SON XƏBƏR

Turizm təhlükəli sahəyə çevrilir

Mart 17
12:55 2016
"Terror turizmi də məhv edir”
 
Artıq turizm dünyanın əksər ölkələrində təhlükəli sahəyə çevrilib. Böyük güclərin savaşında hər hansı ölkənin nüfuzuna zərbə vurmaq üçün çox zaman terrorçular oranın yerli vətəndaşları ilə birgə turistləri də hücuma məruz qoyurlar.
 
Sonuncu belə hadisə Fil Dişi Sahilinin turist şəhəri olan Grand Bassamda baş verib. Bir qrup silahlı dəstə hotelə hücum edib. Hücumda aralarında alman, fransız və digər xarici turistlərin də olduğu 16 nəfər dünyasını dəyişib. Hadisəyə görə məsuliyyəti "əl-Qaidə" adlı terror təşkilatı üzərinə götürüb. Hadisə hotelin təhlükəsizlik kameralarında da əks olunub. Bu terror bir daha turizmin də təhlükəli bir sahə olduğunu və bəzi ölkələrdə istirahətin insanlara həyatları bahasına başa gələcəyini sübut edib. Digər tərəfdən, Türkiyədə baş verən ardıcıl terror hücumları artıq qardaş ölkənin də turistlər üçün heç də təhlükəsiz olmadığını sübut etdi. Belə ki, terror hadisələri və bu zaman turistlərin hədəf olması ölkənin nüfuzuna vurulan ən böyük zərbə sayılır.
 
Politoloq, "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Yeni Müsavat”a danışarkən bildirdi ki, artıq terrorçular da taktikanı və strategiyanı dəyişirlər: "Əvvəllər belə bir üsul yox idi ki, terrorçular turistlərə hücum çəksin, çimərliklərdə turistləri qətlə yetirsinlər. Amma son 5 ildə biz görürük ki, bu hadisələrin sayı çoxalıb. Və ya Misirdə İŞİD terrorçuları və ya başqa terrorçular rus vətəndaşları ilə dolu olan təyyarəni ona görə vurdular ki, bu, Misirin turizminə ziyan gətirsin və həqiqətən ziyan də gətirdi. Bu təyyarənin vurulmasından sonra Rusiya və digər ölkələrə Misirə turist göndərmək məsələsində qırmızı işıq yandırdılar. Bu da Misirin turizmdən əldə edilən gəlirlərinə çox mənfi təsir etdi. Misirin əsas gəlir mənbələrindən biri də məhz turizmdir. Şimali Afrika ölkələrində olduğu kimi Misirə heç böyük turist axını da yox idi. Lakin gələnlər də artıq bundan imtina etdi və Misirin turizm gəlirləri azaldı”.
 
E.Şahinoğlu turizm ölkələrinin təhlükəsizlik məsələsinin də insanlar üçün önəmli olduğunu vurğuladı: "İnsanlar hansısa bir ölkəyə gedərkən, dincəlmək məsələsini hədəf qoyarkən, artıq onu da fikirləşirlər ki, orada vəziyyət nə dərəcədə sabitdir. Həmin ölkənin ətrafında terrorçular varmı? Artıq istirahətə getmək istəyən və ölkə seçmək istəyən insan bu amilləri də diqqətə almaq məcburiyyətindədir. İnsanlar turist kimi artıq o ölkələrə gedirlər ki, orada heç bir təhlükə olmasın. Çox təəssüf ki, Türkiyədə də müəyyən problemlər yaşanır. Düzdür, Türkiyənin Aralıq dənizi sahilində, Qara dəniz sahilində hələ ki elə bir hadisə baş verməyib. Amma Türkiyənin özündə baş verən son terror aksiyaları müəyyən qədər Avropadan gələn turistləri də düşünməyə məcbur edə bilər. Ancaq hər halda, düşünürəm ki, Rusiyanı çıxmaq şərtilə, turist axını azalmayacaq".
 
Turizm sahəsi üzrə ekspert Çingiz İsmayılov isə siyasi problemlərin son nəticədə turizmə də zərbə vurduğunu bildirdi: "Türkiyədə və Fil Dişi Sahilində baş verənlər birbaşa olaraq turizmə qarşı yönəlməyib. Sadəcə, Rusiya Türkiyəyə qarşı həm də iqtisadi alətlərlə mübarizə aparmağa çalışır. Bu məhz həmin siyasətin bir hissəsidir. Rusiyanın ilk addımı o idi ki, Türkiyə ilə vizanı kəsdi. Ancaq Türkiyə öz tərəfindən açıq saxlayıb. Çünki fikirləşir ki, ruslar turizm məqsədilə gələ bilər. Lakin rus vətəndaşlar da başa düşürlər ki, Rusiyadan birbaşa Türkiyəyə getmək alqışlanan deyil”.
 
Ç.İsmayılovun fikrincə, ruslar müxtəlif yollarla, Ukrayna, Belarus vasitəsilə Türkiyəyə gedəcəklər: "Türkiyədən imtina etmək mümkün deyil. Çünki ən ucuz və ən keyfiyyətli xidmət ordadır. Məsələn, Fil Dişi Sahili, Cənub Şərqi Asiya ölkələri, Afrika ölkələri Türkiyədən daha uzaqdır, orada xərclər daha çoxdur, Türkiyədən daha bahadır. Xidmət Türkiyədə daha yüksəkdir, rəqabətə davamlıdır. Ona görə də Qazaxıstan, Ukrayna, Belarus vasitəsilə ruslar gedəcəklər. Qaynar nöqtələrdən uzaqlaşdıqca təhlükə azalır. Ən təhlükəsiz yer hazırda Havay adalarıdır. Yaxın Şərqdə hazırda gərginlik var. Suriya, onun ətrafındakı problemlər, Cənubi Avropada, Balkan adalarında gərginlik hökm sürür. Təbii ki, Yunanıstana da turist axını azalacaq. Yəni qaynar yerlərdən uzaqlaşdıqca, təhlükə azalır. Potensial turist isə öz təhlükəsizliyini təmin etmək və sakit istirahət etmək istəyir. Bu səbəbdən təhlükəsizlik məsələsi önəmlidir".
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook