Tural Abbaslı Arif Hacılıya səsləndi - "BİR DƏ MİTİNQ KEÇİRMƏYİN"
Oktyabr 27
08:41
2015
Xəbər verdiyimiz kimi, Müsavat Partiyası ayın 25-də Yasamal rayonunda yerləşən Məhsul stadionunda mitinq keçirib.
Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya Müsavatın eks-başqanı İsa Qəmbərin Yasamal seçiciləri ilə görüşü kimi dəyərləndirilib.
Baş tutan mitinq Müsavat Partiyası tarixində bu günə qədər təşkil olunmuş ən zəif tədbir oldu. Belə ki, şəhərin mərkəzinə yaxın, avtobus, metro, dayanacaqlarının yanında olan Məhsul stadionunda cəmi 200-300 şəxs toplaşmışdı.
Qlobalinfo.az hafta.az-a istinadən xəbər verir ki, Müsavat Partiyasının üzvü, "Ağ Blok” lideri Tural Abbaslı partiyanın uğursuzluğunda hazırkı başqan Arif Hacılını günahkar hesab edib:
"Bildiyiniz kimi, mən Nəsimi rayonu 21-ci dairədən deputatlığa namizədəm. Həmin gün tərəfdarlarımla birgə seçicilərlə görüş keçirib, evlərə 2 mindən çox broşur payladıq. Mitinqə gəldikdə isə mətbuatdan, sosial şəbəkələrdən tutduğum xəbərdə gördüm ki, aksiya Müsavat Partiyasına yaraşmayan bir tərzdə keçirilib. Bütün bunların səbəbkarı hazırkı başan Arif Hacılıdır. Onun rəhbərliyi dönəmində partiya 2 aksiya keçirib, bu mitinqlərdə çox az sayda adam iştirak edib.
Arif Hacılı partiyanın avtoritar formada idarə edir. Son bir ildə partiya üçün böyük işlər görmüş çoxlu sayda müsavatçı qurumdan xaric olunub. Arıf Hacılının bu addımları nəinki xalq arasında, həttə sadə partiya üzvləri sırasında da Müsavata inamı sarsıdıb. Bunun nəticəsidir ki, partiya dünən keçirdiyi mitinqdə 200-300 adam toplayıb. Baş verənlər idarəçiliyin səhvidir, burada hansısa müsavatçının, rayon təşkilatının səhvi yoxdur. Arif Hacılı və tərəfdarları bildirirlər ki, siyasi aktivlik, insanların seçkiyə, mitinqlərə marağı əvvəlki kimi deyil. Belədirsə, onlar niyə mitinq edirlər? 10 gün öncədən məlumat yayırlar ki, Məhsul stadionunda mitinq olacaq. Amma 200-300 adam toplayırlar. Belədirsə, Arif Hacılı bir də belə mitinq təşkil etməsin, qapalı zalda iclas keçirsin.
Otursunlar yanlışlarını araşdırsınlar. Niyə müsavatçılar və sıravi insanlar prosesdən kənar qalıblar? Bunu düşünsünlər. Arif Hacılı bəyanat yayıb ki, bizim seçkilərdə iştirak etməkdə məqsədimiz mandat almaq deyil.
Hər bir siyasi partiyanın məqsədi iqtidar olmaq, parlamentdə təmsil olunmaqdır. Arif Hacılı bu bəyanatı ilə etiraf etdi ki, partiya seçkiyə imitasiya üçün qatılıb”.
Müsavat Partiyasında xaric olunan İsmayıl Kəsəməmli də qurumun dünənki mitinqinə sərt münasibət bildirib. O, mitinqi fiasko adlandırıb:
"Tam fiasko və yaxud da Müsavat rəhbərliyini zəbt etmiş bandanın biabırçılığı.
Bir vaxtlar on minlərlə insanı meydanlara çıxaran yüzilliyin partiyası dünən 200-300 nəfərlə mitinq keçirtdi. İnsan nə qədər həyasız, qırmızı olar ki, Azərbaycan xalqının artıq onlara inanmadığını etiraf etməsin.
Nə qədər gec deyil, istefa verin, yeni, intellektli nəsil gəlsin cənablar”.



