Tramp Meksikanı hədələdi: O insanları dayandırmasan...
Aprel 02
00:18
2018
ABŞ prezidenti Donald Tramp Meksikadan narkotik və qeyri-leqal miqrant axınını dayandırmaq üçün tədbirlər görməyi tələb edib, əks halda Şimali Amerika Azad Ticarət Zonası haqqında sazişin (NAFTA) sona çatacağını bəyan edib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, D. Tramp "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Meksika qeyri-qanuni miqrantların öncə cənub sərhədlərindən bu ölkəyə daxil olmasının, daha sonra isə ABŞ-a keçməsinin qarşısını almaq üçün çox az iş görür, yaxud heç bir iş görmür.
D. Tramp Meksikanın ABŞ-ın "axmaq miqrasiya qanunvericiliyi"nə güldüyünü vurğulayıb: "Meksika bu böyük narkotik və qeyri-qanuni miqrant axınının qarşısını almalıdır. Ya da mən NAFTA-ya son qoyacam. Divar hörmək lazımdır!".
Qeyd edək ki, Kanada, ABŞ və Meksika Şimali Amerika Azad Ticarət Zonası haqqında saziş 1992-ci ildə imzalanıb və 1994-cü ildə qüvvəyə minib.