SON XƏBƏR

Türkiyədə “Sosial media haqqında” yeni qanun təsdiqlənib

Oktyabr 14
21:23 2022
"Amnesty International”: "Bu qanun Türkiyədə söz azadlığı üçün "qara gün”dür”

Türkiyədə deputatlar yeni media qanununu təsdiqləyib.

"Dezinformasiyaya qarşı tənzimləmə” kimi tanınan qanunda deyilir ki, jurnalistlər və sosial media istifadəçiləri saxta xəbər yaydıqları təqdirdə üç ilədək həbslə cəzalandırıla bilərlər.

Hər biri üçün ayrıca səsvermə tələb edən 40 dəyişiklikdən ibarət qanun layihəsini hakim Ədalət və İnkişaf Partiyası (AKP) təklif edib.

"Dezinformasiyaya qarşı tənzimləmə” qanununa edilən dəyişikliyin aydın izahının verilməməsi müxalifət və insan haqları fəallarının narahatlığına səbəb olub.

Avropa Şurasında qanunun qəbuluna reaksiya verilib.

Bildirilib ki, "dezinformasiya”nın qeyri-müəyyən tərifi və həbsxanaya düşmək təhlükəsi "tormozlayıcı effekt yarada və ilk növbədə 2023-cü ilin iyununda baş tutacaq prezident seçkiləri ilə əlaqədar özünü senzuranı artıra bilər”.

"Amnesty International” insan haqları təşkilatının regional araşdırmaçısı Güney Yıldız qanunu şərh edərkən deyib ki, bu gün Türkiyədə onlayn ifadə azadlığı və mətbuat azadlığı üçün daha "qara gün”dür.

2022-ci il avqustun 31-də "Reuters” agentliyi türk mediasının Türkiyə hakimiyyəti tərəfindən senzuraya məruz qaldığını iddia edən məqalə dərc edib.

Türkiyə Prezident Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fahrettin Altun isə agentliyi saxta xəbərlər yaymaqda ittiham edib.

Altunun sözlərinə görə, agentlik dəfələrlə Türkiyə ilə bağlı yalan xəbərlər dərc edib və Türkiyə Prezidentinin açıqlamalarını təhrif edib.

O qeyd edib ki, Türkiyə "Reuters”in niyyətlərini və "xidmət etdiyi məqsədləri” yaxşı bilir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook