Təyyarə qəzasında həlak olan 24 nəfərin nəşi Bakıya gətirildi

Dekabr 29
02:42
2024
AZAL-ın "Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 24 azərbaycanlının (3 ekipaj üzvü və 21 sərnişin) cənazəsi Qazaxıstandan Bakıya gətirilib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.
Qlobal.az "Report”a istinadən xəbər verir ki, cənazələri daşıyan təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.
Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır.