Turizm Agentliyində qalmaqal davam edir - Daha bir vəzifəli şəxs işdən çıxarıldı

Mart 06
16:49
2025
Dövlət Turizm Agentliyində daha bir vəzifəli şəxs işdən çıxarılıb.
Qlobal.az-ın "modern.az"-a istinadən verdiyi məlumata görə, Agentliyin turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov vəzifəsindən uzaqlaşdırılıb.
Bildirilir ki, sözügedən şöbə müdiri də Agentlikdə baş verən son qalmaqal fonunda işini itirib. Belə ki, Prezident İlham Əliyev Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə şiddətli töhmət elan edib. Ona işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət verilib.
"Dövlət Turizm Agentliyində Fuad Nağıyevin ətrafı davamlı şəkildə xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar", - iddialarda deyilir.
İddiaların yayılmasından sonra Agentliyin Aparat rəhbəri, əvvəllər "Transparency International”da çalışan Kənan Qasımov vəzifədən uzaqlaşdırılıb.
Qeyd edək ki, Agentliyin turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov da əvvəllər "Transparency International”da işləyib. O, "Milli Şəffaflıq Sisteminin qiymətləndirilməsi" layihəsinin koordinatoru kimi fəaliyyət göstərib.