SON XƏBƏR

Ucar səhiyyəsi gənci necə öldürdü?!- İTTİHAM

Sentyabr 22
13:42 2016
Ucar rayonu Qazyan kənd sakini Həqiqət Ələkbərova Qlobal.az-a yeganə övladının həkim səhlənkərlığı nəticəsində bir neçə dəqiqənin içində necə dünyasını dəyişməsi barədə dəhşət doğuran şikayət məktubu göndərib. 
 
Qlobal.az Həqiqət Ələkbərovanın şikayət məktubunu olduğu kimi təqdim edir:
 
Ucar rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinin baş həkimi Ramil Tağızadənin savadsızlığı və səriştəsizliyi nəticəsində 1992-ci il tarixdə anadan olmuş 24 yaşlı yeganə övladım Ələkbərov Rəhim Polad oğlu dünyasını dəyişdi. Balamın qatili olan savadsız və səriştəsiz həkim Ramil Tağızadənin törətdiyi bu hadisə cinayət əməlidir ki, hazırda onun üstünü Səhiyyə Nazirliyi ört-basdır etməyə çalışır. Buna görə də mən sizə müraciət etməyi qərara aldım. İmkan vermək olmaz ki, belə bir qatil həkim balamın qanını batırsın. Sonra gec olacaq, növbəti qurbanların sayı çoxalacaq.
 

  
14 sentyabr 2016-cı il tarixdə gecə saatlarında yüngül soyuqlama olduğu üçün oğlum Rəhimlə Ucar rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə gəldik. Orada oğlumun ağ ciyərlərini müayinə edən həkim Ramil Tağızadə bildirdi ki, "ciddi heç nə yoxdur, ola bilsin bronxlarına soyuq olub, səhər gələrsiniz, analiz edib müalicə yazaram.”
 
Səhəri gün tezdən Ucar rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə gəldik. Ramil həkimin tapşırığı ilə Rəhim qan analizi verdi və rentgen müayinəsi olundu. Rentgen edən həkim Ramil həkimə bildirdi ki, ciddi heç nə yoxdur bronxlarına soyuq olub. 
  
Bundan sonra Ramil həkim kabinetindəki şkafdan bir ədəd antibiotik iynəsini götürüb Rəhimə vurdu. Qan analizinin cavabı çıxmadan müalicə resepti yazdı. Rəhimin atası dərhal gedib həmin reseptdə yazılan dərmanları alıb gətirdi. Həmin vaxt Rəhimin dostları Orxan, İlkin, İsrayıl və Elnur da ora gəldilər. Bundan sonra Rəhimə sistem qoşuldu. Həmin vaxt ilk dəfə idi ki, Rəhim intensiv öskürəyə başladı. Həkim soruşdu ki, "evdə də öskürürdü?”, dedim, "yox”. Sonra həkimin tapşırığı ilə tibb bacısı ikinci sistemi qoşdu. Bundan sonra öskürək artmağa başladı. Rəhimin boğulmasını görüb, ambulans maşını ilə tez reanimasiya şöbəsinə gətirdik. Orada Gülşad həkimin səylərinə baxmayaraq Rəhim dünyasını dəyişdi.
 

  
Oğlum Rəhimi Ucar RMX-nın TYŞ-nin baş həkimi Ramil Tağızadənin səriştəsizliyinin qurbanı oldu. Çünki prob qoymadan Rəhimə antibiotik vurdu deyə, o şoka düşüb boğularaq öldü. Beş nəfərin gözünün qarşısında baş vermiş bu cinayət hadisəsinə görə səriştəsiz qatil həkim Ramil Tağızadə məsuliyyətə cəlb edilməlidir. Mənim oğlum Naxçıvanda hərbi xidmət keçib, siqaret çəkməyib, spirtli içki qəbul etməyib, daima idman edib, sağlam həyat tərzi sürüb. Hətta həyətimizdə idman etmək üçün yer də düzəltmişdi. 
 
Rəhimin səhhətində heç vaxt problemi olmayıb, stasionar və ambulator müalicə edilməyib. Əksinə, bu ilin iyul ayında Fövqəladə Hallar Nazirliyinə işə düzəlmək üçün tibbi müayinədən keçib, sağlamlıq arayışı alıb. Rusiya Federasiyasında instituta daxil olarkən də avqust ayında növbəti dəfə tibbi müayinədən keçərək sağlamlıq arayışı alıb. Hər iki tibbi müayinədən tam sağlam çıxan Rəhimin yüngül soyuqdəymədən ölməsinə baiskar, ancaq Ramil Tağızadənin səriştəsizliyi, savadsızlığı və səhlənkarlığı olmuşdur. 
  
Səhiyyə Nazirliyi hazırda bu qatil həkimin cinayət əməlinin üstünü ört-basdır etməyə çalışır. Buna görə də biz inanırıq ki, nazirliyin sifarişi ilə ekspert rəyi qatil həkimin cinayətinin üstünü ört-basdır edilməsi üçün saxtalaşdırılacaq. Çünki artıq Səhiyyə Nazirliyi ekspertin rəyi açıqlanmadan ictimaiyyətə yalan məlumat verib ki, guya Rəhim vərəm xəstəsi olub, 14 sentyabr 2016-cı il tarixdə gecə saatlarında ağır formada xəstəxanaya gətirilib, həkimin təkidinə baxmayaraq stasionar müalicədən imtina edib. Bütün bunlar yalandır, qatil həkimin cinayət məsuliyyətindən yayınması üçün uydurma yalanlardır. Tibbə məlum olduğu kimi vərəm xəstəliyinin əlamətləri, xüsusiyyətləri olur ki, bunların heç biri Rəhimdə olmayıb. Yuxarıda qeyd etdiyim kimi Rəhim idmançı olub, sağlam həyat tərzi sürüb. Daima futbol oynayıb, idman edib. Onda heç vaxt tənginəfəslik, halsızlıq, qızdırma və yorulma olmayıb. Cinayətdən yayınmaq üçün Ramil həkimin ortaya atdığı bu yalanları ifşa edən çoxlu sayda mötəbər və konkret sübutlar var ki, bütün bunlar araşdırılmalıdır. Bu həkim qatildir, törətdiyi bu cinayətə görə onun barəsində qanunu tədbirlər görülməsə, cəzasızlıqdan daha da azğınlaşacaq. Nəticədə də növbəti qurbanlar sayı çoxalacaq.” 
 

 
Həqiqət Ələkbərova məktubunun sonun prezident İlham Əliyevdən və xanımı Mehriban Əliyevadan kömək istəyərək, şahidlərin iştirakı ilə bütün faktları tam, hərtərəfli və obyektiv araşdırıb həkim Ramil Tağızadənin barəsində qanuna müvafiq tədbirlər görülməsini xahiş edir. 
 
Məqalədə adı çəkilən Ucar rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinin baş həkimi Ramil Tağızadənin də mövqeyini dərc etməyə hazırıq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook