"TikTok" Qərb üçün başağrısına çevrilir - ABŞ və Avropa hərəkətə keçir...
Dekabr 12
11:37
2024
Politoloq Elxan Şahinoğlu Çinin "TikTok" sosial şəbəkəsinin qlobal siyasətdə Qərbin rəqiblərinin əlində əsas alətlərdən birinə çevrildiyini, Birləşmiş Ştatların və Avropa İttifaqının ona qarşı mübarizəsindən yazıb.
"AzPolitika" məqaləni oxuculara təqdim edir: "ABŞ və Avropa İttifaqının "TikTok" platformasıyla mübarizəsi 2025-ci ildə də davam edəcək. Platformanın 2025-ci ilin əvvəlindən ABŞ-da qadağan edilməsini və ya satılmasını nəzərdə tutan qanun gündəmdədir. "BBC” xəbər verir ki, sosial media şirkəti federal apellyasiya məhkəməsinin qanunun Konstitusiyaya zidd olması ilə bağlı arqumenti ilə razılaşacağına ümid edirdi, çünki bu, 170 milyon ABŞ istifadəçisinin söz azadlığına təsir göstərir. Ancaq məhkəmə fərqli qərar verib.
"TikTok" rəhbərliyi bundan sonra mübarizəni ölkənin ən yüksək hüquqi orqanı olan ABŞ Ali Məhkəməsinə aparacağını bildirib. ABŞ "TikTok"-un satılmasını və ya qadağan edilməsini istəyir, çünki onun sahiblərinin Çin dövləti ilə əlaqəsi var. "TikTok" rəhbərliyi isə hər zaman bu iddianı təkzib edir. ABŞ Konqresində Çin əleyhinə əhval-ruhiyyə çox güclü olduğuna görə, hər iki partiya rəhbərliyinin "TikTok"-un ABŞ bazarında məhdudlaşdırılmasına dair fikir birliyi mövcuddur.
Avropa dövlətlərində də "TikTok" platformasından narazılıq var. Brüssel hesab edir ki, Rusiya və Çin bu platformadan istifadə edərək müxtəlif ölkələrdəki seçkilərə təsir edir. Misal üçün Rumıniyada Prezident seçkisinin birinci turunda heç kimin gözləmədiyi halda, soğrularda sonuncu sıralarda olan populist bir siyasətçi qalib gəldi. Bunun səbəbləri araşdırıldıqda sosial platformalar üzərindən həmin namizədə kənardan dəstəyin artdığı aydınlaşdı. Həmişə olduğu kimi Rusiyanın adı çəkildi. Çünki Rumıniyanın həmin populist namizədi Rusiyanın siyasətini dəstəkləyir. Rumıniya Konstitusiya Məhkəməsi araşdırmaların nəticəsi olaraq Prezident seçkilərinin birinci turunun nəticələrini ləğv etdi.