Təşkilat sədri: “”Leş Tofiq"in yeri boş qalmayacaq"
Oktyabr 01
10:16
2019
Eyyub Hüseynov AQTA-nı murdar ət alan restoranların və sahibkarların adlarını açıqlamağa çağırdı
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin "Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanovun mütəşəkkil dəstəsini ifşa etməsindən 20 gün ötür. Bu müddət ərzində "Leş Tofiq”dən qidaya yararsız, ölmüş iri buynuzlu mal və at ətlərini alan şəxslər haqda məlumatlar ictimaiyyətə açıqlanmır. Bilinmir ki, 100 tonlarla murdar ətləri hansı ünvanlarda vətəndaşlara qida olaraq, xammal kimi satıblar. Bu cür məlumatlar açıqlanmasa, "Leş Tofiq”in ifşası bu sahədə əhəmiyyətli dəyişikliyə gətirib çıxara bilərmi? Ölkədə murdar ət satışı təkcə "Leş Tofiq”in müəssisəsi ilə məhdudlaşıb?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Yeni Müsavat”a deyib ki, "Leş Tofiq”in ifşası təqdirəlayiqdir. Amma "leş mafiyası”na qarşı mübarizə təkcə bu həbslə məhdudlaşmamalıdır: "Leş Tofiq”in ifşasından sonra məlum oldu ki, Xaçmazda at-eşşək ətini satış üçün hazırlayanlar var. "Leş Tofiq”dən soruşan yoxdur ki, axı sən bir belə şəbəkəni necə yaratmısan? Səni niyə görən, fəaliyyətindən xəbər tutan olmayıb?
20 ildir murdar ətləri, at-eşşək ətlərini hansı şəbəkələrə satırdın?
AİB sədri deyir ki, murdar ətlərin piştaxtalara yol açması bazar qanunlarına uyğundur: "Bazarda tələb varsa, təklif meydana çıxacaq. ”Leş Tofiq"i saxlayıblar, indi ondan soruşmalıdırlar - 20 ildir murdar ətləri, at-eşşək ətlərini hansı şəbəkələrə satırdın? Bu çox vacib sualdır və cavabı da geniş ictimaiyyətə açıqlanmalıdır. Yəni "Leş Tofiq” olmasa da, tələbi ödəmək üçün digərləri meydana çıxacaq. Ona görə də "Leş Tofiq”dən tonlarla murdar əti alanlar da ifşa olunmalı, adları, soyadları, həmin ətləri xalqa harada yedirtdikləri açıqlanmalıdır. Hər kəs murdar ət alıb satanları da tanımalıdır, kimliklərini bilməlidir".
Eyyub Hüseynov
"Bu cür tələbkarlıq olmayacaqsa, ”leş tofiqlər" yaranacaq"
"Araşdırmaqla böyük bir şəbəkəni üzə çıxarmaq olar”
Eyyub Hüseynov deyir ki, "Leş Tofiq”dən tonlarla murdar ət almış şirkətlər, iş adamları, vəzifə sahiblərini müəyyən etmək elə də çətin deyil: ""Leş Tofiqin əlaqələrini yoxlamaq, üzə çıxarmaq elə də çətin deyil. O, tonlarla murdar əti təkbaşına bazara çıxarmayıb ki? Onun işçiləri olub, mal alanların siyahıları olan dəftər-kitabları olub. Əlindəki telefondan murdar ət alan şəxslərin nömrələri götürüb araşdırılmaqla böyük bir şəbəkəni üzə çıxarmaq olar”.
İddia: "AQTA ”Leş Tofiq"in müəssisəsinə xüsusi icazə verib"
Eyyub Hüseynov Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "Leş Tofiq”in müəssisəsinə xüsusi icazə verdiyini də açıqladı: ""Leş Tofiq”in müəssisəsini AQTA reyestrə daxil edib. Müəssisəyə icazə verilib ki, qida zəncirində iştirak etsin. İstehsalçıdan tutmuş malı daşıyanlar, saxlayanlar reyestrdə qeydə alınmalıdırlar. AQTA-nın nə qədər effektiv əsasnaməsi olsa belə, qidaların təhlükəsizliyini təmin edə bilmir. Halbuki AQTA-ya qidaların təhlükəsizliyini təmin edə bilməsi üçün bütün səlahiyyətlər verilib".
Eyyub Hüseynov deyir ki, AQTA-nın qəbul etdiyi qərarlar ictimaiyyətdən gizlin saxlanılır: "”Yorğanaltı" qərarlar verirlər. Bu da son nəticədə insanlarda inamsızlıq yaradır. AQTA insanlar qida məhsullarının təhlüksiz olmasına inandırmalıdır. AQTA rəsmiləri bu haqda çox ciddi düşünməlidirlər. "Leş Tofiq”dən 1 dəfəyə 40 ton ət tutublarsa, bu o deməkdir ki, o, 100 tonlarla belə ət realizə edib. DİN əməkdaşları əməliyyat keçirib dəstəni ifşa ediblər. Bundan sonrakı prosesdə AQTA susmamalı, həmin 100 tonlarla ətlərin hansı restoran şəbəkələrinə, dönərxanalara, uşaq baxçalarına və digər ünvanlara verildiyini açıqlamalıdır".
Xatırladaq ki, DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin sentyabrın 12-də keçirdiyi əməliyyat Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə baş tutub. Əməliyyat zamanı məlum olub ki, əvvəllər məhkum olunmuş "Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində ət tədarükü məntəqəsi yaradaraq qanuni fəaliyyət göstərən heyvan kəsimi sexi görüntüsü altında pərdələnərək cinayətkar şəbəkə yaradıb. Dəstə üzvlərinə məxsus Güzdək qəsəbəsində, Sabirabad rayonunun Xəlfəli kəndində, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən sex, anbar və gizli saxlanan yerlərə baxış keçirilərkən 40 tona yaxın qidaya yararsız, mənşəyi məlum olmayan mal və at əti aşkar olunub. Faktla bağlı Baş İdarədə cinayət işi başlanaraq mütəşəkkil cinayətkar dəstəyə daxil olan 8 nəfər həbs edilib. Bu cinayətkar şəbəkə ilə əlbir olan şəxsiyyəti hələ ki müəyyən edilməyən digər şəxslərin də saxlanılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlər davam etdirilir.