"Uçan xalça"nın sorağı
Dekabr 26
09:15
2015
İki - üç gün öncə sosial şəbəkələrdə politoloq Rufiz Qonaqovla millət vəkili Adil Əliyevin dövlət xalça muzeyinə etdikləri səfərin fotoları yayıldı. Əlbəttə millət vəkillərinin, ictimai funksiyaları olan insanların dövlət müəssisələrinə, muzeylərə, məktəblərə səfərləri alqışlanası haldır. Və bu cür səfərlər şou xarakter daşımamalıdı. Şəxsi prizmadan yanaşılmamalıdı.
Əksəriyyətə məlum idi ki, xalça muzeyində ciddi korrupsiya halı baş vermişdi. Bu barədə rəsmi məlumatlar informasiya saytlarında müntəzəm olaraq tirajlanırdı. Bu faktla bağli mədəniyyət nazirliyi komissiya yaradıb, araşdırmalar aparırdı. İki gün öncə də mədəniyyət nazirinin sərəncamı ilə muzeyin direktoru işindən azad edildi. İnsanlarda belə təəssürat yaranırdi ki, sərəncam öncəsi edilən bu səfər şəxsi istəklərə, xahişlərə söykənən səfərdi.
Bəlkə də yanlış təəssüratdı…
Dövlətinin 20 faiz torpağı 25 ildir ki isğal altında inləyən, hər gün cəbhədə, səngərlərdə saatlarla atışması gedən, 80 faiz pulu devalvasiya olunan dövlətin millət vəkiliylə politoloqu küçələrinə mərmər döşənmiş paytaxtın mərkəzində yerləşən xalça muzeyinə gedib şəkil çəkdirib paylaşmaqları xoş mənzərə deyildi.
İndiki məqamda cəmiyyətin aparıcı simaları toparlanmalıdı. Cəbhəyə, səngərlərə mütəmadi səfərlər edilməlidi. Qarlı, palçıqlı səngərlərdə əsgərlərimizlə çiyin-çiyinə olmalıyıq.
Ancaq sevindirici haldır ki, fotolarda Adil müəllim çox darıxdırıcı görünürdü. Bunun səbəbi çox güman ki, Adil müəllimin hansı zamanda hansı məkanda olduğunun fərqində olmasıdır. Çünki Adil müəllim intellekti, xarizmatik çəkisi və əməli fəaliyyəti paralellik təşkil edən azsaylı millət vəkillərindəndir.
Eləcə də Rufiz Qonaqov. Yetərincə informasiya bazası olan dinamik insandı. Politoloq kimi siyasi şərhləri hadisələri önləyə bilir bəzən.
Bu cür əhəmiyyətli insanların xalça muzeyinə gedib hansısa "naxışın” önündə təəccüblənməkləri doğrudan da yaxşı mənzərə deyil.
Yuxarıda da qeyd etdiyim kimi hər gün cəbhədə atışma gedir. Az qala hər gün şəhid veririk. Cəbhə zonasında yaşayan vətəndaşlarımız səksəkədədir, narahatdırlar. Bütün bunlar azmış kimi dövlətin pulu da devalvasiya olunub. Cəmiyyətdə ciddi narahatlıq var.
İnsanlar Sizləri muzeylərdə, konsertlərdə yox yanlarında –səngərdə görmək istəyir.
Gəlin daha ciddi işlərlə məşğul olaq cənablar.
Gəlin bu dəfə Dünya Azərbaycanlılarının Həmrəylik Günü öncəsi həmrəy olaq- səngərə gedək…
Mübariz Məmmədov.



