SON XƏBƏR

Türkçülük məfkurəsinin böyük carçısı Əlibəy Hüseynzadənin doğum günüdür

Fevral 24
01:28 2016
Bu gün böyük Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri olan Əlibəy Hüseynzadənin doğum günüdür.
 
Karabakhmedia.az xəbər verir ki, o, uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərib, bu sahələrin hər birində özünəməxsus iz qoyub. Əlibəy Hüseynzadə (Əli Hüseyn Turan) – 1864-cü il 24 fevralda Salyanda anadan olub. Kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Tiflisə köçüb.
 
Atasını erkən itirən Ə.Hüseynzadə o zaman Qafqaz şeyxülislamı olan babası Axund Əhməd Səlyaninin himayəsində böyüyüb. Tiflis gimnaziyasını bitirib (1875-1885), uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənib.
 
1885-ci ildə Peterburq universitetinin riyaziyyat fakültəsinə daxil olub, həm də şərq fakültəsində görkəmli professorların mühazirələrini dinləyib.
 
Burada dövrün məşhur elm xadimləri – Mendeleyev, Baqner, Menşutkin, Jukovski və başqalarından dərs alan Ə.Hüseynzadə imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından tanış olur, "xalqçılar” hərəkatına rəğbət bəsləyir.
 
Bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalır.
 
Rusiya imperiyasının paytaxtındakı ictimai-siyasi təlatümlərlə əlaqədar olaraq Ə.Hüseynzadə Türkiyəyə, İstanbula gəlir və burada darülfünunda əsgəri-tibbiyyə fakültəsində tədris almaqla dermatoloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanır.
 
1897-ci ildə o, Qırmızı Aypara Cəmiyyəti heyətinin tərkibində İtaliyaya gedir. Üç ildən sonra geri qayıdaraq müsabiqə yolu ilə İstanbul Darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilir. O burada da inqilabçı gənc türklər hərəkatına qoşulduğundan və "İttihad və tərəqqi” partiyasının ilk özəyini yaradanlardan biri olduğundan təqib olunur. Ə.Hüseynzadə bütün şüurlu ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ edib, türkün tərəqqisi naminə öz parlaq istedadının bütün gücü ilə çarpışıb.
 
Türkiyədəki təqiblərdən sonra Azərbaycana qayıdan Ə.Hüseynzadə "Kaspi” qəzeti ilə əməkdaşlığa başlayır, publisistik yazılarını dərc etdirir. Az sonra o, dövrünün məşhur teoloq alimi, ictimai xadim və publisisti Əhməd bəy Ağaoğlu ilə birlikdə milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə "Həyat” qəzetinin nəşrinə başlayır. Bu qəzet Ə.Hüseynzadəni Azərbaycana "ağır başlı” filosof, "sədrə şəfa verən” sözlər (ağla qida verən sözlər) söyləyən mütəfəkkir kimi tanıdır.
 
XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat nümunələri əhəmiyyətli rol oynayıb. Jurnalistikanın ictimai fikir tribunasına çevrilməsi də həmin tarixi mərhələnin məhsuludur. "Füyuzat” jurnalı və onun redaksiya heyətinin xidmətləri bu mənada diqqətəlayiqdir. Çünki onlar yalnız bir jurnal nümunəsi nəşr etməklə məhdudlaşmadılar, füyuzatçılıq xətti-hərəkatını, "Füyuzat” jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını həkk etdilər.
 
Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin həmin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır.
 
Ə.Hüseynzadə həmçinin Sankt-Peterburq İmperator Rəssamlıq Akademiyasında təhsil alıb və bir sıra portret və mənzərələrin müəllifidir. Onun rəsmləri Bakı muzeylərində, İstanbul və Parisdə şəxsi kolleksiyalarda saxlanılır.
 
1911-ci ildə İstanbulda əslən çərkəz olan süvari zabiti Şəmsəddin bəyin qızı Əthiyə xanımla evlənən Əli bəyin üç övladı var: 1914-cü il aprelin 6-da Saida bəyim, 1915-ci il iyun ayının 9-da Səlim Turan, 1920-ci ilin 31 dekabrında Feyzavər dünyaya gəlib. Səlim Turan Şahiqə xanımla, Feyzavər uzun illər vali işləmiş Əli Alpsarla, Saida atom fizikası üzrə professor, İngiltərə Akademiyasının həqiqi üzvü olmuş Mustafa Santurla ailə qurub.
 
Rəssam Səlim Turan Parisdə yaşayırdı. Abstaksionizmin dünyada tanınan təmsilçilərindən biri idi. 1995-ci ildə dünyasını dəyişib.
 
"Feyzavər Üsküdardakı Qız İnstitutunu bitirdikdən sonra Gözəl Sənətlər Akademisinə davama başladı” (Ə.Hüseynzadə).
 
İstanbulda məşhur olan Feyza Sənət Qalereyasını açdı. Fransada ali təhsil almış Saida riyaziyyat müəllimi idi. "Qızım Saida Lyondan qayıtdığı doqquz ay qədər olar. İndiki halda "Kabataş qız lisesində matematik müəllimidir” (Ə.Hüseynzadə). Əli bəyin hər üç övladının nəsil davamı yoxdur. Onların övladları olmayıb. Beləliklə, Hüseynzadə Əli bəyin nəsli bu üç övladla tamamlanmış olur. O, 1940-cı ildə Türkiyənin İstanbul şəhərində vəfat edib.
 
Karabakhmedia.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook