Türkiyə şəhid İmran Mirzəyevə yas saxlayır - VİDEO
Fevral 06
20:01
2016
Hamı gəlir əlimdən üzümdən-öpür, deyirlər, oğlun şəhid oldu, amma burdakı bütün gənclər sənin oğlundur.
Bu sözləri Axar.az-a Ermənistan silahlı bölmələri tərəfindən açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri, 1996-ci il təvəllüdlü İmran Xudaverdi oğlu Mirzəyevin anası Səbinə xanım deyib. Övladının dəfnində iştirak edə bilməyən ana dövlət rəsmilərindən ona ölkəyə gəlməkdə köməklik göstərmələrini xahiş edib:
- Oğlumun ölümünü saytlardan izləyirəm, axı mən onun yanında olmalı idim. Sarıla bilmədim oğlumun cənazəsinə, vidalaşa bilmədim. Mən oğul vermişəm Vətənimə. İmran istəsə, Türkiyədən heç gəlməzdi, amma o, könüllü olaraq Vətən qarşısında borcunu yerinə yetirmək üçün ölkəmizə qayıtdı. Şəhid düşdüyü gün mənə zəng etmişdi, dedi, ana, 55 günüm qaldı, xidməti başa vurum, yanına qayıdacam. Dedim anana öpücük göndər, o öpücük sonuncu oldu.
Şəhid anası Türkiyəyə köçməsinin səbəbini danışıb:
- O vaxt vəziyyət pis idi, fabrikdə 3 növbə işləyirdim, amma övladlarımı dolandıra bilmirdim. İmranın 5 yaşı olanda atası bizi atıb getdi, harda olduğunu heç indi də bilmirəm. Ona görə də övladlarımı uşaq evinə qoydum. Bir il orda qaldılar. Sonra Türkiyəyə köçdük, burda ailə qurdum. Övladlarımın hamısı burda oxudu. 8-ci sinifdən sonra oxumadı İmran, dedi, ana, işləyib sənə baxmalıyam. Hər yerdə işləyirdi, bizim üçün narahat idi.
"Burda məni tək qoymadılar...”
- Burda hər kəs İmranin şəklini yaxasına sancıb. Bələdiyyə 3 molla tutub. Oğlum burda anılır, məni tək qoymurlar...
Qeyd edək ki, şəhid İmran Mirzəyevin anası Türkiyənin Bursa şəhərində yaşayır. Ölkədə oturum izni almadığından, 7-8 aylıq cəriməsi yaranıb. Bu cəriməni ödəmək imkanı olmadığından, Səbinə xanım Vətənə gəlib, övladının dəfnində və yas mərasimində iştirak edə bilməyib.
Yevlax rayon Aran qəsəbəsi bələdiyyəsindən Axar.az-a bildirilib ki, şəhidin atasının hansı bölgədə yaşaması barədə dəqiq məlumat olmadığından, onun baş verənlərdən xəbəri yoxdur.