Türkiyədə "Azərbaycan küçəsi" yenidən qurulacaq - İlham Əliyev 100 milyon dollar ayırıb

Aprel 19
15:12
2023
Azərbaycan Prezidenti İlham Əliyev Kahramanmaraşın "Azərbaycan küçəsi"nin yenidən qurulmasına 100 milyon dollar ayırıb.
Musavat.com bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Xəbərdə qeyd edilir ki, Türkiyə Kahramanmaraşda baş verdən dəhşətli zəlzələnin yaralarını sarmağa davam edir. Elə bu əsnada Türkiyəyə qardaş ölkə Azərbaycandan daha bir yardım gəldi.
50 mindən çox insanın ölümünə səbəb olan fəlakətin baş verdiyi gündən öz maddi və mənəvi dəstəyini əsirgəməyən Azərbaycan indi də yenidənqurma işlərinə görə Türkiyəyə 100 milyon dollar göndərib. Bu yardımın Kahramanmaraşda yerləşən Azərbaycan küçəsinin yenidən qurulmasına sərf ediləcəyi bildirilir.

Türkiyə-Çin Biznesin İnkişafı və Dəstək Dərnəyinin təşkil etdiyi iftar yeməyində çıxış edən Azərbaycan Milli Məclisinin sədr müavini Adil Əliyev "Prezidentimiz Kahramanmaraş üçün 100 milyon dollar ayırıb. "Azərbaycan küçəsi"nin yenidən qurulmasına dəstək verəcəyik" , - deyə bildirib.