi” tamaşası nümayiş etdirilib.
Qlobal.az