SON XƏBƏR

Türkiyə və İsrail “Mavi Marmara”dan sonra barışır

Aprel 12
18:46 2016
Londonda keçən son müzakirələrdə barışığın sonuncu detalları da razılaşdırılıb 
 
Türkiyə və İsrail hökumət nümayəndələri arasında Londonda daha bir görüş keçirilib. Türkiyənin "Haber7” kanalının məlumatına görə, keçən həftə Londonda baş tutan görüşdə iki ölkə arasında anlaşmanın son bəndləri də razılaşdırılıb. 

Danışıqlarda Türkiyə tərəfindən XİN müşaviri Firudin Sinirlioğlu, İsrail tərəfdən isə baş nazir Benyamin Netanyahunun xüsusi təmsilçisi Yozef Sieçenover və Mili Təhlükəsizlik müşaviri Yakob Naqel iştirak ediblər. Danışıqlarda iki ölkə arasında münasibətlərin düzəldilməsi üçün sonuncu iki əsas bənd üzərində anlaşıblar. 

Qeyd edək ki, İsrail və Türkiyə arasında münasibətlərin ən gərgin nöqtəsi 2010-cu il mayın 31-də Qəzzaya yardım aparan "Mavi Marmara” gəmisinə İsrail hərbi qüvvələrinin hücumu zamanı olmuşdu. Hücum nəticəsində yaranmış qarşıdurmada 9 nəfər ölüb, yüzlərlə insan yaralanıb. Gəmi və içindəki yardım könüllüləri İsrailə aparılmışdı. Bu hadisə İsrail-Türkiyə münasibətlərində böhrana səbəb olmuşdu. 

Türkiyə hökuməti olaya görə İsrail hökumətinin üzr istəməsini, qətlə yetirilən yardım könüllülərinin ailələrinə təzminat verilməsi və Qəzzanın blokadasının götürülməsini tələb etmişdi. Bundan başqa, "Mavi Marmara” kampaniyasının əsas təşkilatçısı olan İHH yardım təşkilatı gəmiyə hücumda iştirak etmiş İsrail hərbçilərinin cəzalandırılması tələbini də irəli sürmüşdü. Lakin bu tələb reallaşmadı. 

Ancaq İsrail hökuməti 2013-cü ildə ABŞ prezidentinin təzyiqləri ilə Türkiyədən üzr istədi. Bundan sonra isə Təl-Əviv həlak olanların ailələrinə təzminat ödəmə şərtini də qəbul etdi. Hazırda danışıqlar Qəzzadan blokadanın götürülməsi, daha doğrusu, Türkiyə bayraqlı gəmilərin Qəzza sahillərinə yan almasına razılıq verilməsi üzərində davam edir. Digər bir şərt isə Qəzza zolağının elektrik enerjisi ilə təmin olunması üçün dənizdə üzən elektrik stansiyasının qurulmasıdır. 

İsrail hökuməti prinsipial olaraq, Türkiyə yardım gəmilərinin Qəzza sahillərinə yan almasına razılıq verib. Ancaq Təl-Əviv yardım gəmilərinin Qəzza sahillərində qurulacaq daşınan limana yan almasına razılıq versə də, limana nəzarətin İsrail hökumətində olması şərtini irəli sürüb. Türkiyə isə limanın BMT kimi beynəlxalq təşkilatların nəzarətində olmasını təklif edir. 

Oxşar vəziyyət üzən elektrik stansiyasının statusu ilə bağlı da yaranıb. İsrail stansiyaya nəzarət etməkdə israrçı olsa da, Türkiyə stansiyanın BMT nəzarətində olmasını tələb edir. 

Son məlumatlara görə, İsrail hökuməti Türkiyənin sonuncu tələblərini də qəbul edib. Ehtimal olunur ki, yaxın günlərdə iki ölkə arasında münasibətlərin düzəlməsi istiqamətində ciddi addımların şahidi olacağıq. 

Qeyd edək ki, Türkiyə-İsrail diplomatik qalmaqalı son illərdə yumşalmağa başlayıb. Rusiya ilə böhrandan sonra regionda daha güclü müttəfiqlərə ehtiyac duyan Türkiyə keçmiş müttəfiqləri, o cümlədən, İsraillə yaxınlaşmağa meylli görünür. Xüsusən də ABŞ-la münasibətlərin soyuq olduğu bir vaxtda rəsmi Ankaranın İsrail kimi keçmiş müttəfiqi ilə əlaqələrini bərpa etməsi anlaşılandır. 
 
musavat.com



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook