Ulu öndər Heydər Əliyev vətəni, milləti, dövləti sevməyin, ona təmənnasız xidmət etməyin canlı nümunəsi idi
May 15
22:05
2018
YAP İdarə Heyətinin üzvü, BDU-nun rektoru Abel Məhərrəmov
- 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə irəli çəkilən Ulu öndər Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi baryerlərə sinə gərərək xalqın milli özünüdərki üçün zəruri tədbirlər həyata keçirməyə başladı, cəmiyyəti bütün sahələr üzrə mənəvi yüksəlişlərə ruhlandırdı, hər bir kəsdə milli heysiyyatı gücləndirmək, onu şanlı keçmişinə, soy-kökünə qaytarmaq, habelə zəngin mədəni irsini yaşatmaq naminə bir sıra tədbirlər reallaşdırdı. Bugünkü müstəqil Azərbaycan dövlətinin iqtisadi-siyasi əsaslarının, milli kadr potensialının formalaşması, respublikada strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin açılması da məhz ötən əsrin 70-80-ci illərinə təsadüf edir. Ümummilli lider Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olundu, bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırıldı. Böyük strateqin təkidi ilə keçmiş ittifaq rəhbərliyi respublikamızda bir sıra iri müasir maşınqayırma, kimya, neft-kimyası, elektron sənayesi, əlvan və qara metallurgiya, toxuculuq, yeyinti, emal müəssisələrinin tikintisinə razılıq verdi, paralel olaraq energetika və nəqliyyat kompleksi inkişaf etdirildi. Həmin illərdə Bakıda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə inşa olunan iri müəssisələr bugünün özündə də iqtisadiyyatın güclü sənaye kompleksinin formalaşmasına zəmin yaradan möhkəm təməldir. Bütün bunlar bir daha təsdiqləyir ki, Heydər Əliyev o dövrün ağır şərtləri, məhdudiyyətləri çərçivəsində də xalqımızın gələcək rifahı üçün əlindən gələni əsirgəməmiş, bəzən mümkün görünməyəni reallığa çevirmişdir. Çox sonralar nitqlərinin birində «Biz sovet rejimində yaşayırdıq. Məgər biz bu rejimi dəyişə bilərdik? Amma iş ondadır ki, bu rejim altında olsa da sən xalqın, millətin üçün nə edirsən? Əgər bu rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarından istifadə edib xalqına kömək göstər. Mən bunu etdim. Azərbaycan o illərdə çox yüksəklərə qalxdı» - deyən Heydər Əliyev həmin dövrü Azərbaycanın inkişafında mühüm mərhələ kimi səciyyələndirmişdir.
Mən özümü xoşbəxt insanlardan sayıram ki, Heydər Əliyevi tələbəlikdən tanıyır və gənclərə göstərdiyi qayğının şahidiyəm. Yadımdadır, 1969-cu ildə Bakı Dövlət Universitetinin 50 illik yubileyi keçirilirdi. O zaman mən universitetin kimya fakültəsinin üçüncü kurs tələbəsi idim. Mərasimə əlaçı tələbələr də dəvət edilmişdi. İndiki Şəhriyar klubunda keçirilən tədbirdə unudulmaz Heydər Əliyev Azərbaycan dilində çox dərin məzmunlu nitqlə çıxış etdi. Bu, bizi çox heyrətləndirdi. Çünki həmin vaxtlarda ən kiçik iclaslar belə rus dilində aparılırdı. Məhz Heydər Əliyevin o tədbirdəki çıxışı, mən deyərdim ki, tarixi bir məqam, tarixi bir nitq oldu. Biz ilk dəfə idi ki, ölkə rəhbərinin dilindən Bəhmənyar, Nəsrəddin Tusi, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi klassiklərin adını eşidirdik. Heydər Əliyev onların hər biri haqqında maraqlı fikir söyləyirdi. Açığı, Heydər Əliyevin doğma dilimizə, klassiklərimizə bu cür ehtiramla yanaşması bizə çox təsir etdi. Bəlkə də bizdə milli hisslərin, vətəndaş təəssübkeşliyinin oyanıb inkişaf etməsində məhz həmin tarixi görüşün öz yeri var. İndinin özündə də ulu öndər haqqında düşünəndə gözlərim önündə məhz həmin görüş canlanır. Qadağaların hökm sürdüyü bir dövrdə Heydər Əliyevin bu cəsarətli addımı biz gənclərin düzgün istiqamətlənməsində böyük rol oynadı.
Həmin dövrdə cəmiyyətin ən müxtəlif sahələrində nizam-intizamın, haqq-ədalətin təminatına çalışan, bunu məmurluğun formuluna çevirən ulu öndər bu yolla dövlətlə xalq arasında möhkəm mənəvi, siyasi və hüquqi bağlantıya, qarşılıqlı etimada nail olmağa çalışmışdır. Ümummilli lider qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmiş, xalqın hüquqlarının əzmkar və cəfakeş müdafiəçisinə çevrilməklə, milli ruh, iradə və özünüdərk meyillərinin ictimai şüurda möhkəmlənməsinə nail olmuşdur.
- Sovetlər birliyi dönəmində Azərbaycana rəhbərlik edən Ulu öndərimiz milli kadrların yetişdirilməsi işinə böyük diqqət yetirib. Bu barədə nə deyə bilərsiniz?
- Bəli, Ulu öndər milli kadrların yetişdirilməsi işinə də xüsusi qayğı ilə yanaşmış, bu məqsədlə təhsilin səviyyəsinin yüksəldilməsini önə çəkmişdir. O dövrdə milli mütərəqqi fikrin və ictimai düşüncənin başlıca mərkəzi kimi çıxış etməklə flaqman ali məktəb statusunu qoruyub saxlayan, milli kadr hazırlığında əsas yükü üzərinə götürən Azərbaycan Dövlət Universitetinə diqqət və qayğının artırılması, bu təhsil ocağının fəaliyyətinin gücləndirilməsi də daim Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Heydər Əliyev yaxşı bilirdi ki, universitet auditoriyalarında, kafedralarında işləyən, dərs deyən müəllimlər Azərbaycan xalqının mənliyinin, milli şüurunun, milli ruhunun inkişaf etdirilməsi prosesində müstəsna rol oynayırlar. O zaman azərbaycanlı gənclərin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərdə oxumağa göndərilməsi də məhz Heydər Əliyevin təşəbbüsü sayəsində baş tutdu. Bu qayğıdan bəhrələnənlərdən biri də mən oldum. Ulu öndərin köməyi ilə mən Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinin aspiranturasına daxil oldum. Həmişə arzusunda olduğum, lakin reallaşmasına inana bilmədiyim bu hadisə mənim həyatımda çox böyük rol oynadı. Yaxşı xatırlayıram ki, Moskvada təhsil aldığımız illərdə Ulu öndər bir neçə dəfə bizimlə görüşdü, qayğılarımızla maraqlandı və hər dəfə də vətən üçün ləyaqətli kadrlar olmağı tövsiyə etdi. Heydər Əliyevin bizə göstərdiyi bu diqqət Rusiyada təhsil alan tələbələr üçün çox önəmli oldu. Biz hər bir addımımızda məhz Ümummilli liderin məsləhətlərinə əməl etməyi, onun dediyi kimi öyrənməyi, oxumağı, vətənə yüksək ixtisaslı kadr kimi qayıtmağı qarşımıza məqsəd qoymuşduq. Həyat göstərdi ki, Heydər Əliyev necə uzaqgörən və müdrik imiş. Məhz Ulu öndərin təşəbbüsü sayəsində xarici ölkələrin ali məktəblərində təhsil alanlar sonralar Azərbaycana qayıdaraq xalqa, millətə ləyaqətlə xidmət etdi. Bu xidmətin isə yüksək səviyyədə olması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Çünki O, hər birimizin həm insan, həm də ixtisaslı kadr kimi formalaşmasında mühüm rol oynadı.
Ulu öndər Azərbaycan Dövlət Universitetinin 60 illik yubileyinin təşkilinin də əsas təşəbbüskarı olmuş, 1980-ci ildə keçirilmiş həmin mərasimdə iştirak edərək təbrik nitqi söyləmişdir. Sovetlər birliyi dövründə universitetin beynəlxalq əlaqələrinin genişlənməsi də məhz Heydər Əliyevin respublikada rəhbərliyə gəlişindən sonra mümkün olmuşdur. Universitet bir sıra dövlətlərin analoji ali təhsil müəssisələri ilə əməkdaşlığa başlamış, beynəlxalq əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Ümumiyyətlə, 1969-1982-ci illərdə Azərbaycanda humanitar və ictimai elm sahələrində böyük irəliləyişlər əldə edilmiş, dilimizin, tariximizin, folklorumuzun tədqiqi sahəsində uğurlu nəticələr qazanılmışdır. Sovet rejiminin sərt qanunlarına baxmayaraq, respublikada böyük iqtisadi, elmi və ədəbi-mədəni potensialın yaradılması da məhz bu uzaqgörən siyasətin nəticəsidir. Heydər Əliyevin yaratdığı siyasi məktəbdən dərs alan, yetişən insanlardan biri də mən oldum. Bu gün iftixar hissi keçirirəm ki, ulu öndərin mənim taleyimdə pozulmaz izləri var.
Xalqın azadlıq idealları, XX əsrin əvvəllərindəki azərbaycançılıq, dövlətçilik dəyərləri ictimai şüurda geniş meydan tapmışdır. Milli-mənəvi şüura qayıdış çağdaş milli varlığın təsdiqi kimi reallaşmış, zəruri tarixi-mənəvi prosesə çevrilmişdir. Ötən əsrin 80-ci illərinin sonunda Azərbaycan xalqının milli «Mən»ini qorumaq üçün ayağa qalxıb ermənilərin ərazi iddialarına sərt reaksiya verməsi, ölkədə milli-azadlıq hərəkatının genişlənməsi də məhz bu möhkəm ideoloji-siyasi təmələ əsaslanmışdır.
Ümummilli liderin dövlətçilik fəlsəfəsinə görə elmə, təhsilə göstərdiyi qayğı xalqın xoşbəxt gələcəyinə qoyulan təminatlı sərmayədir. Ötən əsrin 60-cı illərində SSRİ-nin müxtəlif yerlərində oxumaq istəyənlər üçün yalnız 50 yer ayrıldığı halda 80-ci illərin əvvəllərində bu göstərici 1000 nəfəri ötmüşdü. Bu illərdə Ulu öndərin qayğı və diqqəti ilə 10 minədək azərbaycanlı gənc respublikamızdan kənarda - keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilmişdir. Məhz həmin dövrdə prioritet istiqamətli ixtisaslara yiyələnmiş yüksək səviyyəli kadrlar bu gün Azərbaycanda hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edirlər. Xüsusi vurğulamaq lazımdır ki, elmin, təhsilin inkişafı, milli-mənəvi dəyərlərə həssas münasibət məsələləri müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə də Ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas qayəsini təşkil etmişdir.
- Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda təhsilin inkişafını daim diqqət mərkəzində saxlayırdı. Elm və təhsil xadimi olaraq Ulu öndərimizin bu istiqamətdəki fəaliyyəti haqqında düşüncələriniz nədən ibarətdir?
- 1993-cü ilin iyun ayında xalqin təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev təhsil sistemində baş verən boşluqları, deformasiyaları düzəltmək üçün böyük qüvvə sərf etdi. Mən çox fərəhlə qeyd edirəm ki, Ulu öndər həmişə Bakı Dövlət Universitetinə xüsusi diqqətlə yanaşıb. Ölkənin problemlər içində çaxnaşmasına baxmayaraq məhz Heydər Əliyevin qayğısı sayəsində 1994-cü ildə Bakı Dövlət Universitetinin 75 illik yubileyinin yüksək səviyyədə keçirilməsi baş tutdu. Biz bu görüşə böyük ehtiram və ümidlə gəlmişdik. Həmişəki kimi Heydər Əliyev özünəməxsus müdrikliklə elmin və təhsilin qarşısında dayanan problemlər haqqında fikirlərini söylədi, çıxış yolunu göstərdi. Bir vaxt tələbəlik illərində Ümummilli liderin Azərbaycan dilində necə rəvan, təmiz, səlis danışmasına təəccüblənmişdim. İndi də Ulu öndərin fenomen yaddaşı, universiteti yaxından tanıması, orada çalışan professor-müəllim heyətinin potensialından xəbərdar olması məni bir daha heyrətləndirdi. Heydər Əliyevlə hər görüş bir universitet təhsilinə bərabər idi. Bu, mübaliğə deyil, həqiqətdir.
1998-ci ilin 31 avqustunda 1970-1987-ci illərdə Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin ümumrespublika toplantısındakı nitqində həmin dövrü xarakterizə edən Heydər Əliyev bir çox məqamlara toxunaraq demişdi: «Mən 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçiləndən sonra dərhal birinci növbədə təhsil məsələləri ilə məşğul olmağa başladım. Araşdırmalar apararkən mənə aydın oldu ki, Azərbaycandan kənarda respublikamızın özündə hazırlana bilməyən ixtisaslar üzrə ali təhsil almaq üçün respublikaya 50 nəfərlik limit verilibdir. Mən dərhal maraqlandım ki, bəs siz kimləri seçmisiniz, kimləri oxumağa göndərirsiniz? Siyahını aldım, çox təəssüfləndim. Onların əksəriyyəti azərbaycanlı deyildi. Sonrakı illərdə də bu məsələ bir az çətin idi. Bilirsiniz ki, Azərbaycanda bir çox millətlərin nümayəndələri vardır. O vaxt mən iki-üç ildən sonra hər il respublikadan kənarda oxumağa göndərilənlərin 97-98 faizinin azərbaycanlılardan ibarət olmasına nail oldum». Ümummilli lider 1982-ci ildən sonra da milli maraqlarla bağlı məsələlərdə daim əzmkarlıq göstərmiş, yüksək siyasi iradə ortaya qoymuş, mərkəzin yeritdiyi siyasətin ayrı-ayrı çalarları ilə bağlı tənqidi fikirlərini, mülahizələrini söyləmişdir. Heydər Əliyev SSRİ rəhbərliyində yüksək vəzifə tutan zamanlar da doğma vətənini, xalqını unutmamış, hər zaman Azərbaycanın mənafeyini müdafiə etmişdir.
1999-cu ilin yanvarında Heydər Əliyevin sərəncamı ilə mən Bakı Dövlət Universitetinə rektor təyin edildim. Sərəncamdan öncə Ulu öndərin qəbulunda oldum və bir saata yaxın söhbət etdik. Bu ünsiyyət zamanı Ümummilli liderin universiteti yaxından tanıması, burada baş verən proseslərdən ətraflı xəbərdar olması istər-istəməz adamda o təsəvvürü yaradırdı ki, Ulu öndərin elə özü də universitetdə çalışır. Çünki universitetlə bağlı hər bir detalı xırdalığına qədər dərindən bilirdi. Məni universitetə rektor göndərərkən təhsil ocağının gələcək inkişaf strategiyası haqqında elə tövsiyələr verdi ki, bu, bir elmi institutun görə biləcəyi işlərdən də çox idi.
Böyük rəhbərin dəfələrlə qeyd etdiyi kimi, universitetin başlıca məqsədi gələcəyin vətəndaşını, yüksək səviyyəli mütəxəssini yetişdirməkdən ibarətdir. «Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam», - deyən Ulu öndər Heydər Əliyev BDU-ya olan rəğbətini daim büruzə verməklə yanaşı, bu ali təhsil ocağının qarşısında bir sıra məsul vəzifələr müəyyənləşdirmişdir. BDU daim dünya şöhrətli məzununun xüsusi qayğısını hiss etmiş, onun qarşıya qoyduğu ali ideyalar universitetin tələbə və professor-müəllim heyətinin əsas fəaliyyət stimulvericisinə çevrilmişdir. Bakı Dövlət Universitetinin ən zəngin, məzmunlu tarixinin şərəfli səhifələri məhz Heydər Əliyevin böyük diqqət və qayğısı sayəsində yazılmışdır. Bir faktı xüsusi vurğulamaq lazımdır ki, universitetin 1999-cu ildə 80 illik yubiley mərasiminin keçirilməsi yenə də ümummilli liderin adı ilə bağlıdır. Ümumiyyətlə, BDU-nun indiyədək keçirilmiş beş yubiley mərasiminin dördü məhz Heydər Əliyevin hakimiyyəti illərinə təsadüf edir. Bu mənada Heydər Əliyevlə Bakı Dövlət Universitetini bir-birindən ayrı təsəvvür etmək qətiyyən mümkün deyildir. Ən azı bu səbəbdən ki, universitet təhsildə də, elmin inkişafında da, maddi bazanın möhkəmləndirilməsi, yeni ixtisasların açılması sahəsində də ən möhtəşəm nailiyyətlərini məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə qazanmışdır. Təsadüfi deyildir ki, universitetin Böyük Elmi Şurası elmin və təhsilin inkişafında göstərdiyi qayğıya, bu təhsil ocağının şöhrətini yüksəkliklərə qaldırdığına görə, Bakı Dövlət Universitetinin 80 illik yubileyi ərəfəsində Ulu öndər Heydər Əliyevə BDU-nun Fəxri Doktoru diplomunu təqdim etmişdir. Böyük strateq Heydər Əliyevin Bakı Dövlət Universiteti ilə bağlı ən mühüm və unudulmaz addımlarından biri də 13 iyun 2000-ci ildə bu ali təhsil ocağına özünüidarəetmə - muxtariyyət statusunun verilməsidir. Müəyyən prinsiplər əsasında ali məktəbə belə bir statusun verilməsi onun inkişafında yeni bir mərhələnin əsasını qoymuş, təhsilin məzmun və formaca təkmilləşdirilməsini, dünya təhsil sisteminə sürətli inteqrasiyasını, eyni zamanda, beynəlxalq əlaqələrinin genişlənməsini təmin etmişdir. Xarici ölkələrin mütərəqqi təcrübəsinin universitetdə tətbiqi, tədris-tərbiyə prosesinin müasir standartlara uyğun qurulması üçün məqsədyönlü addımlar atılmışdır.
Yadımdadır ki, universitetimizin 80 illik yubileyi ilə bağlı xarici ölkələrdən qonaqlar gəlmişdi. 2000-ci ilin fevral ayında Ümummilli lider həmin qonaqları və BDU-nun bir qrup ziyalısını qəbul etdi. Bir daha Ulu öndərin elmə, təhsilə olan böyük marağı hətta qonaqlarımızın çalışdığı universitetlər haqqında ətraflı məlumatı beynəlxalq aləmdə, elm və təhsil inteqrasiyaları haqqındakı geniş təsəvvürləri hamını heyrətləndirdi. Görüşdə Avropa, Rusiya, Ukrayna, Qırğızıstan və Türkiyənin aparıcı universitetlərinin rektorları iştirak edirdilər. Mən bir daha qürur duyuram ki, təhsil aldığım bütün ali məktəblərdən öncə Heydər Əliyev məktəbinin məzunuyam. Doğrudan da, Onunla hər görüş bir elmi tapıntıya sahib olmaq qədər qiymətli idi. Tarix belə şəxsiyyətləri min ildən bir yaradır. Biz xoşbəxt nəsilik ki, taleyimizə Heydər Əliyevin adı yazılıb.
Ulu öndərin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində xarici ölkələrə birgə səfərdə olmuşam. 2001-ci ildə EKO-nun İranda keçirilən toplantısında iştirak edirdik. Ulu öndər Heydər Əliyevin beynəlxalq aləmdəki nüfuzunun, geniş intellektual dünyagörüşünün, insanlara qayğıkeşliyinin, diqqətinin şahidi oldum. Ümumiyyətlə, ulu öndərlə birlikdə belə səfərlərimiz çox olub. Hər dəfə də Heydər Əliyevin yaddaşına, hadisələri əvvəlcədən hiss etmək fəhminə, insanların daxili aləmini duymaq hissinə, bununla yanaşı, yüksək mədəniyyətinə, nüfuzlu siyasi xadim üçün tələb olunan məziyyətlərinə, həmçinin sadə adamlarla ünsiyyət qurmaq məharətinə, diqqət və qayğıkeşliyinə analoq tapa bilməmişəm. O, böyük bir dərya idi. Əgər biz bu ümmandan bir damla götürə bilmişiksə, nə qədər xoşbəxtik. O, bizə çox inanırdı. İndi elmi, ictimai və siyasi fəaliyyətimlə bu inamı doğrultmağa çalışıram. Ölkəmizdə ali məktəblər çoxdur. Amma Bakı Dövlət Universitetinin bu təhsil ocaqları sırasında xüsusi yeri var. Çünki onun məzunları arasında dünya şöhrətli bir şəxsiyyətin, siyasi xadimin, müasir Azərbaycanın memarı olan Ulu öndər Heydər Əliyevin adı var!
Heydər Əliyevin qayğısını hiss edən bir insan kimi ürəyimdən keçənləri söyləməliyəm. Doğrudur, ali təhsil almaq üçün Bakı Dövlət Universitetinin kimya fakültəsini özüm seçmişdim. Dərslərimi də əla oxuyurdum. Amma mənim elmə bağlanmağımda, bu sahədə daha da inamlı addımlar atmağımda, böyük uğurlar qazanmağımda məhz Ulu öndərin danılmaz xidməti var. Əgər Ümummilli liderin təşəbbüsü ilə 1973-cü ildə Moskvaya aspiranturada təhsil almağa göndərilməsəydim, elmin dərin qatlarına yiyələnməsəydim, kim bilir, bəlkə də sıradan bir ziyalı idim. Amma indi adımın yanına yazılan titulları, elmi dərəcələri görəndə yalnız o böyük şəxsiyyətə – Heydər Əliyevə minnətdaram! Bu görkəmli, qayğıkeş rəhbərin diqqətini görənlər isə yüzlərlədir…
- Abel müəllim, sadaladığınız keyfiyyətlər fonunda Ulu öndərimizin xarakterinin ütünlüyü haqqında da fikirlərinizi bilmək istərdik...
- Ulu öndər canlı məktəb, canlı klassika, tarixin canlı örnəyi idi. Dəmir məntiqi, parlaq zəkası, iti mühakimə qabiliyyəti, fitri istedad sayılacaq fenomenal yaddaşı, möhkəm xarakteri, ən çıxılmaz vəziyyətlərdən, mürəkkəb situasiyalardan çıxmaq bacarığı onu hamıdan fərqləndirirdi. O, anadangəlmə lider, misilsiz təşkilatçı, mükəmməl və universal şəxsiyyət idi. İctimai həyatın elə aparıcı sahəsi yox idi ki, Heydər Əliyev ona dair ən zəruri biliklərə malik olmasın. Böyük iqtisadçı kimi ölkənin sosial-iqtisadi həyatının bütün sahələri məhz onun kursu əsasında inkişaf edirdi... Hüquq nəzəriyyəçisi kimi dövlət quruculuğunun əsas yükü onun çiyinlərində idi... Usta diplomat kimi ölkəmizin dünya birliyində layiqli yer tutması onun xidmətləri idi... Böyük sərkərdə kimi müstəqil Azərbaycanın Milli Ordusunu o qurmuşdu... Milli mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin, dilimizin, dinimizin ən böyük bilicisi kimi bu dəyərlərin həm də ən böyük hamisi o idi. Bəzən təəccüblənməmək olmur: o, bütün bunları, bunca azman fəaliyyəti balaca bir insan ömrünə necə sığışdıra bilirdi? Amma bu suala cavab var. Ulu öndərimizin "Xalqın, vətənin taleyi hər bir insanın öz taleyinə çevrilməlidir” kəlamında gizlənir bu cavab. Heydər Əliyev heç vaxt öz şəxsi həyatını yaşamadı. Azərbaycanın taleyini öz taleyinə çevirdi, həyatını bu xalqın, bu ölkənin yolunda şam kimi əritdi.
Heydər Əliyev Vətəni, Milləti, Dövləti sevməyin, ona təmənnasız xidmət etməyin canlı nümunəsi idi. Və elə bunlara görə də hər bir azərbaycanlının qəlbini, düşüncəsini fəth edə bildi. Onun milli qürur, fəxr-fəxarət ünvanına çevrildi.
O, Azərbaycan xalqının son bir əsrdə qurduğu üç respublika quruluşunun ikisində - XX və XXI əsrlərin ikisində də öz möhürü, silinməz izi, müstəsna xidmətləri olmuş böyük dövlət adamı idi. Məsələyə sırf tarixi-xronoloji kontekstdə baxsaq, Heydər Əliyevin həyatı və fəaliyyəti sovet dövrü və 1991-ci ildən sonrakı (müstəqillik dövrü) illəri olmaqla iki mərhələyə bölünür. Amma bəri başdan bir vacib məsələni qeyd etməliyik: O, həyatı və fəaliyyəti boyunca hər cür siyasi-ideoloji sistem və nəzəriyyələrin fövqündə durdu. Siyasi şəraitdən asılı olmayaraq Onun yalnız bir amalı vardı - azərbaycançılıq, doğma xalqına və vətəninə xidmət.
...O, Azərbaycanın simvolu idi. Azərbaycanı əksər hallarda ona görə tanıyırdılar. "Heydər Əliyev” və "Azərbaycan” - bu iki məfhum bir çox hallarda sinonim kimi işlədilirdi. Siz heç SSRİ dövrünə aid tarixi xronikaya baxmısınızmı?! O xronikada 71 illik sovet epoxasının tarixindən qırmızı xətt kimi keçən çox mühüm bir detal var: cəmi 11 nəfərdən ibarət sovet Siyasi Bürosundakı yeganə türk-müsəlman siyasət və dövlət adamının olması. Bu adam Heydər Əliyev idi...
Ulu öndərin fəaliyyətinə sovet dövrü və müstəqillik illəri kimi iki fərqli tarixi şərait nöqteyi-nəzərindən yanaşanda çox mühüm bir tarixi gerçəyi qətiyyən unutmaq və ya gözardı etmək olmaz. O da budur: Heydər Əliyev "Azərbaycan” və "azərbaycanlı” məfhumlarının sosial-siyasi statusunu dəyişdirdi. Bu məfhumların bəlli siyasi şərtlər üzündən çox vaxt alt qatlarda gizli qalan, təhrif edilən gerçək mahiyyətini üst qata çıxara, onları olduğu kimi təqdim, təmsil və tərənnüm edə bildi. Sübut kimi danılmaz bir tarixi həqiqətə nəzər salaq.
SSRİ dönəmində Azərbaycana ittifaq miqyasında ögey münasibət vardı. Bu ayrı-seçkilik ustalıqla gizlədilsə də hər halda sezilirdi. O da bu idi ki, SSRİ-nin ali dövlət mükafatlarına Azərbaycandan bir qayda olaraq sadə peşə adamlarını - pambıqçıları, baramaçıları, sağıcıları, çobanları, fəhlələri layiq görür, onları deputat seçirdilər. Bunun alt mənası vardı. Mərkəzi hakimiyyət bununla göstərmək istəyirdi ki, azərbaycanlılar elə sadəcə təsərrüfat işlərində uğur qazanmaq gücünə malikdirlər, bundan artığına qadir deyillər.
Çox haqlı deyirlər ki, Heydər Əliyev Azərbaycanı yenidən qurub. O, ayağını hara basıbsa, orada torpaq çiçək açıb. Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda yeni ali məktəblər, muzeylər, zavod və fabriklər teatrlar, kitabxanalar, heykəllər... ölkəmizdəki bütün mədəni sərvətlər onun adı ilə sıx bağlıdır. Heydər Əliyev bütün həyatı boyu Azərbaycanı yeniləşdirdi, təzələdi, onun hər bir sahəsində mədəni inqilab yaratdı. Üçrəngli bayrağımızı Naxçıvanda ilk dəfə salona onun səyi ilə gətirildi. Müstəqillik dövrünün yeni konstitiusyası qəbul edildi, özəlləşdirmə böyük uğurla həyata keçirildi, torpaq sahibkarlara verildi, ilkin olaraq onlara yardımlar göstərildi, neft sənayesi millişdirildi, Azərvaycan ədəbi dili inkişaf etdirildi, milli kadrlarların yetişməsi üçün münbir şərait yaradıldı və onlar dövlət qulluğuna cəlb edildi.
Ümummilli liderimiz bütün sahələrdə dərin bir irs qoyub getmişdir. Onun siyasətinin istər ölkədə, istərsə də dünya müstəvisində öz ədəbi, öz əxlaqı vardır. Onun nitqi, insanpərvərliyi, hərəkət və davranışları unikal idi, bütün siyasətçilərə nümunə idi. O, jurnalistlərlə, şairlərlə alimlərlə, sadə adamlarla, uşaqlarla və dövlət xadimləri ilə öz dilində danışırdı. Heydər Əliyev iqtisadi və siyasi inkişafın köklərini gözəl bilirdi. Bu biliyi Azərbaycan siyasətçilərindən əsrgəmirdi. Ulu Öndər xalqın ədəbiyyatına yüksək qiymət verirdi. Heydər Əliyev və ədəbiyyat dedikdə göz önünə XX əsrin 50-ci illərindən sonrakı dövrdə və XXI əsrin əvvəllərində ölkəmizdə baş verən ədəbi-bədii, ictimai-siyasi hadisələri gəlir. Bu hadisələrin ilk yaradıcısı və iştirakçısı Ulu öndər idi.
Heydər Əliyev bütün təhsil sahələrini, o cümlədən dövlət və dövlətçiliyimizin böyük qan dövranı olan Bakı Dövlət Universitetini çox istəyirdi, orda təhsil almışdı. Universitet onun qayğısı nəticəsində dünyanın ən məşhur universitetlərinin birinə çevrilmişdi. Heydər Əliyev təhsilin və elmin potensiallığını artırmaq, dünyəvi elmlərdən, dünyəvi təhsil sistemindən bəhrələnmək siyasətini həmişə önə çəkirdi. İdamanın inkişafına göstərilən dövlət qayğısı Ulu öndərin birbaşa siyasətinə daxil idi və bugün Azərbaycan dünya idman arenasında qazandığı uğurlarda onun müstəsna xidmətləri vardı. Ulu öndər Azərbaycanda bütün sahələri öz diqqətində saxlayırdı, veteran neftçiləri, müharibə və əmək qəhrəmanlarını daim yoxlayırdı, onları kənarda qalmağa qoymurdu, cəmiyyətin ön sıralarınə çəkirdi. O, heç vaxt ordu quruculuğunu yaddan çıxarmırdı, bu sahə daim onun diqqət mərkəzində dayanırdı. Həmin qayğının nəticəsidir ki, bu gün Azərbaycanın bütün sərhədlərini qoruya biləcək milli ordumuz yaranmışdır.
- Sizcə, Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası müstəqil dövlətimizin daha da güclənməsində nə kimi rol oynayır?
- Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini və mövqeyini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Bu gün doğma Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynalxalq nüfuzunun sürətlə artması Ulu öndərin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Heydər Əliyev öz uğurlu siyasəti, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, daim öz cəsarət və şücaəti ilə seçilən Azərbaycan xalqının qəlbində əvəzolunmaz bir lider kimi kök salmışdır.
Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.
Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Liderlər var ki, siyasi fəaliyyət, dövlət idarəetməsi sahəsində uzun illər çalışıb püxtələşdikdən sonra tanınırlar. Elə adamlar da var ki, bu, onlarda fitrən mövcuddur, genlərində kodlaşdırılıb, bir sözlə, ilahi vergidir. Buna Allahdan lider deyirlər. Heydər Əliyev məhz ikincilərdəndir.
Digər vacib məqam səlahiyyət məsələsidir. Heydər Əliyev tək Azərbaycan səviyyəsində deyil, keçmiş ittifaq səviyyəsində, hətta Qərb miqyasında sözünün keçəri, urvatı olan lider idi. O, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacarırdı. Bu iki məqam onu həmkarlarından əhəmiyyətli dərəcədə fərqləndirən professional cizgilərdəndir.
Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi. O təkcə güclü təsərrüfatçı deyil, həm də sözlərinin çəkisi və sanbalı olan, kütləni arxasınca aparmağı, auditoriyanı inandırmağı bacaran bir siyasi xadim idi. Heydər Əliyev mahir psixoloq, insan qəlbinin dərin bilicisi idi. Buna görə də onun gələcəyi görmək qabiliyyəti başqalarına, həmkarlarına nisbətən daha güclü idi.
Tarixi bəsirət, irəlini görmək nadir bir hissdir. Siyasi xadimlərin heç də hamısında bu hiss olmur. Təbiət bu keyfiyyəti yalnız seçilmiş adamlara - zəmanəsini çox-çox qabaqlayan görkəmli mütəfəkkirlərə verir. Nəhəng siyasətçi Heydər Əliyev kimi. O, analitik düşüncə tərzi ilə, çətin vəziyyətlərdə soyuqqanlılığını saxlamaq məharəti ilə, yüksək intellekti, dünya mədəniyyətinə bələdliyi ilə ətrafdakıları heyrətləndirirdi.
Ulu öndəri xarizmatik lider, fenomenal şəxsiyyət adlandırırlar. Müasir siyasi texnologiyalarda lider üçün xarizma məsələsi çox vacib şərt hesab edilir. Heydər Əliyev məhz güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Xeyirxahlıq və alicənablıq, inam və etibar, təmkin və səmimiyyət, zəka, səbat, diqqət və başqa cəhətlər Heydər Əliyevin fərdi naturasının özgün çalarları idi.
Ulu öndər Heydər Əliyevin irəli sürdüyü ideyalar ötən illərdə xalqımızın inkişaf və tərəqqisində lokomotiv rolunu oynamış, onun firavan gələcəyi üçün uğurlu təməl hazırlamışdır. Bu mənada, müstəqil Azərbaycan qarşısında duran ümummilli məqsədləri dəqiq müəyyən edərək, onların gerçəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliyyət göstərən ölkə kimi dünyanın yeni iqtisadi fenomeninə çevrilmişdir. Ümumi şəkildə ifadə etsək, bugün ölkədə həyata keçirilən siyasətin ən başlıca məqsədi modernləşmə mərhələsini də sürətlə başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsində yüksəltmək, demokratik idealların cəmiyyətdə tam möhkəmlənməsinə nail olmaq, yeni düşüncəli vətəndaş yetişdirməkdir. Ölkənin elm və təhsil adamları, o cümlədən Bakı Dövlət Universitetinin çoxsaylı professor-müəllim heyəti Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlar qazanacağına, daha qüdrətli ölkəyə çevriləcəyinə ürəkdən inanırlar.
- Abel müəllim, mayın 10-da Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü tamam olur. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın müasır tarixindəki yeri və rolu haqqında fikirlərinizi bilmək istərdik...