SON XƏBƏR

Ukrayna müharibəsi: ikinci mərhələ hara aparır? - Laurens Fridmanın şərhi

Aprel 12
11:46 2022
Laurens Fridman
London Kral kollecinin hərbi araşdırmalar üzrə əməkdar professoru

Fevralın 24-də rus qoşunu 400.000-dən çox əhalisi olan liman şəhəri Mariupolu atəşə tutaraq Ukraynanın işğalına start verdi. Ertəsi gün onlar şəhərin kənarına doğru irəliləməyə başladılar. Martın 2-də şəhər mühasirəyə alındı və artilleriya atəşləri gündəlik hala çevrildi. Tezliklə məktəblərə və xəstəxanalara atəş zərbələri barədə xəbərlər yayıldı. Martın 5-də Qırmızı Xaç təşkilatının himayəsi altında insanları təxliyə etmək üçün ilk cəhd edildi. Bunun üçün konvoy təşkil olundu, lakin konvoy şəhərə çata bilmədi, çünki Rusiya vədlərə baxmayaraq, atəşi dayandırmadı. Bu prosedur dəfələrlə təkrarlandı. Sakinlərin həyatı getdikcə dözülməz və təhlükəli hala gəldi: sığınacaqlara, o cümlədən teatra, habelə yaşayış binalarına zərbələr endirildi. Hazırda binaların təxminən 90%-nin dağıldığı bildirilir. Martın sonunda şəhərin meri 5000 dinc sakinin öldürüldüyü barədə məlumat açıqladı.

Son bir neçə həftə ərzində nədənsə rus qoşunlarına şəhəri ələ keçirməsi üçün elə "2-3 gün" çatmır. Martın 20-də isə Rusiya Müdafiə Nazirliyi şəhərin təslim olmasını tələb edən ultimatum verdi, lakin bu, Mariupol meri və Ukrayna hökuməti tərəfindən qətiyyətlə rədd edildi. Şəhərin potensial strateji əhəmiyyətindən asılı olmayaraq - Mariupol Rusiyanı Donbas bölgəsindən Krıma quru körpü ilə təmin edir. Və bu şəhər uğrunda döyüşlərin uzun müddət davam etməsi ukraynalılar üçün onların dözümlülük və qətiyyət nümayişi olduğu halda, ruslar üçün isə super simvolik və məğlub olmaqdan imtina edilməsi mənasını verir.  

Bu müharibədə digər hadisələr kimi, Mariupol da Ukraynanın ikili statusunu təsdiqlədi: əziyyət çəkən qurban və ehtimal olunan qalib. Bundan sonra şəhərin aqibəti necə olursa-olsun, Mariupol daha çox Ukraynanın viksimizasiya (bir şəxs və ya bir qrup şəxsin cinayət hücumunun qurbanına çevrilmə prosesi və ya son nəticəsi-red.) simvolu kimi diqqəti cəlb edib. Mariupol əhalisinin əzabları prezident Baydenin martın 26-da Varşavada əvvəlcədən hazırladığı ssenaridən kənarlaşmasının səbəblərindən biri idi. Əvvəllər prezident Putini "quldur” və "hərbi cinayətkar” adlandırırdısa, indi o, "Allah xatirinə, bu adam hakimiyyətdə qala bilməz” deyib. BBC-də, hətta Soyuq müharibə dövründə də riayət edilən, sülh danışıqlarını təhlükə altına qoyan və bununla da Putini daha da qəzəbləndirən "sərhədi keçməyin” nə qədər kobud səhv olduğunu izah edən məqalə işıq üzü gördü. 

Fransa prezidenti Emmanuel Makron da vəziyyəti gərginləşdirməməyə çağırdı və Putinlə danışaraq Mariupolda humanitar fəlakətin qarşısını almaq üçün daha bir cəhd göstərdi. Təəccüblü deyil ki, onun bu cəhdi heç bir nəticə vermədi.

Buça effekti

Aprelin 2-də rus qoşunları Kiyev yaxınlığındakı Buça, İrpin və Qostomel şəhərlərini tərk edərkən, jurnalistlər dağıntılar, talanlar, zorlamalar və kütləvi edamların dəhşətli səhnələri ilə qarşılaşdılar və uzun müddət yaddaşlarda qalacaq şəkilləri paylaşdılar. Bizi xəbərdar etdilər ki, daha çox şəhər rus işğalından azad olunduqca, bizi eyni dərəcədə dəhşətli, bəlkə də daha pis səhnələr gözləyir. Moskvanın təbliğat maşını yeni sürətə keçməli oldu. Təbliğat maşını, Rusiya yeni ittihamlara məruz qalan kimi yenə də əvvəllər istifadə edilmiş və inandırıcı olmayan mövzulara istinad edir. 

Onlar həmişə olduğu kimi bu qətllərdə ukraynalıları günahlandırır, guya onlar öz xalqını öldürərək Rusiyanı dünyanın gözündə pis vəziyyətdə qoymaq niyyəti güdürlər (həmişə olduğu kimi, "Bellingcat” bu cür iddiaları təkzib edilməsi üçün öz araşdırmalarını aparır). Əlavə olaraq, Rusiya mediası iddia edir ki, Böyük Britaniya kütləvi qətllər uydurmaqda xüsusi istedada malikdir və buna görə də belə "hekayələrin” ssenariləşməsində onların böyük rolu var. 
 
İndi isə Rusiyanın dövlət mediasında ukraynalıların belə qətllərə layiq olduqlarını izah edən şərhçilər peydə olur. Onlar hesab edirlər ki, ukraynalılar Böyük Vətən müharibəsi illərində düşmənin varisləri olan "faşistlər”dir. Beləliklə, ukraynalılar, ayrıca bir millət olduqlarına, Rusiya qüvvələrinə qarşı müqavimət göstərdiklərinə və Putinin ordusunu gül-çiçəklə qarşılamadıqlarına görə ruslar tərəfindən danlanırlar. 

Aprelin 4-də Bayden açıq şəkildə qeyd etdi: "Yadınızdadırsa, Putini cinayətkar adlandırdığım üçün məni tənqid edirdilər. Siz əslində, Buçada baş verənləri görmüsünüz. Bəli, o, hərbi cinayətkardır”. Prezident Makron da etiraf etdi ki, Buçada "müharibə cinayətlərinin çox açıq əlamətləri" səbəbindən bir çox şeylər artıq dəyişib və "bunu görməməzlikdən gələ bilmərik" deyib. O, Aİ-ni yeni sanksiyalara əl atmağa çağırıb. Aprelin 5-də Aİ tərəfindən sanksiyaların 5-ci paketi razılaşdırılıb, baxmayaraq ki, neft və qaz idxalına qoyulan embarqo bu paketə daxil edilməyib (yalnız kömür idxalına qoyulan embarqo razılaşdırılıb). BMT-də Rusiya nümayəndəsi tənha və acınacaqlı göründü, böyük yalanların içində ilişib qaldı, çünki prezident Zelenski qətl səhnələrinin dəhşətli videosunu nümayiş etdirərək Rusiyanın üzv olduğu müddətdə təşkilatın dəyərini şübhə altına aldı. Rusiyaya qarşı açıq tənqidlərlə çıxış etməyən İsrail və Hindistan kimi ölkələr də etiraf etdilər ki, bu cür hərbi cinayətlər araşdırılmalıdır.

Bəs bununla tam olaraq nə dəyişdi? İnsan həyatına biganəlik bu müharibə boyu Rusiya strategiyasının xarakterik əlaməti idi. Artıq minlərlə dinc sakin raketlər, mərmilər və bombalar nəticəsində həlak olub. Rus hərbçilərinin cinayətləri barədə çoxsaylı məlumatlar var. "Buça effekti” fenomeni təsdiq edə bilər ki, müəyyən məqamdan sonra hərbi itkilər statistikaya çevrilir, rəqəmlər o qədər böyükdür ki, onların insani əhəmiyyətini anlamaq mümkün deyil. Əhəmiyyətli olan obrazlardır ki, biz təkcə qurbanların dəhşətini deyil, həm də cinayətkarların barbarlığını təsəvvür edə bilərik. Uzaqdan yaşayış məntəqələrinə atəş açmaq başqa, bu ərazilərə girib köməksiz insanların gözünün içinə baxıb, sonra da onları soyuqqanlılıqla öldürmək başqa.

Bunun effekti həm də bütün strateji hesablamalara mənəvi aydınlıq gətirmək idi. İndi Rusiya Ukrayna torpaqlarını işğal edəndə nə baş verdiyini görən Qərb hökumətləri anlayrılar ki, müharibəni bitirmək üçün prezident Zelenskini hər hansı ərazi güzəştinə məcbur edə bilməzlər. Təbii ki, Qərb Moskvadakı rejimi dəyişmək iqtidarında deyil. Ukrayna da bunu edə bilməz. Bunu ancaq rusların özləri edə bilər. Buna görə də edilə biləcək yeganə şey, Rusiya qoşunları geri çəkilənə qədər Ukraynanı dəstəkləmək, Putini fəlakətli axmaqlığının nəticələri ilə baş-başa buraxmaqdır. Ola bilsin ki, Krımın Ukraynaya qaytarılması hələ də böyük sual altındadır, lakin indi Kiyev üçün son dərəcə vacib odur ki, bütün Donbas, o cümlədən Donetsk və Luqansk anklavları, diplomatiya ilə olmasa da, silah gücünə Ukraynanın tərkibində qalsın.

Bu mənəvi aydınlıq müharibənin yeni hərbi aydınlıq qazanması ilə gücləndirilir. Bu, Rusiyanın martın 25-də elan etdiyi Donbasın əsas hərbi mərkəzə çevrilməsi qərarının nəticəsidir. Hərbi zərurət onun logistika ilə ən az problemlərinin olduğu və Kremlin "müharibə səbəbi” olan bölgəyə cəmləşməsinə məcbur etdi. Hazırda rus qoşunları şimaldakı Kiyev, Çerniqov və Sumı bölgələrindən geri çəkilib. Rusların geri çəkilməsi nəticəsində Ukrayna indi Belarusla sərhəd bölgəsinə nəzarəti bərpa edib. Artıq Belarus briqadalarının müharibəyə qoşulması təhlükəsi yoxdur. Ukraynalılar, bu müharibənin dəhşətləri və çətinlikləri bahasına olsa da, çoxlarının ümidsiz ehtimal kimi nəzərdən keçirdiyi heyrətamiz qələbəyə nail oldular.

Növbəti mərhələ

Lakin müharibənin bu yeni mərhələsi Ukrayna üçün daha çətin olacağını vəd edir. Kiyevin strategiyasını nəzərdən keçirməzdən əvvəl ilk növbədə Moskvanın variantlarını nəzərdən keçirməliyik.

Rusiya qüvvələri ciddi şəkildə tükənib, ona görə də onlar öz səylərini hara cəmləyəcəklərini seçməlidirlər. Rusiya ordusunun əməliyyatlarını təşkil etdiyi birliklərin - tabor-taktiki qrupların (TTQ) hansı sayda qaldığına dair təxminlər müxtəlifdir. İşğalın ilk dalğasında iştirak edənlərin (bunlar çoxu elit birliklər idi) yarısı və ya bəlkə də daha çoxu artıq tam məhv edilib, ya da təmirə ehtiyacı var, lakin yaxın zamanda döyüş sıralarına qatıla bilməyənlərdir. Rusiyanın itkiləri (ölü, yaralı və əsir düşənlər) - 190 minlik qruplaşmasınım təxminən 20%-ni təşkil edə bilər.

"Oryx”in rus itkiləri ilə bağlı ətraflı araşdırmasından bilirik ki, Rusiya texnikasının itkiləri ağır olub. Məsələn, 425 tankın məhv edildiyi, zədələndiyi, atıldığı və ya ələ keçirildiyi məlumdur (hazırda bu rəqəm 476-ya bərabərdir. - red.). Məlumatlar var ki, anbarlardan çıxarılan silah-sursatların əhəmiyyətli hissəsi qüsurlu və qeyri-funksionaldır. Təyyarələr və helikopterlər hava hücumundan müdafiə sistemlərinə qarşı həssasdırlar və onların çoxu vurulub. Rusiya Hərbi Hava Qüvvələrinin öz mövqeyini qoruya bilməməsi bu kampaniyanın diqqətəlayiq xüsusiyyətlərindən biri olaraq qalır.
 
Rusiyanın kadr ehtiyatı da yaxşı vəziyyətdə deyil. Moskva əlavə canlı qüvvə axtarışındadır - istər suriyalı könüllülər olsun, istərsə də muzdlu Vaqner qrupu. Qeyd edildiyi kimi, Belarus ordusu artıq "oyunda” deyil və Gürcüstanın separatçı anklavı olan Cənubi Osetiya qüvvələri Ukraynada döyüşməkdən imtina ediblər. Hazırda orduya yeni çağırışçılar qrupu cəlb olunur. Artıq çağırışçılardan istifadə olunub (Putinin sözlərinə görə, guya ondan xəbərsiz), lakin hazırlıqsız və müharibə istəməyən gəncləri döyüşə buraxmaq riskli ola bilər. 

Əlbəttə ki, rus qüvvələrinin ilkin qruplaşmasının yarısı belə təhlükə mənbəyidir. Hazırda onların qarşısına daha kiçik vəzifə qoyulub və bu vəzifəni icra etmək daha asandır. Lakin onların fikirləri birmənalı deyil. Səylərini Donbasda cəmləşdirmək qərarına gələn Rusiya ali komandanlığının prioritetləri hələ də dəyişə bilər. Belə görünür ki, onlar hələ Xarkovun işğalından tam imtina etməyiblər. Bu arada onlar mühüm Odessa şəhərinə çatmaq niyyəti ilə cənub sahilində yerləşən Nikolayev şəhərini bombalayırlar. Bir müddətdir ki, Donbas bölgəsində yerləşən böyük və döyüşkən Ukrayna qüvvələrinin mühasirəsi əməliyyatı ilə bağlı şayiələr dolaşır. Lakin xəritədə qırmızı oxlar çəkməklə bu məqsədlərə nail olmaq praktikada olduğundan daha asandır. Onlar bununla risk edirlər. Ukrayna qoşunlarının onları geri atdığı Xerson nailiyyətlərindən imtina etməklərinə hazırdırlarmı? Ukrayna qüvvələri Melitopolu geri ala bilsələr, cənubdakı rus qoşunları mühasirəyə düşə bilərmi?

Vaşinqtonda yerləşən Müharibə Tədqiqat İnstitutunun (MTİ) təhlili göstərir ki, Rusiyanın yaxın məqsədi 110 min əhalisi olan Slavyansk şəhərini ələ keçirməkdir.  

Bu niyyətin sübutu kimi rusların nadir hərbi uğurunu - aprelin əvvəllərində İzyum şəhərinin (Xarkovdan cənub-şərqdə) ələ keçirilməsini göstərə bilərik. Bu döyüşdə ukraynalı müdafiəçilər ağır itkilər verərək geri çəkiliblər. Ruslar isə əksinə, həmin istiqamətdən irəliləyirlər. MTİ-nin məlumatına görə, onlar "son üç gün ərzində hücum əməliyyatlarının bərpasına - ehtiyatların yığılmasına, zədələnmiş hissələrin yenidən təchiz edilməsinə, İzyumda zədələnmiş körpünün təmirinə və cənub-şərq istiqamətində kəşfiyyat döyüş missiyalarının aparılmasına fəal şəkildə hazırlaşırlar. Rusiya qüvvələrinin yaxın günlərdə İzyumdan 50 kilometr cənub-şərqdə yerləşən Slavyansk istiqamətində hücum əməliyyatlarına başlayacağı ehtimalı var”.

Slavyanskın ələ keçirilməsi daha iddialı məqsədə doğru ilk addım olacaq - Ukraynanın şərqində Ukrayna qüvvələrini parçalamaq. Slavyansk döyüşə hazırlaşır, onun bir çox sakini təxliyə edilib. TMİ-nin qeyd etdiyi kimi: "Rusiya qüvvələri Slavyanski ümumiyyətlə ala bilməsə, Rusiyanın Donbas cəbhəsindən hücumları çətin ki, Ukrayna müdafiəsini yara bilsin və Rusiyanın Luqansk və Donetsk vilayətlərini tamamilə ələ keçirmək kampaniyası böyük ehtimalla uğursuzluqla nəticələnəcək”.
 
Bu təhlil doğru olarsa, müharibənin bu yeni mərhələsi həlledici ola bilər. Ukraynanın növbəti qələbəsi Rusiyanın Ukrayna ərazisindən çıxarılmasına səbəb olmayacaq, lakin növbəti mərhələdə rusların vəziyyətini çətinləşdirəcək. Ukraynanın itkiləri həm şəxsi heyət, həm də texnika baxımından əhəmiyyətlidir, amma ölkə hazırda müharibəyə səfərbər olunduğundan onların fədakar və kifayət qədər yaxşı təlim keçmiş əsgər sarıdan problemləri yoxdur. Onların silah problemləri var.
 
Onların bu vaxta qədərki uğurları, əsasən, dronlar, tank əleyhinə silahlar və hava hücumundan müdafiə sistemləri də daxil olmaqla, portativ yüngül texnikadan ağıllı istifadədə olub. Onların bəzi boşluqlarını doldurmaq üçün Qərb donorları ilə müzakirə edilmiş "silah siyahısı" var. Bu, onların artıq istifadə etdiyi texnika, həmçinin gələcək əməliyyatlarda şanslarını artırmaq üçün əlavə zirehli texnika, təyyarə və artilleriya ilə təmin etmək deməkdir. Keçmiş Sovet İttifaqının köhnəlmiş və tez istifadə oluna bilən hərbi texnikası ilə əlavə təlim tələb edə biləcək daha müasir avadanlıqlar arasında balans olmalıdır.

Bununla belə, Rusiya Donbasda arzuladığı ərazini əldə etsə və həlledici müdafiə döyüşünə hazırlaşsa belə, Putinin endşpilin mahiyyəti ilə bağlı sualı hələ də qalmaqdadır. Əvvəldən bu müharibənin ən qeyri-müəyyən tərəfi Rusiyanın strategiyasının uyğunsuzluğu olub. Müharibə başlayanda bəyan edilmiş məqsədlər və mövcud imkanlar arasında fərqlər kifayət qədər böyük idi, lakin indi xüsusilə müharibənin birinci raundunda məğlubiyyətdən sonra bu fərq daha da böyüyüb.

Putin şübhəsiz ki, məğlub kimi görünmək istəmir. Ola bilsin ki, Ukrayna hökumətinin NATO-ya daxil olmamaq və təhlükəsizlik zəmanətlərinə arxalanmaq üçün hazırladığı ideyalar ona müəyyən təsəlli verə bilər, lakin bu onun üçün çox azdır. İndi o, iki pisdən ən yaxşısını seçməlidir. 

Putin əslində heç də "ağıllara və ürəklərə” hakim olan adam deyil və indi onun Donbası Rusiyaya minimal itkilərlə daxil etməyə ümidi yoxdur. Tarixi yaxınlıqdan bəhs etdiyinə baxmayaraq, onun "qardaş” yanaşması yalnız Qabil və Habilin münasibətləri ilə müqayisə edilə bilər. İndi Donbasın ələ keçirilməsi düşmən əhalinin əzilməsi, dağıdılmış şəhərlərin bərpası və Ukraynanın gələcək hərbi əməliyyatlarından müdafiə demək olardı.

Ola bilsin ki, o, tezliklə işğala marağını itirsin, ancaq sənayesizləşmiş və yoxsul Ukrayna, travma almış əhali və dağılmış infrastrukturla özünə təsəlli versin. Etibarlı mənbələrə malik Amerika kəşfiyyatı fərziyyə irəli sürüb ki, Putin Rusiya qüvvələrinə bütün əməliyyatı mayın 9-da, İkinci Dünya müharibəsinin bitməsinin ildönümünə kimi başa çatdırmağı və hər zaman olduğu kimi, Moskvada böyük paradla qeyd etməyi tapşırıb. Qarşıda daha bir gərgin döyüş raundu var, lakin əgər o, birinci raundda olduğu kimi uğursuz olarsa, o zaman, bəlkə də, ona, qüvvələrinin mayın 9-dək Ukraynada törətdiyi vəhşilikləri seyr etmək və buna son qoymaq qalır.

Mənbə: Samf.substack.com
Tərcümə: Nizami Bağırov



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook