Türkiyənin önünə atılmış (Dəmir)taş
Dekabr 27
16:57
2015
Zəlimxan Məmmədli: "HDP liderinin Moskvaya çağrılmasının kökündə türk düşmənliyi dayanır”
Zahid Oruc: "Türkiyə Moskvanın cavabını verəcək”
Moskvaya səfər etmiş Xalqların Demokratiya Partiyasının sədri (HDP) Səlahəddin Dəmirtaş Rusiya hakimiyyəti ilə PKK-nın siyasi qanadı kimi tanınmasına və partiyasının bu ölkədə nümayəndəliyinin açılmasına nail olub. Terrorla mübarizədə Türkiyəyə qarşı PKK terror təşkilatını dəstəkləyən Dəmirtaş Rusiyadan da, PKK-nın Suriya qolu PYD-nin Fəratın Qərb bölgəsində fəaliyyətinin təmin edilməsi üçün də dəstək istədi.
Siyasi analitiklər "Putinin Türkiyədəki Kadırovu” kimi tanınan HDP sədrinin bu cəhdlərini Moskva ilə birlikdə Türkiyəyə qarşı silahlı kürd qruplaşmalarının iştirakıyla separatçı savaş elanı kimi qiymətləndirirlər. Dəmirtaş planlarını sistemli formada həyata keçirmək üçün Rusiya xarici işlər naziri Sergey Lavrovla PYD-nin Moskva nümayəndəliyinin açılmasını da razılaşdırıb. Kremlin bu təklifə "hə” deməsində əsas məqsəd, Dəmirtaş vasitəsilə Türkiyəyə dair kəşfiyyat məlumatları əldə etməkdir.
"Dəmirtaşın Moskva səfərinin kökündə Rusiyanın türk düşmənçiliyi var”
"Borçalı” Cəmiyyətinin sədri, politoloq Zəlimxan Məmmədli "Cümhuriyət”ə açıqlamasında Dəmirtaşın Rusiya səfərinin Moskvanın Türkiyəyə qarşı hazırladığı etnik bölücülük planının tərkib hissəsi olmasını istisna etmədi. Rusiyanın hər zaman hədəfə aldığı ölkələr üçün etnik azlıq problemi yaratdığını deyən Z.Məmmədlinin sözlərinə görə, Kreml vaxtilə bu çərçivədə Azərbaycana qarşı erməni kartından istifadə edib: "Sovetlər dönəmində isə Türkiyəni vurmaq üçün PKK terror təşkilatını yaratdı.
Bu gün də məlum oldu ki, kürdləri öz "hüquqlarını qorumağa” təşviq edən, terrorçuları xilaskar kimi təqdim edən Rusiyadır. HDP və PKK-ya dəstək verənlər Rusiyanın uşaqlarıdır. Dəmirtaşın Moskvaya çağırılmasının kökündə Rusiyanın türk düşmənliyi dayanır. Rusiya bununla öz mahiyyətini bəşəriyyətə nümayiş etdirdi. Azərbaycanda olan rusiyapərəstlər də bunun fərqində olmalıdırlar. Azərbaycanda da Rusiyanın maraqlarını müdafiə edən uşaqları var, Kreml bundan da istifadə edə bilər.
Bizim çıxış yolumuz Şimaldan yox, Qərb demokratiyasına inteqrasiyadan keçir. Başa düşülməlidir ki, Rusiya Azərbaycana qarşı erməni, Türkiyəyə qarşı isə kürd kartından istifadə edir və bunları məkrli planlarını həyata keçirmək üçün ortaya atıb”.
"Putin böyük siyasi səhvə yol verdi”
Lavrov Dəmirtaşın Türkiyəyə qarşı olan təkliflərini qəbul etdi, hətta Suriyadakı Rusiya hərbi qüvvələrinin PYD-nin Fərat bölgəsində fəaliyyətinin təmin etməsinə də razılıq verdi. Dəmirtaş beləliklə TBMM üzvü kimi "qırmızı xətti” keçdi və Kremlin "anti-Türkiyə planı”nın fəal iştirakçısına çevrildi.
O, Moskvadan əvvəl ABŞ-a səfər etmişdi və bundan dərhal sonra Rusiyaya gəlməsi birmənalı deyildi. Görünür, Səlahəddin Dəmirtaş Vaşinqtonla razılaşa bilməyib. HDP sədri Rusiya səfəri ilə "Dəmirtaş Moskvaya təlimat almağa getdi” suallarını da özü ilə birlikdə Ankaraya gətirdi. PYD-nin oktyabrdan Rusiyanın Suriyadakı anti-İŞİD əməliyyatlarına qatılmasıyla, PKK ilə Kreml arasında yaxınlaşma başladı. PYD və PKK bu gün də Rusiyanın Suriyadakı ən yaxın müttəfiqləridir. Kremlin kürd terror təşkilatları ilə əlaqələri Türkiyənin sərhədlərini pozan rus təyyarəsini vurmasıyla daha da dərinləşdi. Bu yaxınlaşma Rusiyanın Türkiyə ilə əlaqələrinin bütün istiqamətlərdə pozulması fonunda baş verirdi. "Türk axını” layihəsinin aradan qaldırılmasından dərhal sonra Rusiya Türkiyəyə qarşı iqtisadi sanksiyalara və enerji şantajına başladı.
Millət vəkili Zahid Oruc "Cümhuriyət”ə açıqlamasında, HDP-nin Türkiyə siyasətindəki fəaliyyətinin birmənalı olmadığını diqqətə çatdırıb. Z.Oruc qeyd edib ki, uzun müddət PKK-nın fəaliyyətinin müdafiə edilməsi və bu təşkilatın separatçı fəaliyyəti "soyuq müharibə”nin mühüm elementlərindən biri olub: "PKK SSRİ tərəfindən Qərbin regionda, Türkiyədə qurduğu sistemə qarşı bir cavab reaksiyası olub. Sovet İttifaqı hərbi-siyasi və ideoloji cəhətdən dəstək verdiyi PKK ilə Türkiyəni Qərbin pəncərəsi kimi sındırıb, buna görə cəzalandırmağa çalışırdı.
SSRİ-nin dağılmasından sonra da məqsəd dəyişmədi. Təkcə Rusiya yox, Qərbin müəyyən dairələri, müxtəlif dövlət başçıları PKK-dan Türkiyə əleyhinə istifadə edirlər. PYD qüvvələri adı altında PKK-nı silahlandırırlar. Bu dəstək eyni zamanda kürdlərin milli azadlıq mübarizəsinə təşviq edilməsi, onların maliyyələşdirilməsi və digər müstəvidə yardımların edilməsi səviyyəsindədir. Almaniya da oxşar addımlar atmışdı. İraqda PKK yaraqlılarına silahların verilməsi və silahlı kürdlərə müxtəlif xarakterli təlimlərin keçirilməsi də, dövlətin qərarı, Bundestaqın məsələ ilə bağlı qətnaməsi əsasında reallaşmışdı. Rusiya da bu gün bununla Türkiyə ilə arasındakı gərginliyin daha da dərinləşməsi üçün növbəti addımı atmış oldu. Putin və çevrəsindəki siyasi elita çox böyük siyasi səhvə yol verdi”.
"Rusiya - Türkiyə hərbi qarşıdurması ola bilər”
Zahid Oruc hesab edir ki, Türkiyə Moskvanın bu addımının qarşılığını verəcək və bu, münasibətləri bir az da korlayacaq. Rusiya və Türkiyə arasındakı münasibətlərin normal olmasının vacibliyini qeyd edən millət vəkilinin sözlərinə görə, əgər Rusiyadakı türkdilli xalqlar və Krım tatarları bu proseslərə cəlb olunacaqsa, bu, Türkiyə ilə Rusiyanı hərbi qarşıdurma vəziyyətinə gətirəcək: "Bu, uzun illər qurulmuş əlaqələrin zərbə alması deməkdir. Qərb yaranmış vəziyyətdən yararlanacaq.
Dəmirtaş Moskvada Lavrov tərəfindən yüksək səviyyədə qəbul olunursa, düşünülməsin ki, bu Türkiyə daxilində siyasi vəziyyəti dəyişə bilər. Heç bir halda Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmaq və HDP-nin Türkiyədə iqtidarını qurmaq qeyri-mümkündür. Hansısa dairələr HDP-ni dəstəkləyə bilərlər, lakin türk xalqı bu partiyanı müdafiə etmir. Siyasi separatizmi dəstəkləyəcək addımlardan daşınmaq lazımdır. Nə qədər gec deyil, Putin və Ərdoğan masa arxasında əyləşməlidir, yenidən münasibətlərin normallaşması yönündə danışıqlara getməlidir”.
Cebhe.info



