SON XƏBƏR

Tramp qələbəyə doğru addımlayır, dünya təlaş içində...

May 12
01:34 2016
Amerikada prezident seçkilərində son vəziyyət "müsəlman düşməni”nin xeyrinədir 

Amerika Birləşmiş Ştatlarında noyabr ayındakı prezident seçkilərində iştirak edəcək namizədlərin müəyyənləşməsi üçün önseçim həyəcanı isə davam edir. Musavat.com "Euronews”a istinadən xəbər verir ki, demokratlar cəbhəsindən olan Vermont senatoru Berni Sanders Qərbi Virciniyada favorit namizəd olan keçmiş xairici işlər naziri Hilari Klintonu geridə qoyub. 

Sanderes öz çıxışında cümhuriyyətçilərin mümkün prezidentliyə namizədi Donald Trampı hədəf alıb:"Filadelfiyada yığışacaq nümayəndələrə mesajımız budur. Klintonla bir neçə məsələdə fikir ayrılıqlarımız olsa da, bir nöqtədə həmfikirik. O da Donald Trampa qalib gəlməyimizin vacib olmasıdır”. 

Respublikaçılar Partiyasının rəqibsiz namizədi  - milyarder iş adamı Tramp Qərbi Virciniya və Nebraskada qalib gələrək nümayəndə sayını artırıb. Öz partiyası daxilində isə Tramp tərəfdarları və əleyhdarları iki qrupa bölünüb. 
Partiyanın "ağır topları”, Trampın namizədliyinə dəstək verib-verməmək məsələsində hələ də qərarsızdırlar. 

Partiyada bəzi şəxslərin isə Trampa etiraz əlaməti olaraq demokratların potensial namizədi xanım Klintona dəstək verəcəyi bildirilir. 

İki gün öncə isə D.Tramp Rusiya prezidenti Vladimir Putini tərifləyib.
 
O, Vaşinqton ştatının Spokan şəhərində çıxış edərkən onu xoşlayan adamlara hörməti olduğunu deyib və buna misal kimi Putini də göstərib: "Məni xoşlayan adamlara hörmətim var. Hətta Putinə. Putin deyib ki, Tramp qəhrəmandır və o ABŞ-ın növbəti lideri olacaq”
Amma Trampın partiyadakı həmkarları bu məsələdə onunla razı deyillər.

Trampın sözlərinə görə, respublikaçılar ona Putin haqqında dediklərini geri götürməyi məsləhət görüblər, amma o bunu etməyəcək.

Bundan başqa, D.Tramp daha əvvəl müsəlmanlara ABŞ-a girişi qadağan etməklə bağlı təklif irəli sürməsinə baxmayaraq, Londonun yeni meri Sadiq Xana görə istisnalar etməyə hazır olduğunu bildirib. Buna səbəb Pakistan mənşəli britaniyalı Sadiq Xanın "Trampın prezident seçiləcəyi təqdirdə, qorxuram dinimə görə ABŞ-a səfər edə bilməyim" sözləri olub. 
 
Xatırladaq ki, D.Tramp müsəlmanlara ABŞ-a girişi qadağan etməklə bağlı təklifi 2015-ci ilin noyabrında, Parisdə təxminən 130 nəfərin ölümünə səbəb olan terror hücumlarından sonra irəli sürmüşdü. O zaman bu fikir bir sıra xarici liderlər, həm ABŞ-da, həm də ondan kənarda müsəlman icmalarının kəskin narazılığına səbəb olmuşdu. D.Tramp isə sözlərindən geri çəkilməyərək, bu cür tədbirlərin milli təhlükəsizliyin təmin olunması üçün lazım olduğunu qeyd etmişdi.

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook