SON XƏBƏR

Ukraynadan təxliyə olunan daha 220 nəfər Azərbaycana gətirilib

Mart 07
12:30 2022
Martın 6-da təxminən saat 17:00 radələrində Bakıdan Rumıniyanın paytaxtı Buxarestə çarter reysi təşkil olunub. Məqsəd Ukraynadan qonşu ölkələr vasitəsilə Buxarestə gələn Azərbaycan vətəndaşlarının təxliyəsini həyata keçirməkdir.

Azərbaycan müharibə başlayan ilk günlərdən öz vətəndaşlarının Ukraynadan təxliyə olunması ilə bağlı planlı fəaliyyət göstərir. Bu günədək Ukraynadan Rumıniyaya keçən 7 mindən çox vətəndaşımız oradan vətənə təxliyə edilib. Bu ölkənin Yaşi şəhərindən 5, Buxarest şəhərindən isə 1 çarter reys həyata keçirilib. Eyni zamanda, 14 avtobus ilə 675 nəfər ölkəmizə yola salınıb. Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycan vətəndaşlarının münaqişə zonasından çıxarılması, sığındıqları ölkələrdən vətənə gətirilməsi üçün demək olar ki, hər gün çarter reysləri təşkil olunur. Bu, dövlətimizin hər zaman öz vətəndaşının yanında olduğunun daha bir nümayişidir.

Üç saatdan çox davam edən uçuşdan sonra Azərbaycan Hava Yollarına məxsus təyyarə Buxarest Hava Limanına eniş edir. Burada bizi 24-ü körpə olmaqla 220 vətəndaşımız gözləyir. Onlar dövlətimizə, Prezidentimizə minnətdarlıqlarını bildirir və Azərbaycan vətəndaşı olduqlarına görə qürur duyduqlarını ifadə edirlər: "Biz dünyanın harasında oluruqsa-olaq, Prezidentimizin, dövlətimizin diqqətini və qayğısını daim hiss edirik”.

Bir neçə saat davam edən missiya uğurla başa çatır: 220 vətəndaşımızın təhlükəsizliyi təmin edilir və onlar Vətəndə, yaxınlarının əhatəsində olmağın sevincini yaşayırlar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook