Türkdilli xalqların adət-ənənələri Kanadada tanıdılır
May 17
09:22
2016
Monreal şəhərində türkdilli xalqların adət-ənənələrinin Kanadada tanıdılması məqsədilə "Novruz” adlı festival keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Kanadadakı səfirliyindən məlumat verilib. Tədbirdə Azərbaycan və Qazaxıstan səfirliklərinin təmsilçiləri, Kanada irs nazirinin müavini, Ottava və Monreal şəhərlərindəki Azərbaycan icmalarının üzvləri, ölkədə yaşayan türkdilli xalqların nümayəndələri iştirak ediblər.
Əvvəlcə türkdilli xalqların özünəməxsus adətləri barədə məlumat verilib və bu ölkələr haqqında videoçarxlar nümayiş olunub. Sonra Azərbaycanın Kanadadakı səfirliyinin konsulu Faiq Babayev çıxış edərək festivalı Kanada multikulturalizminin təzahürü kimi xarakterizə edib. Bildirib ki, Novruzun əsas fəlsəfəsi xalqlar və mədəniyyətlər arasında körpü və dialoq yaratmaqdır. Elə buna görə, Novruz bayramı Azərbaycanda və digər ölkələrdə sevilir.
Tədbirdə Kanadada fəaliyyət göstərən "Qarabağ” Azərbaycan dili məktəbinin və "Vətən” Azərbaycan incəsənət və mədəniyyət mərkəzinin şagirdləri konsert proqramı ilə çıxış ediblər. Onlar Azərbaycan xalq mahnılarını və rəqslərini ifa ediblər.
Qlobal.az